Bu dəqiqələrdə Soçi şəhərində Avrasiya İttifaqının sammiti çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.

Virtualaz.org xəbər verir ki, görüşdə Rusiya tərəfdən Putinin mətbuat katibi Dmitri Peskov, prezidentin köməkçisi Yuri Uşakov, iqtisadi inkişaf naziri Maksim Oreşkin, maliyyə naziri Anton Siluanov, nəqliyyat naziri Maksim Sokolov, xarici işlər nazirinin müavini Aleksandr Pankin iştirak edir.

Erməni tərəfdən isə görüşə baş nazirin müavini Tiqran Avinyan, xarici işlər naziri Zöhrab Mnatsakanyan , digər rəsmilər qatılıb.

Görüşdə Rusiya prezidenti Ermənistanın yeni hökumətinin dövründə Moskva və Yerevan arasında münaisbətlərin əvvəlkindən daha yaxşı inkişaf edəcəyinə ümid etdiyi söyləyib: “Sizə hökumət başçısı vəzifəsində uğurlar arzulamaq istəyirəm. Ümid edirəm ki, münasibətlərimiz indiyə qədər olduğu kimi, sürətlə inkişaf edəcək. Rusiya Ermənistana regionda yaxın tərədaşı və müttəfiqi kimi baxır. Bura iqtisadi əməkdaşlıq və təhlükəsizlik məsələləri aiddir. Ümid edirəm ki, indiyə qədər Rusiya və Ermənistanın iqtisadi əməkdaşlıq sahəsində əldə etdiyi nəticələri qoruyub saxlamağa nail olacağıq”.

V. Putin qeyd edib ki, Moskva beynəlxalq miqyasda, o cümlədən Rusiya ilə Ermənistanın bir-birini dəstəklədiyi BMT-də Ermənistanla fəal işləməkdə davam edəcək.

Öz növbəsində N.Paşinyan qeyd edib ki, heç kim Yerevan və Moskva arasındakı münasibətləri şübhə altına qoymayacaq.

“Ermənistanın və Rusiyanın strateji əməkdaşlığı müzakirə mövzusu deyil”, – deyə o bildirib.

Paşinyan Rusiya və Ermənistan arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və Ermənistanda gərgin anlar yaşanarkən Rusiyanın tutduğu mövqeni yüksək qiymətləndirdiyini bildirib: “Biz daxili siyasi böhranımızın gedişatında Rusiyanın sərgilədiyi tarazlaşdırılmış mövqeyini çox yüksək qiymətləndiririk, çox konstruktiv mövqe idi. Və bu yalnız bizim hökumət tərəfindən yox, həm də cəmiyyət tərəfindən qiymətləndirilir”.