Düşmənə sanballı güc nümayişi olacaq paradda bütün növlərdən yeni silahlar nümayiş olunacaq; “Türk şahinləri” səmamızda süzəcəklər…
Azərbaycan Ordusunun yaradılmasının 100 illiyi ilə bağlı iyunun 26-da Azadlıq meydanında hərbi parad keçirilməsi planlaşdırılır. Bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb. Məlumatda qeyd olunur ki, ötən ilin analoji dövrü ilə müqayisədə ixrac olunan məhsulların həcmi iki dəfə artıb. MSN müəssisələrində müdafiə təyinatlı məhsulların çeşidləri 1200 növə çatdırılıb: “Müdafiə Sənayesi Nazirliyinin yeni texnikaları iyunun 26-da Bakıda keçiriləcək Azərbaycan Ordusunun yaradılmasının 100 illik yubileyinə həsr olunmuş hərbi paradda da nümayiş olunacaq”.
Azərbaycan tarixində ilk parad keçirilməsi 1918-ci ildə Bakıda Qafqaz İslam Ordusunun zəfər yürüşünə təsadüf edir. Bakını erməni daşnakları və kommunistlərin işğalından azad etmiş Qafqaz İslam Ordusu indiki İstiqlaliyyət küçəsi ilə zəfər yürüşü keçirib. 1920-ci ilin 28 aprelində Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal olunandan sonra hərbi paradın məzmunu dəyib. Belə ki, sovet Azərbaycanında paradlar adətən 1 Mayda – Zəhmətkeşlərin Həmrəylik Günü olunub.
Azərbaycanın müasir hərbi parad tarixinə gəlincə, mərhum prezident Heydər Əliyevin 1998-ci il 22 may tarixli fərmanı ilə AXC hökumətinin ilk hərbi hissəni təsis etdiyi tarix – 26 iyun hər il Azərbaycan Silahlı Qüvvələri Günü kimi qeyd olunur.
Yuxarıda qeyd etdiyimiz kimi bu il də Azərbaycanda hərbi paradın keçirilməsi planlaşdırılır. Hərbi paradlar eyni zamanda güc nümayişi, düşmənə verilən sətiraltı mesaj kimi də xarakterizə olunur.