Böyük Britaniya ikinci dəfə parçalanma təhlükəsi qarşısında

Böyük Britaniya hökuməti ikinci dəfə Şotland separatizmi təhlükəsi ilə üzləşib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, bu gün Şotlandiya parlamenti regionun müstəqilliyi ilə bağlı referendum keçirilməsi məsələsini ikinci dəfə parlamentin müzakirəsinə çıxaracaq.

Məsələ ilə bağlı səsvermə çərşənbə günü keçiriləcək.

Referendumun təşəbbüskarları Şotlandiyanın müstəqil dövlət olaraq Avropa Birliyində qalmasını, habelə vahid Avropa bazarına daxil olmasını istəyirlər.

Ekspertlərin rəyinə görə, Şotlandiyanın təşəbbüsü nəticəsindən asılı olmayaraq həm Böyük Britaniya, həm də bütün dünya üçün ciddi problemlər yarada bilər.

Xatırladaq ki, Şotlandiyanın Böyük Britaniyanın tərkibindən ayrılması ilə bağlı ilk referendum separatçılar üçün uğursuzluqla nəticələnmişdi. Şotlandların 55,3%- Birləşmiş krallığın tərkibində qalmağa səs vermişdi.

Böyük Britaniyanın Avropa Birliyindən ayrılmaq qərarı alması şotland separatçıları üçün revanş imkanı verib.

Şotlandiyanın yerli hökumətinin başçısı Nikola Stercen referendumun 2018-ci ilin payızında və ya 2019-cu ilin yazında keçirilməsinin mümkün olduğunu söyləyib.

Lakin bundan ötrü Londonun icazəsinin alınması lazım gələcək. Baş nazir Tereza Meyin isə belə bir sənədi imzalamaq həvəsi yoxdur.

Onun fikrincə, Böyük Britaniya hazırda Breksit-lə bağlı proseduraları həll etməli və gələcəkdə AB ilə qurulacaq münasibətlərə yönəlməlidir.

Nikola Stercen baş nazir Tereza Meyin onların Şotlandiya parlamentinin səlahiyyətlərinin artırılması və regionun Avropa Birliyinin tərkibində qalması ilə bağlı tələblərini qulaqardına vurduğunu deyib.

Böyük Britaniya ikinci dəfə parçalanma təhlükəsi qarşısında

Siyasi müşahidəçilərin bildirdiyinə görə, referendumun yerli parlamentdən keçməsi ehtimalı olduqca yüksəkdir. Şotlandiya parlamentinin 129 üzvündən 63-ü separatçı Şotlandiya Milli partiyasına mənsubdur. Elə yerli müxalifətdən də referenduma dəstək verənlər tapılıb. Yaşıllar partiyasının lideri Patrik Harvi müvafiq təşəbbüsə dəstək göstərəcəklərini açıqlayıb.

Mütəxəssislərin rəyinə əsasən referendumun nəticələrindən asılı olmayaraq Şotlandiya hakimiyyətinin addımları Böyük Britaniya dövlətçiliyinin özünü təhlükə altına qoyur. Belə ki, Nikola Stercen Britaniya hökumətinin fəaliyyətindən narazı olan Uels və Şimali İrlandiya əhalisini də onlara qoşulmağa çağırıb.

Dublində yerləşən Waterford Institute of Technology təşkilatının eksperti Roslin Füller Londonun bu gəlişmələrdən narahat olmalı olduğunu düşünür. Ekspertin rəyinə görə, Şotlandiyanın Birləşmiş Krallığın tərkibindən çıxması Uels və Şimali İrlandiya üçün domino effekti yarada bilər. Xüsusilə Şimali İrlandiyanın İrlandiya respublikası ilə birləşmək ehtimalı daha da qüvvətlənəcək.

Böyük Britaniya ikinci dəfə parçalanma təhlükəsi qarşısında

“İrlandiya adasının hər iki hissəsində respublikaçı partiyalar güclənməkdə, yunionistlərin (Böyük Britaniyanın tərkibində qalmasına tərəfdar olanların-red.) mövqeləri isə əriməkdə davam edir”, ekspert qeyd edib.

Elə Avropa Birliyinin özündə də Şotlandiya və Şimali İrlandiyanın yenidən Birliyin tərkibinə qayıtmasını istəyənlər tapılıb. Onların fikrincə bu AB-nin yenidən möhkəmlənməsi üçün əlavə şans ola bilər.

Lakin bu məsələdə müqavimət göstərənlərin də sayı az deyil. Xüsusilə öz ərazilərində etnik separatçılıq problemləri ilə boğuşan dövlətlər buna qarşı çıxırlar. Məsələn uzun müddətdir ki, Kataloniyanın ayrılmasına imkan verməyən İspaniya indidən bu məsələni rədd edəcəyini açıqlayıb.

Böyük Britaniya ikinci dəfə parçalanma təhlükəsi qarşısında

İspaniyanın narahatlığı əbəs yerə deyil. Kataloniya hökumətinin başçısı Karlos Puçdemon Madridə “Şotland nümunəsinə” uyğun referendum keçirilməsini təklif edib. İspaniya hökuməti isə buna dərhal reaksiya verərək iki situasiya arasında uyğunluğun olmadığını bildirib.
Mütəxəssislərin ümumi rəyinə əsasən Şotlandiya məsələsi nəinki Böyük Britaniya və Avropa Birliyi, hətta dünyanın etnik və bölücülük peoblemləri ilə üzləşən istənilən bölgəsi üçün ən ciddi təhlükələr doğurmaq iqtidarındadır. Analoji problemi daşıyan Azərbaycanın da bu kimi gəlişmələri diqqətlə izləməsi və indiki anda həm Böyük Britaniya, həm də İspaniyaya dəstək verməsi olduqca vacibdir.