Xəbər verildiyi kimi dünən aprelin 2-də Nərimanov rayonunun Keşlə qəsəbəsində 1991-ci il təvəllüdlü Fəridə Qasımova və onun qardaşı 2001-ci il təvəllüdlü Saqil Qasımzadə qətlə yetirilib. Saqil və Fəridənin qatili onların analarını-Lətifə Məmmədovanı üz və boğaz nahiyəsindən bıçaqlamaqla ağır yaralayıb. Qətli törədən Lətifə Məmmədovanın bacısının kürəkəni, Astara sakini, 1997-ci ildə anadan olmuş və əvvəllər məhkumluq həyatı yaşamış Cəfərov Azər Fərman oğludur. Qatil evdən 207 ABŞ dolları və 250 manat pulu götürərək hadisə yerini tərk edib.
İlkin məlumatda bu dəhşətli cinayətin tamah məqsədilə törədildiyi ehtimalı irəli sürülmüşdü. Mətbuatda və sosial şəbəkələrdə isə hadisə ilə bağlı müxtəlif ehtimallar irəli sürüldü, kimi qətlin qisas məqsədilə törədildiyini, kimi də qatilin evdə küllü miqdarda pul olduğunu bildiyi üçün hadisəni törətdiyini iddia edirdi.
Virtualaz.org saytının əməkdaşları hadisə barəsində daha detallı məlumat əldə etmək məqsədi ilə qətlin baş verdiyi ünvanda-Keşlə yük stansiyasının yaxınlığında, dəmir yolunun kənarında yerləşən gecəqonduda olublar.
Bu ərazidə evlər bir-birinə bitişik yerləşsə də, qonşular hadisədən yalnız ertəsi gün xəbər tutublar. Mərhumun yaxınları dəhşətli qətllə bağlı mətbuatda verilən məlumatlardan narazı qalıblar. Buna görə də mətbuata danışmaq istəmədiklərini söylədilər.
“Mənim qardaşım və bacım öldürülüb. Mətbuatda hərə hadisəni bir cür yazıb. Qatili video görüntülərlə tapıblar”, mərhumun qardaşı söyləyir. O, adını açıqlamaq istəməsə də, anasının vəziyyətinin nisbətən yaxşılaşdığını, ayıldığını deyir.
Qonşular isə hadisənin qarət üstündə törədildiyini deyiblər. “Hadisə gecə saatlarında olub. Buna görə də kimsə xəbər tutmayıb. Fəridənin meyiti evin qarşısında tapılıb. Uşaqların köməksiz vəziyyətindən istifadə edib. Qatil əvvəllər də məhkum olub. Yəqin buna görə də xüsusi amansızlıq törədə bilib”-, qonşular deyiblər.
Lətifə Məmmədovanın 4 övladı olub. “Deyirlər ailə başçısı rəhmətə gedib. Olduqca sakit ailədir, heç kim belə bir dəhşətli qətlin baş verəcəyini gözləmirdi. Qatil ailənin yaxın qohumudur”,-yaxınlıqdakı qonşulardan biri bildirib.
Dəmiryolu xəttinin yaxınlığında yerləşən evlərdə həm qaçqın ailələri, həm də yerli sakinlər yaşayırlar. “Varlı adam bu şəraitdə yaşamaz. Cəmi 200 manata görə bir ailəni məhv etdi”,-qonşu söyləyib.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi fakta bağlı rəsmi açıqlama yayıb. Xəbərdə deyilir ki, aprelin 2-də saat 1-də Nərimanov rayonunun Keşlə qəsəbəsində Bakı şəhər sakini Fəridə Qasımovanın üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evinin qarışısında tapılıb, anası Lətifə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub. Onun idarə etdiyi “BMW” markalı avtomobilin yük yerinə baxış zamanı oradan L.Məmmədovanın 16 yaşlı oğlu Saqil Qasımzadənin bədən və baş nahiyələrində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.
“Sputnik” agentliyi isə hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən bildirir ki, qatil Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) və 263-cü (nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması) maddələri ilə məhkumluq yaşayıb. Hadisədən əvvəl-aprelin 1-də axşam Cəfərov arvadının xalasıgilə qonaq gedibmiş. Qatil istintaqa ilkin ifadəsində dəhşətli cinayəti pul üstündə törətdiyini etiraf edib.
Məlum olub ki, cinayətkar hadisəni törətdikdən sonra qurbanlardan birinin-16 yaşlı Sahilin cəsədini özünün 90 HK 308 dövlət nömrə nişanlı BMW-318 avtomobilinin yük yerinə qoyaraq izi itirməyə, cəsədi dənizə atmağa çalışıb. Əməliyyatçılar qətl barədə xəbəri alaraq hadisə yerinə gediblər və gəncin evdə olmadığını görüblər. Onlar Saqili axtarmağa başlayıblar, fotosunu hamıya göstəriblər. Çünki həmin vaxt Saqilin anasının vəziyyəti ağır idi və onu dindirmək, beləliklə də hadisənin kim tərəfindən törədildiyini müəyyən etmək mümkün deyildi.
Bir neçə saat sonra əməliyyatçılar Saqilin cəsədini Cəfərovun avtomobilinin yük yerində tapıblar. Məlum olub ki, cinayətkarın avtomobilinin təkəri Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yaxınlığında buraxıb və o, avtomobili cəsədlə birlikdə ataraq qaçıb. Əməliyyatçılar tezliklə qatilin izinə düşüblər və onu yaxalayıblar. İlkin dindirmə zamanı məlum olub ki, cinayətkar qurbanının cəsədini dənizə atmağı planlaşdırıbmış. Qatil ilkin dindirmə zamanı etiraf edib ki, Lətifə Məmmədovanın evinə qonaq getmişdi. Qadın onu evində axşam yeməyinə qonaq edib. Masa arxasında Cəfərov deyib ki, ona pul lazımdır. Qadın ona pulunun olmadığını, heç cür kömək edə bilməyəcəyini deyib.
“Mən ona inanmadım və yalan danışdığını düşünərək qəzəbləndim. Sonrasını isə bilirsiniz”-soyuqqanlı qatil müstəntiqlərə bildirib.
Qeyd edək ki, bu dəhşətli qətl hadisəsi cəmiyyətdə geniş rezonans doğurub və bir çoxları belə cinayətkarlar üçün ölüm hökmünün bərpasına çağırırlar. Hazırda Azərbaycanda ölüm cəzası tətbiq olunmur və ən qəddar cinayətlər törədənlər belə ən uzağı ömürlük həbslə cəzalanırlar.