Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanunu imzalayıb.
“Report”un məlumatına görə, qanunda aşağıdakı dəyişikliklər edilib:
1. 2-ci maddədə doqquzuncu – on beşinci bəndlər müvafiq olaraq on yeddinci – iyirmi üçüncü bəndlər hesab edilsin və aşağıdakı məzmunda doqquzuncu – on altıncı bəndlər əlavə edilsin:
“internet informasiya ehtiyatı – internet şəbəkəsində yaradılan, informasiyanın yayılması üçün istifadə olunan, müraciət edilməsi üçün domen adına və sahibi tərəfindən müəyyənləşdirilmiş digər işarələnməyə malik olan informasiya ehtiyatı;
internet informasiya ehtiyatının sahibi – internet informasiya ehtiyatından istifadə edilməsi, o cümlədən burada informasiya yerləşdirilməsi qaydalarını sərbəst olaraq müəyyən edən, internet informasiya ehtiyatına sahiblik və istifadə hüquqlarına malik olan şəxs;
domen adı – internet şəbəkəsində yerləşdirilən informasiya ehtiyatına müraciətin təmin olunması üçün verilən unikal simvol düzülüşü;
domen adının sahibi – müqaviləyə əsasən domen adına müddətli sahiblik edən şəxs;
internet provayder – internet şəbəkəsinə telekommunikasiya vasitələri ilə qoşulmaq üçün texniki imkanı təmin edən təchizatçı;
host provayder – internet informasiya ehtiyatının istifadəsinin təmin edilməsi üçün öz informasiya sistemlərində yerləşdirilməsi xidmətini göstərən təchizatçı;
domen adlarının milli inzibatçısı – “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domen adlarının inzibatçılığını həyata keçirən səlahiyyətli şəxs;
domen adlarının qeydiyyatçısı – domen adların milli inzibatçısı ilə bağlanılmış müqaviləyə əsasən “az” ölkə kodlu yüksək səviyyəli domen zonasında domenlərin qeydiyyatı üzrə xidmət göstərən şəxs;”.
2. 2-ci maddənin on doqquzuncu bəndində, 6-cı maddənin onuncu hissəsində, 11-ci maddənin birinci hissəsində, 13-cü maddənin adında və mətnində, 18-ci maddənin birinci və dördüncü hissələrində, 19-cu maddənin ikinci hissəsində və 20-ci maddənin birinci hissəsində ismin müvafiq hallarında “sahibkar” sözü ismin müvafiq hallarında “sahib” sözü ilə əvəz edilsin.