Bu gün “Yeni Müsavat” qəzetinin yazarı Sevinc Telmanqızının “Trampın və Sevincin Amerikası ” kitabının təqdimat mərasimi keçirilib. “Yeni Müsavat”ın redaksiyasında, səmimi bir dost məclisi formatında baş tutan təqdimat mərasimində millət vəkilləri, ölkənin media ictimaiyyətinin tanınmış nümayəndələri, redaktorlar, ABŞ səfirliyinin nümayəndəsi, o cümlədən, tanınmış siyasətçilər, jurnalistlər iştirak ediblər.
Təqdimatda müəllifin “Xatirələrin işgəncəyə döndüyü yer” adlı Avropa səfərindən bəhs edən digər kitabı da qonaqlara təqdim edilib.
Tədbiri giriş sözü ilə “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu açaraq, kitab haqqında məlumat verib, onun ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib: “Bu gün bizim üçün əlamətdar bir gündür, “Yeni Müsavat” qəzetinin əməkdaşının kitabı dərc olunub. Kitab əməkdaşımızın Amerika səfərinə həsr olunmuş yazıları əsasında hazırlanıb. Yazılar öncədən qəzetdə və musavat.com saytında dərc olunub və çox güman ki, qonaqlarımız onları oxuyublar. Ancaq bu kitab tariximiz və bu günümüz üçün əhəmiyyətlidir. Bu kitab Tramp Amerikasının bir görüntüsünü yaradıb, eyni zamanda Azərbaycandan Amerikaya gedənlərin həyatını işıqlandırıb. Sevinc xanımın bir xasiyyəti var ki, hansı ölkəyə getsə, bütün daşları qaldırıb, altında nə olması ilə maraqlanır. Daşlar isə üzdən daş kimi görünür, bəzən bir daşın altında bir dünya olur. Sevinc xanım Amerikada bütün daşların altını qaldırıb, Amerika səfərindən hazırlanmış filmdə də bunu görürsünüz. Çox maraqlıdır ki, Azərbaycan jurnalisti hamıya tanış olan, amma hamı üçün mücərrəd olan Amerikaya gedib və orada gördüklərini qələmə alıb, Azərbaycan oxucusuna təqdim edib. Sevinc xanımı ürəkdən təbrik edirəm, həm özünün adına, həm də “Yeni Müsavat” qəzetinin adına bir nailiyyət ortaya qoydu. Eyni zamanda mən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına da təşəkkür edirəm ki, kitabın işıq üzü görməsi üçün bizə maliyyə dəstəyi verdi. Xeyli təşkilatlar və mühacirlərimiz də bu layihədə bizim yanımızda oldular və “Yeni Müsavat” qəzeti çox cüzi maliyyə ilə bu layihənin öhdəsindən gəldi. Həm Xarici İşlər Nazirliyi, həm Diaspor Komitəsi, həm də Amerikada olan güneyli azərbaycanlılar bu layihənin ərsəyə gəlməsində böyük əmək sərf etdilər”.
Rauf Arifoğlu müəllifin Avropa səfərindən bəhs edən “Xatirələrin işgəncəyə döndüyü yer” kitabı haqqında da məlumat verdi: “Bu kitab bizim Avropa mühacirlərimizlə bağlı yazılıb. Bu kitab keçmiş MTN naziri Eldar Mahmudovun “xidməti” sayəsində təxminən iki il həbsdə qaldı. Nəhayət, biz bu kitaba qovuşa bildik. Bu yazılar çox böyük skandal yaratmışdı. Müxalifət iddia edirdi ki, biz hakimiyyətin sifarişi əsasında mühacirətlə bağlı müxalifətin bağlılıqlarını ifşa etmək üçün bu layihəyə getmişik. İqtidar isə Eldar Mahmudovun timsalında bu kitabı iki il həbs elədi. Bu tədbirə qatıldığınız, yanımızda olduğunuz üçün hər birinizə təşəkkür edirəm”.
