“İsrailin bu məsələni hərbi yolla həll etmək üçün gücü yoxdur”
“Yaxın Şərqdə İsrailin onillər boyunca qorxduğu hadisə başına gəlir. Belə ki, bölgə tezliklə yeni nüvə oyunçularıyla dola bilər. Özü də söhbət təkcə İrandan getmir”.
Israilin “Haaretz” qəzeti bölgədə yəhudi dövlətinin başının üzərində formalaşan təhlükələri təsvir edən məqalə yayımlayıb.
Müəllif Çak Freylix regiondakı müsəlman dövlətlərinin atom energetikasına marağının olduqca artdığına diqqət çəkərək yazır: “Artıq indidən Səudiyyə Ərəbistanı təkcə daxili ehtiyacları üçün öz neftinin dörddə bir hissəsindən istifadə edir. Əgər yaxın 20 il ərzində bu ölkə elektrik enerjisinin başqa qaynağını tapmasa, özü yanacaq idxalçısına çevrilə bilər. Bundan əlavə, Səudiyyə Ərəbistanının şimaldakı qonşusu, yəni İran qarşısında qorxuları gündən-günə artır. Bu isə onun çoxdan arzuladığı atom enerjisindən istifadəni gələcəkdə dinc məqsədlərdən kənara çıxarmasını istisna etməyəcək.
Səudiyyə Ərəbistanının ABŞ-ın ölkədə atom elektrik stansiyalarının reaktorlarının qurulması ilə bağlı şərtlərilə razılaşmaması bunu göstərir. Belə ki, Vaşinqton bu stansiyaların sonradan nüvə silahının hazırlanması üçün infrastruktur rolunu oynamaması naminə Ər Riyadan öz ehtiyatları hesabına uranın zənginləşdirilməsindən vaz keçməsini tələb edir. ABŞ bu tələbini BƏƏ və Misirə təlqin etdirə bilib.
İndi, Tehranla imzalanan 2015-ci il sazişindən sonra Vaşinqton bu şərtləri Səudiyyəyə çətin ki, diktə edə bilsin. ABŞ-ın əsl təlaşı səudların qarşısına belə şərtlər qoymayan Çin və Rusiya ilə əməkdaşlığa gedəcəyidir. Bu isə həm Misir, həm də Birləşmiş Əmirliklər üçün siqnal sayılacaq. Nəticədə isə Yaxın Şərq yeni nüvə yarışına daxil ediləcək”.
Müəllif Rusiyanın bölgə ölkələrinə silah satışını artırdığını da xatırladıb: “Bu yaxınlarda Səudiyyə Ərəbistanı Moskva ilə nüvə araşdırmaları sahəsində əməkdaşlıq haqqında saziş imzalayıb. Keçən ilin dekabrında isə Rusiya Ər Riyadla raket əleyhinə S-400 komplekslərinin tədarük olunması barədə razılığa gəlib.
Dekabrda Misir və Rusiya 2018-ci ilə kimi 4 atom reaktorunun quraşdırılması haqqında anlaşma əldə edib. Rusiya həm bu layihənin maliyyələşdirilməsini, həm də avadanlıqların quraşdırlmasını öz üzərinə götürüb. 2016-cı ildə isə Rusiya İordaniyaya iki atom reaktoru satıb. Birləşmiş Ərəb Əmirliklərində isə Cənubi Koreya tərəfindən quraşdırılan ilk atom reaktoru işə düşəcək”.
Yazıda bütün bunlar təsvir edilərək İsrail ətrafında nüvə potensialına malik dövlətlərin həlqəsinin formalaşdırıldığı iddia edilir.
Müəllifin fikrincə, bütün bu gəlişmələr İranla imzalanan sazişdən sonra regionda yaranan sabitliyi poza bilər:“Beləliklə, İsrailin bu təhlükəni önləyə biləcək heç bir gücü yoxdur. Bütün bunlar isə keçmiş baş nazir Menahem Beginin doktrinasının həyata keçirilməsinə doğru gedir. Doktrinaya görə, İsrail ərəb dövlətlərindən gələ biləcək nüvə təhlükəsini ortadan qaldırmaq üçün hərbi metodlarla hərəkət etməlidir.
(Məsələn 1981-ci ildə baş nazir Menahem Beginin əmri ilə İsrail aviasiyası İraqda atom reaktorunu məhv etmişdi.)
Lakin indi İsrailin bunun bədəlini ödəyə biləcək effektiv hərbi həlli yoxdur. Problem yalnız diplomatik müstəvidə həll olunmalıdır”, – müəllif sonda qeyd edir.
Musavat.com