Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) 11 keçmiş əməkdaşının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Prosesə hakim Əfqan Hacıyev sədrlik edib.
Musavat.com xəbər verir ki, ötən prosesdə cinayət işi üzrə məhkəmənin hazırlıq iclası baş tutmamışdı. Buna səbəb Vidadi Zeynalovun vəkilinin cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəməsi idi. Noyabrın 16-da keçirilən hazırlıq iclasında Vidadi Zeynalov və digər təqdirləndirilən şəxslərin vəkilləri vəsatətlərlə çıxış ediblər.
İlk olaraq Vidadi Zeynalovun vəkilləri vəsatətlərini məhkəməyə təqdim ediblər. Bildirək ki, nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalovun müdafiəsinə 3 vəkil qoşulub. V.Zeynalovun vəkillərinin ilk vəsatəti həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı olub. V.Zeynalovun vəkilləri əlavə edib ki, hüquqlarını müdafiə etdikləri şəxsə qarşı ittiham digər həbs edilən şəxslərin ifadsinə əsasən verilib. Vəkillər bəzi ittihamların əsassız olduğunu deyiblər.
V.Zeynalovun vəkilləri bu günə qədər mətbuatda yazılan yazılara da etirazlarını bildiriblər: “İttiham aktında qeyd edilən məqamlar məhkəmə başlamamışdan, hazırlıq iclası keçirilmədən mətbuata ötürülüb. Biz ittihamın qərəzli hazırlandığını bildiririk. Ancaq təəssüflər olsun ki, ictimaiyyəti çaşdıracaq yazılar KİV-lərdə dərc edilir. Bəlkə məhkəmənin hazırlıq iclasında işin ibtidai istintaqa qaytarılması ilə bağlı qərar qəbul ediləcək?”
V.Zeynalovun ev dustaqlıığına buraxılmasını istəyən vəkillər əlavə edib: “Həbs-qətimkan tədbirinin seçilməsi qərarı Vidadi Zeynalovun ləyaqətinin alçaldılması, müdafiə hüququnun kobud şəkildə pozulmasıdır”.
Vəkil Bəylər Məmişov müvəkkilinin bəzi əmlaklarına həbs qoyulmasının qanunsuzluq olduğunu, həmin əmlakları Vidadi Zeynalovun nazirlikdə işə başlamamışdan əvvəl əldə etdiyini bildirib: “Müvəkkilimin 2004-cü ildə əldə etdiyi fərdi yaşayış evi, Nəsib bəy Yusifbəli küçəsindəki fərdi yaşayış evi 2004-cü ildə alınıb, 1994-cü ildə alınmış, 2001-ci ildə oğlunun adına keçirilib, İsmayıllıdakı fərdi torpaq sahələri 2006-2007-ci ildə alınıb, Lənkəranda olan torpaq sahəsi fərdi yaşayış evinin banka girov qoyulması ilə alınıb, Zeynalovun oğlunun işlədiyi İqtisad Universitetindəki fəaliyyətinə görə verilən bir otaqlı evə də həbs qoyulub. Bacısının və digər yaxın ətrafının da əmlakına həbs qoyulub. Həmçinin Vidadi Zeynalovun babasının 1941-ci ildə tikdirdiyi fərdi yaşayış evinə də həbs qoyulub. Bütün bunlar hüquq pozuntularıdır. Məhkəmə bütün bunları nəzər almalıdır”.
B.Məmişov deyib ki, sabiq nazir Əli Abbasovun ibtidai istintaqa 6 milyon 836 min manat ödəniş etdiyini bildirib. Vəkil Əli Abbasovun nədə təqsirləndirildiyini və bu məbləği nə üçün ödədiyini bildirilmədiyini söyləyib. Vəkil Bəylər Məmişov istintaqda sabiq nazir Əli Abbasovun və onun müavini olmuş İltimas Məmmədovun şahid qismində dindirildiyini və onların ifadəsinə əsasən Vidadi Zeynalova qarşı ittihamlar irəli sürüldüyünü söyləyib.
