Kamran Əliyev: “Sarı zolaqlar təkcə yarışların keçirildiyi zaman kəsimi üçün yox, həm də yarışlara cəlb olunmuş nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulub”
Bakıda keçirilən İslamiada adlı idman yarışması ilə bağlı şəhərin bir sıra küçə və prospektlərində nəqliyyatın hərəkəti mayın 5-dən etibarən məhdudlaşdırılıb. Yolların bəzi hallarda üçdə biri, bəzi hallarda isə yarısı sarı xətlərlə xüsusi zolağa alınıb, bu zolaqla yalnız idmançıları daşıyan nəqliyyat vasitələri, bir də İslamiadanın təşkilatçılığına cəlb edilmiş xüsusi avtomobillər hərəkət edə bilər.
Amma bu zaman yollarda yaranan tıxac da sürücülərə ciddi problem yaradır. Daha öncə 1 saata qət edilən məsafə sarı zolağa görə 2 saata qədər uzanır. Amma aktiv sürücülər hesab edirlər ki, sarı zolaqların tətbiqində bir qədər sadələşdirilmiş rejimə keçmək lazımdır. Belə ki, yarışların keçirilmədiyi, o zolaqların maksimum istifadəsiz olduğu bir zamanda onu sürücülərin üzünə açmaq mümkündür. Bunu yol polislərinin nəzarəti əsasında etmək məsləhətlərdən biridir.
Bu barədə musavat.com saytının veb redaktoru Xalid Kazımlı da “Qara zolaq” adlı köşəsində mövzuya toxunub. Köşə yazarı təklifini belə əsaslandırıb: “Məqsəd odur ki, idmançıların yaşadıqları hotellərdən idman arenalarına daşınmasında problem yaranmasın. Bir neçə min idmançının yarış saatına gecikməməsi, problem yaşamaması üçün tətbiq edilən sarı zolaq yasağı isə bir neçə yüz min insana ciddi problem yaratmaqdadır. Onlar mənzil başına çatmaq üçün saatlarla tıxacda qalırlar. Baxırsan ki, yolun bir hissəsi, sarı zolaq bomboşdur, amma artıq ”qara zolaq” adlandıra biləcəyimiz hissədə minlərlə avtomobil ard-arda düzülüb. Bəlkə buna da tablaşmaq, vərdiş etmək mümkündür, anlayış göstərərək düşünmək olar ki, belə kütləvi idman tədbirləri iki-üç ildən bir, o da 15-20 gün ərzində olur, necə deyərlər, müvəqqəti çətinlikdir.
Ancaq problemin həlli yolu var axı, bir az artıq diqqət, bir az artıq səy, əmək, enerji sərf edərək, sarı zolaq problemini həll etmək olar. İdmançıların öz hotel otaqlarında mışıl-mışıl yatdığı, idman arenalarının qapısının bağlı olduğu gecə və səhər saatlarında nəyə görə sarı zolaq bomboş, “qara zolaq” isə avtomobillərlə təpili-tıxılı olmalıdır? Səhər saatlarında sarı zolağı xalqın üzünə açmaq, hərəkətə icazə vermək olar, çünki o yolda hərəkət iki-üç saatdan sonra başlayacaq. Bir də idmançılar yarışıb-qurtarandan, hotellərinə varid olandan sonra yenidən yolda intensiv hərəkəti bərpa etmək mümkündür. Çünki onlar gecənin bir aləmi yenidən arenaya qayıdıb güləşəsi, dombalaq aşası deyillər.
Bax, bunu düşünən, idmançıların hərəkət cədvəlini, yarış qrafikini incəliyinə, son detalına qədər öyrənən və situasiyanı çevik, operativ və effektiv şəkildə (“gəlirlər, yolu açaq, getdilər, camaatı buraxaq” düsturu ilə) idarə edən yoxdur. “Yolu birdəfəlik bağlayın” demək asandır, “sarı xətti keçəni cərimələyin” göstərişi vermək isə asan olduğu qədər də sərfəlidir. Büdcəyə əlavə milyonlar gəlir. Gəlir də nə olur? Heç nə, Küveyt kimi milyardlara sahib ölkələrin idmançılarına sərf olunur”.
Gerçəkdən də, həmkarımızın yazdığı kimi, bu məsələni tənzimləmək hansı formada mümkündür? DYP sürücülərin hüquqlarını qorumaq məqsədilə prosesi nəzarətə götürə bilərmi?
Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Yeni Müsavat”a açıqlamasında dedi ki, sarı zolaqlar təkcə yarışların keçirildiyi zaman kəsimi üçün yox, həm də yarışlara cəlb olunmuş nəqliyyat vasitələrinin hərəkəti üçün nəzərdə tutulub. Onun sözlərinə görə, yarışda xidmət göstərən personalın hərəkəti də sarı zolaq vasitəsilə gerçəkləşir. Yəni bu halda sarı zolaq sıravi sürücülərin də üzünə müvəqqəti olaraq açılsa, bu halda oyunlara cəlb edilmiş maşınların hərəkətində problemlər yaranacaq: “Ona görə də dediyiniz bu təklifin həyata keçmə perspektivi yoxdur. Hesab edin ki, sarı zolaqda da hərəkətə icazə verildi. Bu halda yarışda xidmət üçün nəzərdə tutulmuş maşınlara yol verən olmayacaq. Bu da işin ümumi ahənginə mənfi təsir edəcək. Amma hansısa ərazidə sıxlıq yaranırsa, sözsüz ki, orda bizim əməkdaşlar xidmət edirlər. Sıxlığın aradan qaldırılması məqsədilə müəyyən məsafələrdə, sıxlığı yönəltmək üçün ora yönəldilirlər. Biz əvvəldən müəyyən etmişdik ki, respublikanın digər rayonlarından Bakıya maşınların gəlişi nisbətən məhdudlaşsın, eləcə də paytaxtda fərdi nəqliyyatdan mümkün qədər az istifadə olunsun. Sürücülər 10-15 gün müddətində fərdi nəqliyyat vasitəsindən imtina edə bilər. Metromuz da normaldır, avtobuslar da. İctimai nəqliyyatdan istifadə etmək heç də sürücülər üçün problem olmayacaq. Bu, həm özlərinin rahatlığı, həm də şəhərdəki sıxlığın aradan qaldırılması üçün lazımdır”.
Müsahibimizin sözlərinə görə, sarı zolağa keçməklə 40 AZN məbləğində cərimə ödəməli olan sürücülərin narazılığı da yersizdir. Onun sozlərinə görə, bu zolaqlarla bağlı iki ay bundan qabaq məlumatlandırma və təbliğat işləri gedib: “Hər bir sürücü də bununla bağlı məlumatlıdır. Heç kəs bu zolaq, nişanla bağlı məlumatı olmadığını deyə bilməz. Bu, qeyri-səmimilik olar. Digər tərəfdən, heç də bütün küçələrdə sarı zolaqlar yoxdur. Sarı zolağın olduğu bir çox küçələrlə paralel küçədə bu zolaq yoxdur. Bu səbəbdən də o küçələrin siyahısını öyrənib, sarı zolaqlı küçələrdən keçməməklə hərəkəti təmin etmək mümkündür. Və nəzərə almaq lazımdır ki, bu, sürücülər üçün müvəqqəti çətinlikdir. Dövlət əhəmiyyətli bir tədbir zamanı belə hallar dünyanın hər yerində olur”.