“Maşın Şou”da qalmaqallar davam edir.
Musavat.com-un məlumatına görə, müğənni Üzeyir Mehdizadədən sonra prodüser Tarix Əliyev şounu öz istəyi ilə tərk edib.
Prodüser əsəbləri və sağlamlığı tab gətirmədiyi üçün maşından əlini çəkmək məcburiyyətində qaldığını açıqlayıb: “”Maşın Şou” çox mürəkkəb və çox çətin oyundur. Məni 3-cü dəfə Azərbaycanın ən reytinqli verilişinə dəvət etdiyinə görə başda Murad Dadaşov olmaqla bütüb MGP əməkdaşlarına təşəkkür edirəm. Amma mənim üçün bu gün mübarizə qurtardı. Mən əlimi maşından çəkib oyunu tərk edirəm. Mən yarışmadan öncə yığdığım Azərbaycan xalqının az-çox sevgisini itirməkdən qorxuram. Murad müəllim məni Əliyev Tarix kimi tanıtdı və insanlara mənim yaxşı tərəfimi göstərdi. Bunu itirə bilmərəm. Bir azdan rəqabət çox gərgin olacaq, mənim əsələrim və sağlamlığım buna tab gətirməyəcək. Bir də, bəzilərinin arzuları ürəyində qaldı, onlara “Toliki çıxardıram” demək nəsib olmadı”.
Daha sonra prodüser müğənni Səidə Sultana söz ataraq onu müğənnicik adlandırıb.
Qeyd edək ki, bugünkü “Maşın Şou”da qutudan adı çıxan sənətçi müğənni Cavad Rəcəbov olub. Müğənni az səs toplayaraq şounu tərk etmək məcburiyyətində qalıb. Beləliklə, şouda aktyor İslam Mehrəliyev, Fərda Amin, Elcan Rəsulov, Sərxan Kərəmoğlu, aktrisa Pərvin Abıyeva, müğənnilər Səidə Sultan, Təranə Qumral, rəqqasə Oksana Rəsulova, aparıcı Azər Zahid, jurnalist Vüqar Vüqarlı, rejissorlar Aqil M.Quliyev, Kənan Mahmudov mübarizə aparacaqlar.