Günün ən maraqlı xəbərlərindən biri də qızının təmtəraqlı toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift idarəsinin rəisi Qüdrət Şükürovla bağlı oldu.
Musavat.com məlumat yaydı ki, o, qızını “Dəmirbank” ASC-nin idarə heyətinin sabiq sədri Roman Əmircanovun oğluna ərə verib. Roman Əmircanovun digər oğlu isə MTN-in sabiq idarə rəisi, hazırda məhkəmə qarşısında cavab verən Akif Çovdarovun kürəkənidir.
Bu yazı ilə bağlı saytımıza müraciət edən oxucular isə daha ilginc məlumat təqdim ediblər. Ailəyə yaxın olduqlarını iddia edən şəxslərin verdiyi bilgiyə görə, Qüdrət Şükürovun qızı Aysel və yazıda Roman Əmircanovun oğlu kimi təqdim edilən Oktayın Akif Çovdarovla heç bir tanışlığı yoxdur. Oxucumuz yazır ki, Oktay Roman Əmircanovun oğlu yox, bacısı oğludur. Roman Əmircanovun oğulları isə ümumiyyətlə, evli deyil.
Bundan başqa, oxucumuz iddia edir ki, Çovdarovun bir kürəkəni naxçıvanlı, digəri isə Borçalıdandır. Onun sözlərinə görə, yazıda qeyd olunan “R.Əmircanovun oğlu A.Çovdarovun kürəkənidir” xəbəri məhz bu səbəbdən yanlışdır.