2018-ci ilin fevralında Rusiyanın sualtı qayıqlara qarşı istifadə olunan böyük “Marşal Şapoşnikov” gəmisində yanğın baş verib. Bu yaxınlarda Rusiya hərbi dəniz qüvvələri gəmidə ciddi təmir, hətta modernizasiya işlərinin aparılacağını bildirib.
Çinin populyar sina.com saytının verdiyi xəbərə görə, “Marşal Şapoşnikov”un təmirə getməsindən sonra Rusiyanın əlində “Besstraşnıy” esminesi səviyyəsində, nominal döyüş qabiliyətinə malik sadəcə 6 gəmi qalacaq.
Onlardan ən “canlı”sı “Smolensk” atom sualtı raket daşıyıcı kreyseri sayılır. Bu gəmi Rusiya HDQ-nin Şimal donanmasının tərkibinə daxildir. Bundan başqa, Rusiyanın Sakit okean donanmasına aid 3 gəmi, o cümlədən “Admiral Panteleyev” iri sualtı qayıqlar əleyhinə gəmisi mövcuddur. Şimal donanmasına aid qalan iki gəmi isə elə lövbərlərini suya endirmiş vəziyyətdə oturub, hər hansı bir manevrlərdə və təlimlərdə iştirak etmirlər.
Müəllif Li Çjenin yazdığına görə, “Besstraşnıy” esminesiylə müqayisədə qalan gəmilərin modernizasiyası olduqca aşağı səviyyədədir. 7 esmines gəmidən 3-ü təmirdədir. 2-si bazadadır, biri isə ümumiyyətlə pul olmadığı üçün təmiri mümkün deyil. Hazırda modernizasiyasından sonra işlək vəziyyətə salınacaq və “Pyotr Velikiy” atom kreyserinə mühafizəçilik edəcək yalnız bir gəmi qalıb.
Rusiyanın çox öyündüyü atom və raket kreyserlərində vəziyyət isə lap acınaqcaqlıdır. Hazırda Müdafiə Nazirliyi SSRİ dövründə istehsal edilən və 2020-ci ildə əsaslı təmirə gedəcək həmin “Pyotr Velikiy” kreyserindən başqa bu tip güclü hərbi dəniz maşınına malik deyil. Özü də təmir 3 il çəkməlidir.
Bundan başqa yaxın vaxtlarda Qara dəniz donanmasının flaqmanı sayılan “Moskva” raket kreyseri də əsaslı təmirə məruz qalacaq. Onun 2020-ci ildə döyüş sıralarına qayıdacağı söylənilir. Lakin “Marşal Ustinov” kreyserinin təmirinin 5 il çəkdiyi, dəfələrlə təxirə salındığı və Rusiyanın məlum reallıqları nəzərə alınsa deyilən vaxt elə də mümkün görünmür.
Beləliklə, əgər yanğın və ya digər gözlənilməyən bir hadisə baş verməsə Rusiya HDQ-nin malik olduğu gəmilərin sayı tarixi minimuma enəcək. Rusların formal olaraq cəmi 7 esminesi və 2 kreyseri olacaq. Gəmilərin döyüş növbəsinin ildə cəmi 60 gün olduğu nəzər alınsa həqiqi funksional fəaliyyətdə olan hərbi dəniz maşınlarının sayının daha da azalacağını proqnzolaşdırmaq çətin deyil.
Bu hələ son da deyil. 2018-ci ildə Rusiyannın əlindəki yeganə təyyarədaşıyıcı sayılan “Admiral Kuznetsov” da əsaslı təmirə gedəcək. Gəminin modernizasiya işlərinin azı 5 il sürəcəyi bildirilir. Bu isə Rusiya donanmasının döyüş qabiliyyyətinin olduqca azalacağını göstərir.
Yəni Rusiya donanmasındakı ümumi say olaraq 13 esmines, 4 kreyser və 1 aviadaşıyıcı yalnız kağız üzərində hansısa dövlətə təhdid törədə bilər.
Həmçinin Rusiya HDQ-nin bütün iri gəmilərinin hamısının SSRİ-nin mirası olduğunu yaddan çıxarmamaq lazımdır. Qırmızı imperiya dağıldıqdan sonra 20 il ərzində bu gəmilər özlərinin “gənc nəsillə” əvəzlənmələrini gözləyiblər. Lakin görünür, heç 20 il bundan sonra da Rusiya HDQ-də heç bir dəyişiklik olmayacaq.
Musavat.com