Təqdimatda kitabların müəllifi Sevinc Telmanqızı da çıxış edərək, qonaqlara təşəkkürünü bildirdi: “Biz bu layihəyə başlayanda sadəcə olaraq, Trampın 7 müsəlman ölkəsinin vətəndaşlarına qoyduğu viza qadağasını araşdırmaq üçün bir səfərə çıxdıq. Bəxtimizdən viza müraciətimizə qısa zamanda müsbət cavab verildi və bizim üçün Amerika macərası başlamış oldu. Oradakı azərbaycanlılar bizə öz dəstəyini göstərdi, kimisi öz evini bizə açdı, kimisi bizi şəhərlərlə, orada yaşayan azərbaycanlılarla tanış etdi. Nəticədə biz çox az məsrəflə gözəl bir səfəri başa vurmuş olduq. Qəzetdə və saytda dərc olunan yazıların kitab şəklində çapının zərurətinə gəlincə, biz bunu Azərbaycanın 2000-ci illərin sonundakı mühacir köçünün səbəbini və əsas mənzərəsini ortaya qoyan kitab kimi nəzərdə tutmuşuq. Müəllif olaraq, mən burada əlahiddə bir şey kəşf etməmişəm. İnsanlar özləri danışıblar. Burada mühacir obrazları var, öz yaşadıqlarını anladırlar, kimisi məmnundur, kimisi peşmandır. Hər birinin ayrıca hekayəsi var və bu hekayələr bir kitabda toplanıb. Mən ümid edirəm ki, illərdən sonra hansısa araşdırmaçı 2000-ci illərdə Azərbaycandan mühacır köçünün səbəblərini araşdırmaq istəyəndə bu ədəbiyyatların hər ikisi ona yardımçı olacaq. Bizə dəstək verdiyiniz üçün çox sağ olun”.
Qonaqlardan ilk olaraq söz alan “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid çıxış edərək, təbriklərini çatdırdı: “Bir mətbuat orqanının öz müxbirini həm Avropaya, həm də Amerikaya göndərməsi, oradan reportajların hazırlanması böyük bir hadisədir. Buna görə, Rauf bəyi və Sevinc xanımı təbrik edirəm, dəstək olanlara təşəkkürümü bildirirəm. İndi jurnalist çoxdur, yeni medianın imkanları hamıya yazmaq imkanı verir, ancaq kiminsə yazısını oxumağa bəzən çətinlik çəkirsən. Ancaq elə jurnalistlər var ki, imzasını görən kimi yazını mütləq oxuyursan. Onların birincilərindən biri Sevincdir. Vaxtilə “525-ci qəzet”də də fəaliyyət göstərib, ancaq onun formalaşması “Yeni Müsavat”la bağlıdır. Sevinc müsahibindən istədiyi suala cavab almağı bacaran bir jurnalistdir. Kitabın adı da çox gözəldir, Sevincin Amerikası bizim üçün tam fərqli bir Amerika olacaq. Sizi təbrik edirəm, uğurlar arzulayıram”.
Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn də təbrik nitqi ilə çıxış edərək, hər iki kitab haqqında fikirlərini bildirdi: “Bu kitab Azərbaycan jurnalistikasının ən böyük uğurlarından biridir. Ancaq kitabın adı ilə bağlı bir fikrimi demək istəyirəm ki, hələ Trampın Amerikası yoxdur. Amerika son seçkilərdə onu göstərdi ki, Amerikanın Trampları da var. Mən bu cür yanaşmanın tərəfdarıyam. Amerika haqqında danışılarkən bu ölkəyə xeyli dərəcədə abstrakt bir azadlıq simvolu kimi yanaşılır. Mən bu fikirlə də razı deyiləm. Məndə Amerikaya sevgi yoxdur. Mənə elə gəlir ki, dünyada daha çox Amerikadan qorxurlar, çünki çox nəhəngdir, çox güclüdür. Bu qorxunun necə sevgiyə çevrilməsini isə deyə bilmərəm”.
Çıxışçının bu fikrinə Rauf Arifoğlu “Bircə dəfə Amerikaya getsəniz, bu sevgi yaranacaq” replikası ilə cavab verib.
Növbəti replika isə Rəşad Məciddən gəlib: “O sevgi ki, orada qorxu yoxdur, o tez bitir”.
