Türkiyənin məşhur müğənnisi Rafet El Roman Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edib.
Musavat.com xəbər verir ki, ifaçı konserti “Suç bendemi” mahnısı ilə açıq elan edib.
Mahnıdan sonra qonaqları salamlayan türk ifaçı Bakını çox sevdiyini bildirib: “Azərbaycanı çox sevirəm. Burada özümü vətənimdəki kimi hiss edirəm. İnsanları çox səmimidir, qonaqpərvərdir. Ən çox sevildiyim ölkə Azərbaycandır. Bəzən düşünürəm ki, kaş, Azərbaycanda azərbaycanlı olaraq doğulaydım. O zaman əfsanə olardım. Məni daha yüksək zirvələrə qaldırardılar. Buraya sevilən əsərlərimi və mahnılarımı gətirmişəm. İstəyirəm ki, bütün gözəl anlarımızı xatırlayaq”.
Müğənni ard-arda sevilən mahnılarını səsləndirib və dünyaya barış mesajı verib: “Dünyada bir çox xoş olmayan hadisələr baş verir. Bu hadisələrə qarşı biz sənətçilər daha duyarlı davranırıq. Bəzi şeylər əlimizdən gəlmir. Mahnı oxumaq da, danışmaq da kifayət etmir. Biz də həyat deyib keçirik. İnanırıq ki, hər şey gözəl olacaq. Dünyada sülh olsun”.
Konsertdə əyləncəli anlar da yaşanıb. Müğənninin azərbaycanlı fanatı Elşad səhnəyə çıxaraq müğənniyə hədiyyə və gül buketi bağışlayıb. Onlar birlikdə duet ifa ediblər. İkilinin məzəli dialoqu tamaşaçılara gülüş bəxş edib.
Daha sonra, Rafet El Roman tarzən Humay Qədimovanı səhnəyə dəvət edib. Tarzən öncə tar haqda məlumat verib və “Bayati şiraz” dəsgahını ifa edib.
Humayı tədbirlərin birində çəkilən çıxışının video görüntülərində gördüyünü deyən müğənni ona səhnədə mahnı bəstələməyi təklif edib. O, azərbaycanlı ifaçının müşayiəti ilə səhnədəcə sözlərini düzüb-qoşduğu mahnını ifa edib.
Rafet El Roman sevgilisinə bir maşın gül göndərdiyi haqda yayılan məlumatlara səhnədə aydınlq gətirib: “Sevmək, sevilmək gözəl hissdir. Mənə hava limanında sevgilimə bir yük maşını gül göndərməyim haqqında sual verdilər. Bu xəbərlər əsassızdır”.
Türkiyəli qonaq sonda gənc müğənni Çinarə Məlikzadə ilə səhnəni bölüşüb. El Roman konserti “Ben de özledim” mahnısı ilə sona çatdırıb.
Qeyd edək ki, təşkilatçılığını Nahid Emiloğlunun etdiyi konsertin aparıcısı Nanə Ağamalıyeva olub.