Alyans bunun üçün soyuq müharibədən sonra ilk dəfə yeni komanda məntəqələri yaratmağı düşünür

 

 

NATO Rusiyanın sualtı qayıqlarının Aralıq dənizində və Atlantik okeanda aktivliyinin artmasından olduqca narahatdır. Bu narahatlığı alyansın birinci şəxslərinin ağzından da eşitmək mümkündür.

 

“Rusiya sualtı donanmaya böyük sərmayə qoyub. 2014-cü ildən bu yana onlar dənizə 13 saultı gəmi buraxıblar. Rusiya sualtılarının aktivliyi indi soyuq müharibədən bu yana ən yüksək səviyyəsinə gəlib çatıb”, – NATO baş katibi Yens Stoltenberq “Frankfurter Allgemeine Zeitung” qəzetinin müxbiri Tomas Quçkerə verdiyi müsahibədə bildirib.

 

NATO Rusiyanın sualtı qayıqlarının aktivliyindən narahatdır

 

Stoltenberq NATO-nun iki qitə arasında yerləşən üzvləri arasında rabitə əlaqələrinə təhdid yarandığını gizlətməyib. “Biz transatlantik alyansıq. Bu səbəbdən biz qoşunların və hərbi texnikanın Atlantik okeanından təhlükəsiz şəkildə keçməsini təmin etməliyik”, – baş katib vurğulayıb.

 

Stoltenberq Alyans güclərinin Atlantik okeanda fəaliyyətinə nəzarət edəcək xüsusi idarənin yaradılacağını sözlərinə əlavə edib. Onu bildirdiyinə görə, yeni qurum Rusiya ilə münaqişə halında müttəfiqlərin canlı qüvvə və materiallarla təmin edilməsinə cavabdeh olmalıdır.

 

NATO Rusiyanın sualtı qayıqlarının aktivliyindən narahatdır

 

Bununla bərabər NATO baş katibi alyansın hərbi dəniz qüvvələrinin çatışmazlığından da şikayətlənməyi unutmayıb. O, NATO-nun soyuq müharibədən sonra dənizdəki gücünü, xüsusilə də sualtı qayqlara qarşı mübarizə ilə bağlı qüvvələrinin əhəmiyyətli şəkildə azaldığını qeyd edib. “Biz daha az təlim keçməyə və döyüş qabiliyyətimizi itirməyə başlamışıq”, – Stoltenberq bildirib.

 

Eyni məsələ “The Washington Post” qəzetinin yazarı Maykl Börnbom tərəfindən də qabardılıb. Müəllif Kremlin NATO-dakı zəiflikdən istifadə edərək sualtı qayıqlarının köməyi ilə okeanın içindən keçən vacib rabitə kabellərini kəsə biləcəyini və ya zəruri informasiyaları ələ keçirməsi ehtimalını dilə gətirib.

 

NATO Rusiyanın sualtı qayıqlarının aktivliyindən narahatdır

 

“İndi biz Rusiya sualtılarının okeanın dibindən keçən kabellərin yaxınlığında tez-tez göründüyü xəbərlərini alırıq”, – ABŞ hərbi-dəniz qüvvələrinin kontr-admiralı, NATO-nun sualtı qüvvələrinin komandanı Endryu Lennon müəllifə söyləyib. Admiral Rusiyanın NATO-nun və NATO ölkələrinin sualtı infrastrukturunun öyrənilməsi ilə bağlı hərbi-kəşfiyyat işlərini sıxlaşdırdığını vurğulayıb.

 

Qəzetin yazdığına görə, NATO cavabında soyuq müharibədən sonra bağlanan Şimali Atlantikanın müdafiəsini təmin edəcək yeni komanda məntəqəsini bərpa edir. Kontr-admiral Lennonun sözlərinə görə, Rusiya okeanın dərin sularında araşdırma edə biləcək gəmilərə, habelə raket daşıyıcı xüsusi sualtı qayıqlara malikdir. Bu isə Qərbi həmin gəmilərin ovuna çıxmaqla bağlı işləri sürətləndirməyə vadar edib.

 

“Təyyarələrin uçuşunu izləyən treker (izləyici) proqramlar son bir ayda ABŞ hərbi dəniz qüvvələrinə aid təyyarələrin Rusiyanın sualtı qayıqlarının aktiv olduğu bölgədə, xüsusilə alyansın Siciliya adasının Siqonella hərbi dəniz bazasından uçuşlarını sıxlaşdırdığını müşahidə edirlər. Məsələn, noyabrda trekerlər ən azı 17 bu cür uçuş missiyasının həyata keçirildiyini bildiriblər.

 

NATO Rusiyanın sualtı qayıqlarının aktivliyindən narahatdır

 

Məqalədə NATO-nun hərbi qüvvələrin rahat şəkildə təyinat məntəqələrinə çatması üçün Atlantik okeanı və Avropada olmaq üzrə iki komanda məntəqəsini yaratmağı planladığı qeyd olunur. Bundan başqa, Şimali Atlantika dəniz komandanlığının münaqişə halında ABŞ hərbi dəniz qüvvələrinin Norfolkdakı (Virciniya) qərargahına köçürülməsi planının belə gözdən keçirildiyi barədə xəbərlər gəlir.

 

Musavat.com