Dəqiqləşdirilmiş məlumata əsasən, Kubada qəzaya uğrayan təyyarənin göyərtəsində 105 nəfər olub
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Kubanın “Granma” qəzeti xəbər verib.
Sərnişinlər arasında əcnəbilərin və 5 uşağın olduğu bildirilir. Qəza nəticəsində sağ qalan üç nəfərdən 1-i xəstəxanada dünyasını dəyişib.
Qəzanın səbəbləri və ölənlərin sayı barədə hələ ki, rəsmi məlumat verilmir.
Kubanın nəqliyyat nazirliyində təyyarənin qəzaya uğraması səbəblərinin araşdırılması üzrə xüsusi komissiya yaradılıb.
Qeyd edək ki, ötən axşam “Cubana de Aviacion” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi Havana yaxınlığında qəzaya uğrayıb. Havana-Olqin marşrutu üzrə uçan layner havaya qalxdıqdan az sonra yerə çırpılıb və yanıb.
***
Kubanın paytaxtı Havanada qəzaya uğrayan təyyarənin göyərtəsində ekipaj üzvləri daxil olmaqla 113 nəfər olub.
APA-nın REN TV-yə istinadən verdiyi xəbərə görə, təyyarə havaya qalxdıqdan sonra Xose Mari hava limanı yaxınlığında yerə çırpılıb və yanıb.
Yerli “Granma” qəzetinin xəbərinə görə, hadisə nəticəsində 3 nəfər sağ qalıb. Onların xəstəxanaya yerləşdirildiyi, vəziyyətlərinin ağır olduğu bildirilir. Ölənlərin sayı barədə hələ ki, rəsmi məlumat verilmir.
***
Kubada “Cubana de Aviacion” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi qəzaya uğrayıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Havana-Olqin marşrutu üzrə uçan təyyarə havaya qalxdıqdan az sonra yerə düşüb.
Təyyarənin göyərtəsində 100-dək sərnişinin olduğu ehtimal edilir. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib.