Bu gün Qafqaz tarixinin ən böyük layihələrindən birinə imza atılıb
BTQ dəmiryolu sayəsində Azərbaycan, Gürcüstan və Türkiyə arasında inteqrasiya prosesləri daha da inkişaf edib. Ermənistanda isə əsl matəm havası hökm sürür. Erməni politoloqları hazırkı vəziyyətin Ermənistan üçün acınacaqlı hal aldığını qeyd etməklə yanaşı son gəlişmənin Ermənistanın beynəlxalq təcridini gücləndirəcəyini vurğulayırlar.
Ermənistanın müxalifyönlü 1-ci informasiya saytında Sərkis Artsruninin “Bakı-Tiflis-Qars: Ermənistan üçün yeni təcrid olunma təhdidi” başlıqlı analitik yazısı bu atmosferi nümayiş etdirən qəbildəndir.
“Son gəlişmə Ermənistanın xarici siyasəti praqmatizmə deyil, sadəcə bir sıra faktorların Bakı-Tiflis-Qars dəmiryolunun gerçəkləşəcəyinə əngəl olacağı ilə bağlı ümidlərə əsaslandığını göstərdi. Bizim məmurlar bu layihənin iqtisadi cəhətdən faydalı olmaması ilə bağlı uzun-uzadı əsaslar gətirməklə yanaşı, Gürcüstanda Saakaşvilinin yerinə gələn yeni hakimiyyətin Bakı-Tiflis-Qars layihəsinə imkan verməyəcəyinə çox ümid bəsləyirdilər”, – müəllif qeyd edir.
“Digər tərəfdən, Azərbaycan son illərdə sübut edir ki, iqtisadi itkilər bahasına belə Ermənistanı təcrid edə biləcək, onun bölgədəki mövqelərini zəiflədəcək və Dağlıq Qarabağ ətrafında status – kvonu dəyişdirə biləcək layihələri gerçəkləşdirməkdən çəkinmir”, – Artsruni vurğulayıb.
Analitik Ermənistanın regional inteqrasiya sahələrinin kənarında qaldığını qeyd edərək, BTQ-nin burada əsas rollardan birini oynayacağını yazıb. “Bu, olduqca xoşagəlməz konyuktura olub, İrəvanın müstəqil və əsaslı xarici siyasətə malik olmadığını bir daha göz önünə sərir”, – yazıda bildirilir.
Artsruni burada yenə də Moskvanı günahlandırıb. O, Rusiyanın sayəsində Ermənistanın beynəlxalq aləmdə subyektivliyini itirdiyini yazıb.
Bundan başqa, yazıda Rusiyanın Ermənistan – İran əlaqələrini dərinləşdirməsinə əngəl törətdiyi iddia olunur: “Lakin Azərbaycan Ermənistanın siyasi və iqtisadi cəhətdən təcridini gücləndirmək üçün xarici siyasətin İran istiqamətini də bacarıqla yönləndirir. Cəmi bir neçə gün sonra Azərbaycan, Rusiya və İran prezidentlərinin sammiti baş tutacaq. Sammitdə İran və Azərbaycan arasında dəmir yolu körpüsünün qurulması ilə bağlı önəmli addımlar atılacaq. Bu xətt Bakı-Tfilis-Qars dəmiryolunun əhəmiyyətini daha da artıracaq”.
Yazı müəllifi Azərbaycanın İran üçün Ermənistandan daha əlverişli iqtsadi tərəfdaş olduğunu etiraf edərək, maraqlı nəticəyə gəlir: “Əgər regional proseslərə qlobal müstəvidən baxılsa, açıq-aydın görmək olar ki, İrəvanın Dağlıq Qarabağda status-kvonu saxlamaq cəhdləri olduqca perspektivsiz görünməklə bərabər onun tamamilə təcridinə, habelə Ermənistanın daxilində təhlükəli demoqrafik situsasiyanın əmələ gəlməsinə gətirib çıxaracaq”.
Musavat.com