Bəxtiyar Sadıqov: “Onlarda başgicəllənmə halları yaranır”
Elçin Şıxlı: “İstənilən halda jurnalisti döymək olmaz”
Aydın Bağırov: “Arda Turan təvazökar, öz şəxsiyyətinə hörmət edən futbolçudur”
Natiq Muxtarlı: “Bizdə jurnalistə hücum edən cəzasız qalır, Türkiyədə isə ulduz oyunçunu da bağışlamırlar”
Türkiyə millisinin ulduz futbolçusu Arda Turanın jurnalist Bilal Meşeni döyməsi, onu ən ağır formada təhqir etməsi Türkiyə və dünya gündəminin əsas müzakirə mövzularından birinə çevrilib. “Qafqazinfo” xəbər verir ki, İtaliyaya gedən milli komandanın təyyarəsində Meşenin 2016-cı ildə Arda haqqında yazısı xatırlanıb və yarımmüdafiəçi bundan əsəbiləşib.
“Barselona”nın oyunçusu jurnalistin boğazından yapışaraq onu döymək istəyib. O, çətinliklə sakitləşdirilsə də, millinin baş məşqçisi Fatih Terim hadisəyə biganə qalıb.
Futbolçu jurnalistə qarşı təhqiredici ifadələr səsləndirib: “Söylə görüm, orada idinmi, haqqımızda elə xəbər yazdın? Biz kimdən pul dilənmişik? Bunları sənə kim yazdırıb? Bizim ölkə belədir, indi də səni təyyarəyə götürüblər. Deyirəm, eşitsinlər, sənin kimisini bu təyyarəyə götürənin… Məni də başqaları kimi zənn etdin, fahişənin balası. Mən futboldan gedərəm, amma ailəmə söz gətirmərəm”.
Ulduz oyunçunu davranışları heç də birmənalı qarşılanmayıb. Onun tərəfini tutanlar da var, əleyhinə çıxış edənlər də. Çoxları hesab edir ki, jurnalist onun haqqında yalan məlumatlar yaysa belə, bunu məhkəmə yolu həll etmək olardı. Ardanın bu hərəkətinin son illərdə futbolda populyarlaşması və “ulduz xəstəliyi”nə tutulması ilə əlaqələndirənlər də az deyil. İstənilən halda media işçisini təhqir etdiyinə, döydüyünə görə futbolçu ciddi qınağa tuş gəlib.
“Ayna Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı hesab edir ki, insidentin əsas səbəblərini dəqiq bilmədən fikir yürütmək doğru olmazdı: “Özü deyir ki, bir də olsa, yenə bu hərəkəti edərdim. Futbol mütəxəssisləri bildirirlər ki, ağsaqqal şəxs kimi, Arda Turan ona toxunmamalı idi. Jurnalistin özünü belə apardığına görə futbolçunun düz etdiyini deyənlər də var. Türkiyə futbolu bu məsələ ilə bağlı bir-birinə qarışıb. İstənilən halda jurnalisti döymək olmaz. Amma jurnalist görün Arda Turanı hansı həddə çatdırıb ki, sonda belə xoşagəlməz hadisə yaşanıb. Durduğu yerdə kimisə bu şəkildə təhqir etməzlər. Hər halda heç kim bir-birini döyməməlidir. Mədəni üsullar var”.
“Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat Bəxtiyar Sadıqov kifayət qədər sərt danışdı: “Jurnalistika elə bir sahədir ki, burada çalışanların fəaliyyəti qanunla və peşə qaydaları ilə tənzimlənir. Jurnalist yazı yazanda obyektiv olmalı, insanların şərəf və ləyaqətinə hörmətlə yanaşmalıdır. Şəxsi həyata müdaxilə də yolverilməzdir. Etik normalar əsasdır. Futbolçuya gəlincə, futbol ən reytinqli idman növüdür. Ulduz futbolçular yüksək səviyyəli qazanca və nüfuza malikdirlər. Bəzən onlarda başgicəllənmə halları yaranır. Əgər jurnalist yazısında səni təhqir edibsə, ləyaqətinə toxunubsa, bunu məhkəmə yolu ilə həll etmək olardı. Yaxud jurnalist sənə müraciət edəndə fikirlərini əsaslandırıb, onunla əməkdaşlığa son verə bilərsən. Jurnalistlə qarşı zorakılıq etmək olmaz. Futbolçunun bu hərəkətini həddini aşma, qanunları pozma, uğurlardan başgicəllənmə, özünə vurğunluq kimi qəbul edirəm. Özünü hər şey sayır. Azarkeşlər onu müdafiə edə bilərlər. Amma biz jurnalistlər belə şeyi heç zaman bağışlamırıq. Azərbaycanda da belə hallar olub. Təhqir olunan jurnalistlər olub ki, zamanında ulu öndərə müraciətlər etmişdilər. Birmənalı şəkildə jurnalistin tərəfi saxlanılmışdı. Bütün hallarda bu bəyənilməyən, futbolçuya hörmət gətirməyən hərəkətdir”.
