Meksikada Aeromexico Hava Yolları Şirkətinə məxsus “Embraer 190” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.
Musavat.com-un məlumatına görə, bu barədə Aeromexico şirkəti tvitter vasitəsilə açıqlama yayıb. Açıqlamada bildirilir ki, Duranqo əyalətinin Quadalupe Viktoriya aeroportundan Mexiko şəhərinə getmək üçün havaya qalxan Aeromexico Hava Yolları Şirkətinə məxsus təyyarə 5 dəqiqə sonra yerə çırpılıb. Ölü və yaralılar barədə məlumat verilməyib. Açıqlamada həmçinin qeyd olunub ki, qəzanın baş verməsi ilə bağlı detallar araşdırılır.
Hava yolları şirkəti təyyarədə 80 nəfərin olduğunu qeyd edib. Yerli mətbuatda isə təyyarədə 101 nəfərin olduğu bildirilib. Onlardan 97 nəfəri sərnişin, 4 nəfəri isə aviaşirkət işçiləridir.
***
Duranqo əyalətinin mülki müdafiə sözçüsü bildirib ki, içində 101 nəfərin olduğu təyyarənin qəzaya uğraması nəticəsində 80 nəfər yaralanıb, xoşbəxtlikdən ölən olmayıb. Əyalətin qubernatoru da açıqlamasında can itkisinin olmadığını vurğulayıb.
Təyyarə havaya qalxdığı vaxt bölgədə dolu fırtınasının olduğu qeyd edilir, ilkin versiyaya görə, qəza məhz bu səbəbdən baş verib.
Musavat.com