Kitab haqqında təəssüratlarını tədbir iştirakçıları ilə bölüşən deputat Çingiz Qənizadə bildirdi ki, müəllifin Amerika səfərindən olan yazılarını çox böyük maraqla izləyib: “Mən burada digər kitabı gördüm və bu, məni daha çox təsirləndirdi. Kitabı vərəqləyərkən mən unudulmuş insanları gördüm. Ola bilər ki, kimsə onları xatırlayır, ancaq bu kitabda onların əksəriyyəti ilə Sevinc bizi görüşdürdü. Kitabın adı da – “Xatirələrin işgəncəyə döndüyü yer” – olduqca maraqlıdır. Bir dəfə biz QHT nümayəndələri olaraq, Avropa Şurasına gedirdik, bizi Almaniyada qarşıladılar və orada yaşayan azərbaycanlılardan birinin qonağı olduq. Gedişimiz başqa bir azərbaycanlının doğum günü tədbirinə təsadüf etdi, təxminən 30 nəfər həmyerlimiz yığışmışdı. Axşam onlardan ayrılanda bizi yola salan mühacir bəylərin xanımlarının hamısı ağladı. Bu, bizə çox pis təsir etdi. Mən indi də xatırladıqca, pis oluram. Zaman keçir, dövr dəyişir, biz mühacirətə getmiş bu insanların barəsində rəsmi, qeyri-rəsmi bir əfv imzaladıb, onların ölkəyə gəlmək istəyənlərinə şərait yaratmalıyıq. Biz bu istiqamətdə işimizi davam etdirəcəyik. Sevinc, çox sağ ol ki, onları bir daha gündəmə gətirdin. Mən tam məsuliyyətimlə deyirəm ki, onların böyük əksəriyyətinin ümumiyyətlə, günahı yoxdur. O dövrün siyasi çalarları içində adları hallandı, sonradan yaddan çıxdı. Biz onlara dəstək olmalıyıq”.
Teleqraf.com və publika.az saytlarının baş redaktoru Aynur Camalqızı da qeyd etdi ki, qəzetdə və saytda nə qədər yazı yazılsa da, kitabın sehri, gücü tam başqadır: “Yeni mediada belə bir təhlükə də var ki, internetdə bəzən yazılar itir. O baxımdan, yazıların kitab halında çap olunması önəmli məsələdir. Sevinc, səni təbrik edirəm, sən arzuolunan bir imzasan. Rauf bəyi də təbrik edirəm ki, onun sənin kimi güclü və fədakar bir işçisi var. Amerikada mən də olmuşam, sənin yazılarındakı duyğuları mən də yaşamışam. Oradakı həmyerlilərimizin hər biri sanki öz evində kiçik bir Azərbaycan yaradıblar. Sən güclü jurnalistsən ki, bunları yazıya çevirə bilmisən. Xaricə köçən insanların əksəriyyəti çox güclü insanlardır, onlar orada da uğur qazanmağı bacarırlar. Amerika elə bir ölkədir ki, orada insanın öz ideyalarını reallaşdırması daha asandır”.
Tədbirdə deputat Fazil Mustafa da çıxış edərək vurğuladı ki, bu iki kitabın ərsəyə gəlməsi çox dəyərli və məsuliyyətli bir işdir: “Bu, çox faydalı bir işdir. O baxımdan ki, Azərbaycan mühacirətinin vətəni ilə bağlı nə düşündüyü, mühacir probleminin açılışı oxuduğumuz kitabda öz əksini tapıb. Mühacirət məsələsi bizdə araşdırılmayan bir mövzudur. Bizdə sosioloji araşdırma ənənəsi olmadığına görə mühacirətin xarakterini müəyyən etməkdə çətinlik çəkirik. Erməni diasporu ona görə bizdən güclüdür ki, yalançı bir soyqırım üzərində qurulub. Siyasi problemlər səbəbindən ölkəni tərk edən ermənilər belə, o auranın içinə düşərək, bu ideyadan kənara çıxa bilmirlər. Azərbaycan diasporu isə ideyasız bir diaspordur. Orada ortaq bir ideyanın tapılmasında çox böyük çətinliklər var. Belə bir ideyanın tapılmasına ehtiyac var. Azərbaycanlıların orada müəyyən səviyyədə iştirakının təmin edilməsi baxımından, bu, önəmlidir. Həmyerlilərimiz orada bələdiyyələrə seçilə bilərlər. Bəziləri bu uğurları qazanıblar. Xarici ölkələrdə uğur qazanmış, orada universitetlərdə dərs deyən azərbaycanlıların da fikirlərinin müsahibə şəklində alınması bizim üçün çox vacibdir. Gələcəkdə bu ənənəni Sevinc xanımın o istiqamətə yönəltməsi daha uğurlu yeni layihələrin ortaya çıxmasına gətirib çıxara bilər”.