Qol.az saytının redaktoru Aydın Bağırov bildirdi ki, Arda Turan təvazökar, öz şəxsiyyətinə hörmət edən futbolçudur: “Ona yaxın olan şəxslərdən bildiyimə görə, insani dəyərləri qoruyan biridir. Amma məsələ burasındadır ki, o, Türkiyə tarixinin ən böyük futbolçularından biri olduğundan daim medianin diqqət mərkəzində olub. Bu zaman onun təkcə futbol yox, şəxsi həyatı da müzakirə edilib. Bunun da nəticəsində Arda ilə bəzi jurnalistlər arasında zaman-zaman münaqişə yaranıb. Məsələn, yadımdadır ki, 2010-ci ildə məşhur şərhçi Erman Toroğlu “Arda sekslə məşğul olduğu üçün tez-tez zədələnir” kimi bir fikir söyləmişdi. Nəticədə də hələ o vaxt tərəflər arasında qalmaqal yaranmışdı, hətta Arda telekanallardan birinə müsahibə zamanı göz yaşlarını saxlaya bilməyərək ağlamışdı da. Futbolçu kimi onu tənqid edənlərlə problemi olmayıb. Özünün dediyi kimi, jurnalist onun ailəsi barədə təhqiramiz fikirlər söylədiyindən belə addım atıb. Ardanı haradasa başa düşsəm də, istənilən halda hərəkətinə haqq qazandırmıram. O, həmişə tərbiyəsi və şəxsiyyəti ilə başqa futbolçulara örnək olub. Amma onu da qəbul etməliyik ki, çox vaxt Türkiyə mediası da insanların şəxsi həyatına kobud şəkildə müdaxilə edir. Arda millidən getməklə bağlı qərarını emosional şəkildə verib. Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən onu söydüyü üçün Ardanın ictimaiyyət qarşısında üzr istəməsini tələb edib, o da bundan boyun qaçırıb. Nəticədə də millidən getdiyini açıqlayıb. Amma istənilən halda Türkiyə futbolunun Arda kimi lider oyunçuya ehtiyacı var və məncə, əsəbləri sakitləşəndən sonra onu yenidən milliyə qaytaracaqlar”.
Komanda.az saytının redaktoru Natiq Muxtarlı futbolçunun bu hərəkətinin populyarlığı ilə bağlı olmadığını düşünür: “Arda Turanın bu hərəkəti populyarlığının nəticəsi deyil, sırf mentalitetə bağlı olan xüsusiyyətdir. Arda türkdür. Türk mentaliteti isə futbolçuya tam peşəkar olmağa mane olur. Arda “Barselona”da oynasa da, tənqidə dözüm məsələsində peşəkar ola bilmədi. Arda heç “Barselona”da oynamasaydı da, jurnalistə hücum edəcəkdi. Necə ki, bunu azərbaycanlı futbolçular edir. Bizim futbolçular hələ əsl futbolun nə olduğunu bilmirlər, Biləcəridən o tərəfdə onları heç kim futbolçu kimi qəbul etmir, amma jurnalistlərə yazılarına görə hədə-qorxu gəlirlər, hücum edirlər. Ən son belə hadisə İslam Oyunlarından əvvəl olmuşdu. Azərbaycan yığmasının futbolçuları və baş məşqçisi Yaşar Vahabzadə həmkarımız Mərdan Həsənova hücum edib, onu döyməyə cəhd etmişdilər. Bu, mentalitet məsələsidir. Ardanın da mentaliteti bizim mentalitetlə eynidir. Avropada çıxış etsə də, avropalaşa, peşəkarlaşa bilmir. Amma bizdən fərqli olaraq, Türkiyədə jurnalistlərin birliyi var və bu birliyi rəsmi qurumlar da qəbul edirlər. Ona görə də bizdə jurnalistə hücum edən futbolçu cəzasız qalır, Türkiyədə isə ulduz oyunçunu da bağışlamırlar”.
Musavat.com