Keçən ilin sonunda Rusiya əks kəşfiyyatı Moskvada keçmiş sərhədçi, hazırda təqaüddə olan Frude Berq adlı norveçlini həbs edib. O, casusluqda ittiham edilir.
Rusiya xüsusi orqanlarının yaydığı məlumata əsasən, Trude Berq 2015-ci ildən Norveç kəşfiyyatının məlumat aldığı adama konvertlə pul ötürürmüş.
Norveçlilər əsasən Rusiyanın Uzaq Şimaldakı atom sualtı qayıqları ilə maraqlanırmış. Həbs olunan zaman Berqin üstündə 3 min dollar pul olub.
Musavat.com xəbər verir ki, bununla bağlı məlumat “The Atlantic” jurnalının yazarı Reyd Stendişin məqaləsində yer alıb. Berqin vəkili Byunyulf Risnes onun pul aldığını gizlətməyib, lakin müvəkkilinin əməliyyatın miqyasından xəbəri olmadığını söyləyib.
Trude Berq Norveçin kiçik, 2,5 minlik Kirkenes şəhərindəndir. Bu şəhər Norveç və Rusiya arasındakı sərhəddə yerləşir. Berqin özü sərhədin o tayında, yəni Rusiyada pulsuz qidalandırma proqramı ilə bağlı könüllü olaraq fəaliyyət göstərib, müxtəlif festivalların, idman tədbirlərinin hazırlanmasında iştirak edib. Vəkil B.Rismesə görə, Berqin bu fəallığı Norveç kəşfiyyatının diqqətini cəlb edib.
Məqalədə Frude Berqin Norveç kəşfiyyatının xidmətindən istifadə etdiyi yeganə adam olmadığı vurğulanır.
Müəllifin fikrincə, Norveçin bu cür fəaliyyəti sıxlaşdırmaqda özünə görə haqlı səbəbləri olub.
“Rusiya son dövrdə heç bir xəbərdarlıq etmədən, Norveç hüdudları yaxınlığında hərbi təlimlər keçirir, Şimal Şərqi Norveçin radiolokasiya məntəqələrinə simulyativ hücum edir, bundan başqa, sualtı qayıqlarla Norveçin rəqəmsal sualtı kabellərini zədələməklə hədələyir.
Rusiyanın Antarktida qitəsindəki fəallığı Norveç üçün əlavə başağrısına çevrilib. Üsətlik, Kreml özünün şimal sərhədrləri boyunca yeni hərbi bazalar açıb, sovet dövründəki köhnə hərbi obyektləri yenidən təmir edib. Norveç müdafiə naziri Bakke Yensenin sözlərinə görə, Rusiyanın hərəkətləri yalnız rəsmi Osloya deyil, bütövlükdə NATO-ya qarşıdır. Burada Norveç Alyansın şimal cəbhə xəttində birinci hədəfə çevrilib.
Kirkenesin özündə isə həyat adi axarı ilə davam edir. Norveçlilər ucuz benzin üçün Rusiyanı, ruslar isə Moskvanın sanksiya qoyduğu qızıl balıq, fransız pendiri, fin süd məhsullarını almaq üçün Norveç sərhəddini keçirlər. Lakin Berq hadisəsindən sonra və artmaqda olan geopolitik gərginlik artıq şəhər əhalisinin gündəlik həyatına da sirayət edib.
“İnsanlar qoxmağa başlayıblar. Qorxan adam isə həmişə səyahət zamanı özünü daha diqqətli və ehtiyatlı aparır”, – Kirkenesdəki “Independent Barents Observer” qəzetinin baş redaktoru Tomas Nilsen bildirir.
Nilsenin özü Rusiyanın hərbi manevrlərini sərt şəkildə tənqid etdiyi üçün Moskva tərəfindən giriş qadağası sanksiyasına məruz qalıb.
“Bəlkə də bu, hələ soyuq müharibə deyil. Lakin artan inamsızlıq və nümayişkaranə şəkildə keçirilən hərbi manevrlər məsələnin ona doğru getdiyini göstərir”, – Nilsen qeyd edir.
Musavat.com