“Biz Bakının mərkəzində erməni kilsəsini bərpa etmişik, Ermənistan isə işğal olunmuş torpaqlarda bütün mədəni irsimizi məhv edib”. Bu fikirləri IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun rəsmi açılış mərasimində çıxış edən Azərbaycan prezidenti İlham Əliyev səsləndirib.
Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycanın üzləşdiyi yeganə problem Ermənistanın torpaqlarımızı işğal etməsidir: “Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf 7 rayon işğal olunub. Azərbaycana qarşı etnik təmizləmə siyasəti törədilib, məscidlərimiz dağıdılıb. Biz Bakının mərkəzində erməni kilsəsini bərpa etmişik, Ermənistan isə işğal olunmuş torpaqlarda bütün mədəni irsimizi məhv edib. ATƏT-in faktaraşdırıcı missiyaları da bunu təsdiq edib”.
Ölkə başçısının çıxışında yer alan bu həqiqət- Azərbaycan tarixi abidələrinin erməni vandalları tərəfindən məhv edilməsi hər kəsə bəllidir. Bəs görəsən, Bakıda erməni kilsəsi hansı ünvanda yerləşir? Bu abidənin hazırki durumu necədir?
Musavat.com-un müxbiri sualların izi ilə şəhərin mərkəzinə baş çəkib.
Bakının mərkəzi sayılan “Tarqovı” kimi tanınan Nizami küçəsində yerləşən erməni kilsəsi Prezident Aparatının arxivi kimi istifadə olunur və kilsə kimi fəaliyyət göstərmir. Lakin tarixi abidə kimi qorunub saxlanılır. Hökumət bu abidənin dağılmaması üçün hər cür addımı atıb, kilsə restavrasiya olunub, içərisi müasir tərzdə təmir olunub.
Bakı sakinlərinin erməni kilsəsinin şəhərin mərkəzinə yerləşməsinə münasibəti isə birmənalı deyil. Şəhərdə keçirdiyimiz kiçik sorğu da göstərdi ki, azərbaycanlılar arasında tolerantlar daha üstünlük təşkil edir. Sakinlər də bildirir ki, xalqımızın başına min cür bəlalar gətirən erməni xalqının kilsəsinin Bakının mərkəzində qorunub saxlanılması dünyaya verilən bir tolerantlıq mesajıdır.
Abidə erməni kilsəsi adlansa da, onun tikildiyi ilk illərdə yəhudi sinaqoqu olduğunu iddia edənlər də oldu.
Daha ətraflı təqdim edəcəyimiz videosujetdən izləyə bilərsiniz.