Abşeron rayonu Saray qəsəbəsi yeni məhəllədə yaşayan, əslən Gürcüstandan olan Ağaməmmədova Suman Qurban qızı redaksiyamıza gələrək şikayətlənib.

Qeyd edib ki, bu ilin iyun ayında xəstəxanada olarkən qonşusu onun həyətindən oğluna məxsus velosipedi aparıb: “Oğlum Dieqo ağır talassemiya xəstəsidir. Bu il Gürcüstanda yaşayan atası təxminən 800 dollara velosiped alaraq göndərmişdi. İyunun 13-də mən xəstəxanada olarkən Elşən adlı qonşum icazə almadan, xəstə qızım Barixaşvili Kerini aldadaraq həmin velosipedi aparıb. Bunun eşidəndə çox narahat oldum. Xəstəxanadan gəlib qonşudan oğlumun velosipedini geri qaytarılmasını istədim. Mənə dedilər ki, Elşən rayona gedib. 3 gün Elşənin gələcəyini və velosipedi geri qaytaracağını gözlədik. Lakin heç bir xəbər çıxmadıqda yenidən onlara getdim. Həyətə girib yenidən velosipedi tələb etmək istədikdə Elşənin Günel adlı bacısı mənə bir sillə vurdu, təhqir etməyə başladı. İşi belə görüb DİN-nin 102- xidmətinə zəng vurdum. Mənə bildirdilər ki, evə gedib, gəlib məsələ ilə bağlı maraqlanacaqlar. Bir qədər keçməmiş Elşən və qardaşı Səxavət evimizə gələrək məni hədələməyə başladılar ki, niyə polisə xəbər vermişəm?! Hədələməklə qalmayıb, hər ikisi məni uşaqların və qonşuların gözü önündə döydülər.
Məsələ ilə bağlı ərazi polis bölməsinə müraciət etdim. Lakin bu günə qədər heç bir nəticə yoxdur”.
Şikayətçi iddia edir ki, faktlar qarşı tərəfin xeyrinə dəyişdirilərək, qeyri obyektiv qərar çıxarılıb.

Gürcü qadın məsələyə obyektiv baxılması üçün aidiyyəti orqanlardan köməklik istəyib: “Həyat yoldaşım Gürcüstanda yaşayır, çətinliklə pul qazanıb ailəmizi dolandırmağa çalışır. 12 yaşlı oğlum Dieqo Barixaşvili anadangəlmə ağır talassemiya xəstəsidir. Bir övladım autizm xəstəsi, qızımın isə gözləri görmür. Ümumilikdə 4 övlad anasıyam, heç bir yerdə işləmir, xəstə uşaqlarıma baxıram. Oğlum Dieqonun vəziyyəti yaxşı olmadığı üçün atası onu sevindirməyi düşünüb, həmin velosipedi ona hədiyyə etmişdi. Bizim istəyimiz yalnız həmin velosipedin geri qaytarılmasıdır. Əvəzində isə hüquqlarmız pozuldu, mən də dəfələrlə döyüldüm.

Aidiyyəti qurumlardan xahiş edirəm, məsələnin haqq-ədalətlə, obyektiv, qərəzsiz araşdırılması üçün bizə köməklik edilsin”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mövqeyini öyrənməyə çalışdıq. Qurumun mətbuat xidmətinin rəisi Ehsan Zahidov qeyd etdi ki, əgər vətəndaş hər hansısa məsələdə polis məmurundan şikayətçi olarsa, rəsmi qaydada DİN-ə və yaxud DİN-nin 102 xidmətinə müraciət etməlidir.
Olayda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Musavat.com