İyun ayı ərzində ayı ərzində 16 nəfər günvurma ilə əlaqədar Bakı Şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasına müraciət edib.

Bu barədə Lent.az-a məlumat verən stansiyanın baş həkimi Rauf Nağıyev dedi ki, onlardan 12-si kişi, 4-ü qadın olub. Müraciət edən şəxslərdən 14 -nə ilkin yardım göstərilib, 2 nəfər isə xəstəxanaya yerləşdirilib: “Günvurma ilə bağlı müraciətlər arasında iki nəfər 10-13 yaşlarında uşaq da olub. Bildirmək istəyirəm ki, uşaqlar, xəstə insanlar, yaşlı insanlar xüsusilə qorunmalıdır. Onlarda orqanizm daha həssas olduğu üçün ağırlaşma halı tez qeydə alına bilər”.

R.Nağıyev deyib ki, günvurma halı ilə qarşılaşmamaq üçün günün qızmar saatlarında, saat 11-dən 17-dək günəş altına çıxmaq olmaz: “Bu cür havalarda daha çox sərinləşdirici içkilər qəbul etmək lazımdır. Həmçinin təbii materiallardan və açq rəngli geyimlərdən istifadə etmək məqsədəuyğundur. Kalorili yeməklərdən qaçınmaq, daha çox tərəvəzli yeməklərə üstünlük vermək lazımdır”.

Günvurma halı ilə rastlaşan şəxsi mütləq kölgəyə, sərin otağa gətirmək lazımdır: “Günvurma zamanı ilkin tibbi yardım kimi zərərçəkəni kölgəyə və sərin otağa aparmaq, geyimini yüngülləşdirmək lazımdır. Bundan əlavə, onun bədən hərarətini aşağı salmaq üçün üzərinə su çiləyin. Zərərçəkənə soyuq su verin, üzünü və sinəsini soyuq su ilə silin. Alnına, boynunun yan tərəflərinə, sinəsinə, dizaltına, qoltuqaltı və qasıq nahiyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompres qoyun. Bundan sonra mütləq təcili tibbi yardıma müraciət etmək lazımdır”.