APA Holdinqin prezidenti Vüsalə Mahirqızı da çıxış edərək, layihənin əhəmiyyətindən danışıb, müəllifi təbrik edib: “Bu kitabların hər ikisi gələcəkdə Azərbaycandan mühacir axınının səbəblərinin araşdırılmasında önəmli bir mənbə rolunu oynayacaq. Bu kitablar faktoloji əsərlərdir. Kitab şəklində nəşr olunması çox önəmlidir. Mən kitabı oxuyarkən gördüm ki, mühacirlərimizin hamısında o ağrı var. Bir daha əmin oluruq ki, xoşbəxtliyin içində mütləq vətən var. Onların hamısının sözlərində bu, var idi. Xaricdə gözəl quruluş, yaxşı həyat, hər şey var, ancaq nə isə çatmır. O çatışmayan vətəndir, bütün problemlərinə baxmayaraq… Gördüyüm maraqlı detallardan biri də o oldu ki, uğurlu adamlar hər yerdə uğurludurlar. Burada uğur qazananlar orada da uğur qazanmağı bacarıblar. Burada nəzərə çarpmayan insanlar, orada da məişət həyatından kənara çıxa bilməyiblər. Onların müsahibələri mənə bir qədər depressiv təsir bağışladı. Bu kitabdakı önəmli mesajlardan biri də o idi ki, dünyanın heç bir yerində ideal cəmiyyət yoxdur, hər yerdə problemlər var. Ancaq o cəmiyyətlərdə insanlar problemlərin üstünə gedirlər, ondan qaçmırlar. Bu kitabdakı əsas mesaj da odur. Kitabdakı müsahibələrin texnikası da mənə görə çox uğurludur, oxunaqlıdır. Mən Sevincə uğurlar arzulayıram”.
Təqdimat mərasimində siyasi fəal, Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev müəllifin Amerika reportajlarını çox böyük maraqla izlədiyini bildirdi: “Amerika cəmiyyəti onsuz da cazibədar bir cəmiyyətdir, ancaq Sevinc xanımın üslubu o qədər axıcıdır ki, oxumaya meylli olmayan adamlar belə, bu yazıları sona kimi oxuyacaqlar. Pənah bəy burada bildirdi ki, insanlar Amerikadan qorxur, oranı sevmirlər. Mən əminəm ki, hətta Tramp administrasiyasının dövründə belə, Pənah bəy Amerikaya getsə, görəcək ki, oranı sevmək də olur”.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev də müəllifə uğurlar arzulayıb: “Dünya xalqlarının əksəriyyətində olduğu kimi, Azərbaycan xalqının da çox hissəsi vətənin hüdudlarından kənarda yaşayır. Maraqlısı odur ki, kənarda yaşayanlar təkcə sayca yox, bütün resurslarına görə yerdə qalanını üstələyir. İstər maddi resurslar, istərsə də intellektual resurslar olsun. Bəlkə də Pənah bəyin dediyi kimi, Trampın Amerikası hələ yoxdur, ancaq Sevincin Amerikası artıq var”.
İlahiyyatçı Hacı İlqar İbrahimoğlu da layihənin əhəmiyyətini çox yüksək qiymətləndirib: “Son zamanlar hamımız az oxuyuruq, kitablar az oxunur. Dünyanın hazırda ən böyük problemi qavrama problemidir. Ötən əsrin 80-ci illərindən başlayaraq, klassik qavrama tarixə çevrilib və “Kvant qavraması” dövrü başlayıb. Əvvəllər bəzi bəlli məlumatlar var idi ki, hamı onu məktəbdə, universitetdə öyrənirdi. Bunları bilən insan savadlı insan sayılırdı. Bütün sahələr üzrə protokol məlumatlar var idi. Ötən əsrin 70-80-ci illərindən başlayaraq, bilgi fövqəl dərəcədə artmağa başladı. Siz bu kitabınızla bu bilgi okeanından bir stəkan bilgi götürərək, bəlli bir formada cəmiyyətə təqdim etmişiniz. Çünki insanların şəxsən həmin yerlərə getmək imkanı məhduddur. Bu, böyük bir uğurdur. Bir daha təbrik edirəm”.
Təqdimat mərasimində həmçinin lent.az sayının baş redaktoru Qabil Abbasoğlu, tanınmış jurnalist Jalə Mütəllimova, bakupost.az saytının baş redaktoru Elçin Zahiroğlu, azxəbər.com sayının baş redaktoru Əfsələddin Ağalarov, Ümid Partiyasının sədr müavini Tamilla Qulami də çıxış edərək, müəllifi təbrik ediblər, belə bir kitabın çapdan çıxmasını Azərbaycan jurnalistikasının böyük uğuru kimi qiymətləndiriblər.
Qeyd edək ki, kitab Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Amerika Birləşmiş Ştatlarında yeni nəsil Azərbaycan diasporu” layihəsi çərçivəsində Qadın Haqları və Gender Bərabərliyi İctimai Birliyi tərəfindən nəşr edilib.
Nərgiz LİFTİYEVA,
Musavat.com,
Fotolar: Məhəmməd TÜRKMƏN
Video: Məğrur Mərd