B.Məmişov Əli Abbasov və İltimas Məmmədovun şahid qismində məhkəməyə çağırılması ilə bağlı vəsatət verib. Vəkil deyib ki, Vidadi Zeynalov hüquqlarının kobud şəkildə pozulması ilə bağlı baş prokuror Zakir Qaralova da müraciə edib. Lakin onun müraciətinə baxılmayıb. Anar Musatafayevin vəkili də çıxışında müvəkkilinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.
Vəkil əlavə edib ki, Anar Mustafayev bir ildən artıqdır həbsdədir, ancaq o evin tək qazanc gətirən üzvü olub. Vəkil A.Mustafayevin vurduğu ziyanın istintaqda şişirdilərək göstərildiyini söyləyib: “Biz müəyyən bir məbləğin ödənilməsi ilə razıyıq. Ancaq istintaq zamanı yazılan məbləğ şişirdilib”.
Vəkil ibtidai istintaq zamanı müvəkkilinin hüquqlarının kobud şəkildə pozulduğunu və işin yenidən araşdırılması üçün istintaqa qaytarılmasını istəyib. Digər təqsirləndirilən Namazəlı Məmmədovun vəkili də eyni məzmunlu vəsatətlə çıxış edib.
Vəkil deyib ki, N.Məmmədovun 10 əmlakına həbs qoyulub: “Həmin əmlaklar 2009-cu ildə əldə edilib. Onlara həbs qoyulması qanunsuzluqdur. Namazalı Məmmədovun 96 yaşlı anasının, xəstə övladının yaşadığı evə də həbs qoyulub. Həmin ev də “Rabitəbank”da girovdadır. Müvəkkilimin banka 2 milyon borcu var. O, ev dustaqlığına buraxılsa belə, ölkəni tərk etmək imkanı olmayacaq. O, evin yeganə qazanc gətirən üzvüdür. O, ev dustaqlığına buraxılarsa, dəymiş ziyanı ödəyə bilər”.
Vəkil istintaq zamanı kobud qanun pozuntularının olduğunu deyib: “İstintaqda bəzi qovşaqlarda yeyintilərin olması ilə bağlı məlumat var. Qovşaqlar üzrə göstərilən məbləğlər hesablandıqda ümumi məbləğdən 2 milyon fərq edir. Bu da pozuntuların olduğunu göstərir”.
Digər vəkillər də hüquqlarını müdafiə etdikləri şəxsin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət veriblər.
Vidadi Zeynalov vəsatətlərə münasibət bildirərkən deyib ki, işin yenidən istintaqa qaytarılmasını istəmir:“Bəzi vəkillərin ürəyi yanıb deyir ki, qanunsuzluğun aradan qaldırılması üçün iş istintaqa qaytarılsın. Ancaq yenə də orada qanunsuzluq olacaq. Ən yaxşısı bu iş burada araşdırılsın”.
Vəsatətlərə fasilədən sonra münasibət bildiriləcək.
İttiham aktına əsasən, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin baş mühasibi Anar Mustafayev 567 min, “Rabitə Mülki Tikinti” MMC-lərinin direktoru Emin Məmmədov 7 milyon 700 min, “Aztelekom” MMC-nin baş mühasibi Oktay Rüstəmov 250 min, “Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin baş mühasibi Səhrab Hümbətov 600 min, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev 2 milyon, “AzİnTelekom” MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov 1,5 milyon və “Təmir Təchizat Servis” MMC-lərinin direktoru Bayram Vəliyev 204 min, Rabitə və Yüksək Texnologiyalar Nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov 8 milyon, “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov 10 milyon, “Optik Qurğular” İdarəsinin rəisi Namazəli Məmmədov 4 milyon manat mənimsəməkdə təqsirli bilinirlər.