Elçin Mirzəbəyli: “Trampın komandasındakıların heç biri Rusiyaya xüsusi simpatiyası ilə seçilmir”
“Rusiyalı siyasətçilərin və Kremlə bağlı olan ekspertlərin ABŞ-da keçirilən prezident seçkisindən öncə və sonra Donald Trampla bağlı səsləndirdikləri aşırı nikbin fikirlər və proqnozlar məni sözün əsl mənasında təəccübləndirirdi. Öncədən də bəlli idi ki, Tramp prezident seçiləcəyi təqdirdə seçki dövründə ABŞ-ın xarici siyasəti ilə bağlı verdiyi vədləri yerinə yetirməyəcək”.
Politoloq Elçin Mirzəbəyli bunu ABŞ-Rusiya münasibətlərinin perspektivlərini “Yeni Müsavat”a şərh edərkən söylədi. Qeyd edək ki, Demokratlar Partiyasının xanım namizədinə qalib gələnədək D.Trampın bir sıra bəyanatları və vədləri Mosvadakı dairələri iki nəhəng dövlət arasında “soyuq müharibə”nin geridə qalacağı barədə ümidləndirmişdi. Ancaq son gedişat onu deyir ki, Ağ Evin yeni administrasiyası nəinki Obama administrasiyasının siyasətinə ciddi korrektələr etməyəcək, əksinə, Rusiya və İrana qarşı sərt siyasət davam edəcək.
E.Mirzəbəyli də qeyd etdi ki, ABŞ-da keçirilən bütün prezident seçkilərində seçicilərin əsas diqqəti namizədlərin ölkədaxili siyasətlə bağlı verdiyi vədlərə yönəlir və onlar seçdikləri prezidentdən bunu da tələb edirlər: “ABŞ seçicisi üçün yeni prezidentin Rusiya, yaxud Çinə münasibətdə hansı siyasət yürüdəcəyi önəmli deyil. Onlar üçün əsas iqtisadiyyatın inkişafı, sosial problemlərin həlli, səhiyyə və təhsil sahəsində atılacaq addımlar, biznesin inkişafı üçün yaradılacaq əlverişli mühit və yeni iş yerlərinin açılması daha böyük önəm kəsb edir.
Donald Tramp üçün də sadaladığım bu məsələlər şübhəsiz ki, prioritet təşkil edəcək. Xarici siyasətdə isə Donald Tramp və komandası Birləşmiş Ştatların geosiyasi maraqlarının qorunması, ABŞ-ın dünya gücü olaraq nüfuz dairəsininin genişləndirilməsi istiqamətində strateji xətti davam etdirəcəklər. ABŞ prezidentlərindən öz ölkələrinin mövqelərini zəiflədəcək addımların atılmasını gözləmək sadəlöhvlükdür. Bu mümkün deyil və sistemin özü buna imkan verməz. Trampın seçki kampaniyası dövründə Rusiya ilə bağlı səsləndirdiyi fikirlərə isə onun seçki texnologiyasının tərkib hissəsi kimi yanaşmaq lazımdır. Onun rəqibi Rusiyaya qarşı kəskin və barışmaz mövqeyi ilə fəqrlənirdi. Əgər Tramp da seçkidə eyni xətti davam etdirsəydi, rəqibi Hillari Klintonu təkrarlamış olardı və zəif görünərdi”.
Politoloq hesab edir ki, bu səbəbdən də Trampın seçki texnoloqları fərqli taktika seçmişdilər: “Trampın Rusiya ilə bağlı yürüdəcəyi siyasətin bəzi detllarını hətta seçki dövründə də onun komandasının kimliyi bəlli olan təmsilçilərinin timsalında qismən də olsa müəyyənləşdirmək mümkün idi. Məsələn, vitse-prezident Mayk Pens Rusiyaya qarşı sərt mövqedə dayanan bir siyasətçi kimi tanınır. Seçki dövründə Trampın məsləhətçisi olan, yanvarın sonlarından etibarən isə prezidentin təhlükəsizlik məsələləri üzrə müşaviri vəsifəsini daşıyacaq ABŞ hərbi kəşfiyyatının sabiq rəhbəri general Maykl Flin də əslində Rusiyaya simpatik münasibət bəsləmir. Doğrudur, ruslar Flini İŞİD-ə qarşı mübarizədə və Suriya məsələsində ABŞ-Rusiya ittifaqının tərəfdarı kimi təqdim edirlər. Lakin məsələnin digər tərəfini unudurlar. Maykl Flin Türkiyəyə regionda daha geniş imkanların yaradılmasının tərəfdarı kimi çıxış edir. Bu isə tamamilə fəqrli geosiyasi proseslərə yol aça biləcək bir yanaşmadır. Qənaətimə görə, Suriya məsələsində Rusiya faktorunun qabardılması məqsədyönlü xarakter daşıyır. Obamadan fərqli olaraq Tramp müdafiə və təhlükəsizlik məsələlərinə vəsait ayırmaq istəməyən Avropa liderləri ilə daha sərt davranacaq və onları müdafiə və təhlükəsilik məsələlrinə daha çox vəsait ayırmağa məcbur edəcək. Yəni ABŞ artıq öz vəsaiti hesabına müttəfiqlərinin təhlükəsizliyini təmin etmək istəmir. Əslində məsələ çox sadədir: tulunu ver, təhlükəsizliyini təmin edim. Əks təqdirdə Rusiya təhlükəsi ilə qarşı-qarşıya qalacaqsan…”
E.Mirzəbəyli Tramp dövründə ABŞ-ın dövlət katibi vəzifəsini daşıyacaq şəxslərin siyahısına da diqqət yetirməyi zəruri sayır: “1. Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq rəisi Devid Petreus 2. Tennesi ştatından olan senator Bob Korker 3. Massaçusets ştatının sabiq qubernatoru, sabiq prezidentliyə namizəd Mitt Romni 4. İstefada olan admiral Ceyms Stavridis 5. ExxonMobil neft şirkətinin direktorlar şurasının sədri və baş idarəçisi Reks Tillerson Göründüyü kimi dövlət katibliyinə namizədlərin siyahısı kifayət qədərdir. Amma onların heç biri Rusiyaya xüsusi simpatiyası ilə seçilmir. Bu səbəbdən də Rusiyalı siyasətçilərin vaxtından əvvəl sevindiklərini düşünürəm”.
Musavat.com