Xüsusi təyinatlılarda kəşfiyyat rəisi olmuş məhkum:

ARB TV-nin “Rezonans” verilişində bu dəfə ömürlük məhbus Sahib Əhmədovun həbsxana hekayələrindən bəhs edilib.

Sahib Əhmədov (ömürlük məhbus) bildirib ki, 1999-cu ildə silahlı qüvvələrdə leytenant olub, sonra xüsusi təyinatlılarda kəşfiyyat rəisi olub:

“Vaxtından əvvəl mənə baş leytenant vəzifəsi verdilər. 2002-ci ildə ögey əmimim səhvi üzündən bura düşmüşəm. Məzuniyyətə gəlmişdim, ögey əmim dedi ki, məni maşınla bir yer var ora apar. Apardım həmin yerə, 10 dəqiqə keçmişdi ki, qışqırıq səsi gəldi. Evə daxil olanda gördüm ki, əmim evdə olan qızı boğub və anasını bıçaqla vurmuşdu. Ona müqavimət göstərmək istəsəm də, artıq gec idi. Pul məsələsi idi, münaqişə yaranmışdı. Heç bir səbəb olmadan günahsız qızı öldürdü. Cinayət mənim üstümdə qaldı. O, indi beynəlxalq axtarışdadır.

Aprel döyüşlərində çox fərəhləndim, həm də üzüldüm. Mən də orada olmaq, onlarla birgə çiyin-çiyinə döyüşmək istəyirdim. Həmin ölən qızın ailəsi mənə doğma idi. Kaş onun sözü ilə oturub-durmazdım. 2008-ci ildə ilk şeir kitabım çıxdı. Namaz qıldığım zaman şeir yazmışdım. Mən burada olmamalı idim, şəhid olmalı idim. Məhkəmə qərar verəndə anam infakt keçirdi, özüm şoka düşdüm. Zərərçəkənlərin ailəsi məndən şikayətçi deyil. Bir dəfə özümü asmaq istəmişdim, çox əzab çəkirəm. Əsl cinayəti edən azadlıqda, mən isə buradayam. O, həbs olunsa, mən azadlığa çıxmasam, elə bilərəm ki, azad edilmişəm”.