Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Bakının Səbail rayonunun Bibiheybət qəsəbəsində inşa olunmuş SOCAR-ın Bakı Ali Neft Məktəbinin yeni kampusunun açılışında iştirak edib.
Axşam.az-ın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev yeni kampusda görülən işləri əks etdirən stendlərlə tanış olub. O, çıxış edərək bildirib:
“Buranın yeri də çox böyük rəmzi məna daşıyır. Mən 10 il bundan əvvəl Dövlət Neft Şirkətinə göstəriş vermişdim ki, onilliklər ərzində çirklənmiş Bibiheybət ərazisini, buruqların ətrafını təmizləsinlər, neft gölməçələrini qurutsunlar, bu zonada böyük yaşıllıq zolaqları salınsın və onlar bu işlərə başladılar. Bu yerlərin foto və videogörüntüləri əlbəttə ki, vaxtilə müxtəlif dərgilərdə, jurnallarda, qəzetlərdə dərc edilmişdi.
Hətta məşhur Ceyms Bondun filmlərindən biri də burada çəkilmişdir. Əgər o filmə baxsanız görərsiniz ki, buradakı mənzərə nə gündə idi. Bura ekoloji fəlakət zonası idi. Ancaq bu gün bura şəhərimizin ən abad yerlərindən biridir”.