Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş başlayıb.
“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, liderlər Sankt-Peterburqun Strelne rayonunda Konstantinov sarayının ikinci mərtəbəsindəki “Yunan” zalında görüşüblər.
İnformasiyaya əsasən, görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, prezident admistrasiyası baş katibinin müavini İbrahim Kalın və tərcüməçşi, Rusiya tərəfdən isə ölkənin xarici işlər naziri Sergey Lavrov, prezidentin kömkçisi Yuri Uşakov və tərcüməçi Gülnarə Ziqanişina iştirak edib.
Xatırladaq ki, görüşdən sonra Putin və Ərdoğan birgə mətbuat konfransı keçirəcək. Bu, tədbirin ardınca liderlər iş adamları ilə görüşəcək.
Qeyd edək ki, 2015-ci il noyabrın 24-də Rusiyaya məxsus “Su-24” döyüş təyyarəsi Türkiyənin hava sərhədini pozduğu üçün Türkiyə Silahlı Qüvvələri tərəfindən vurulub.
Bundan sonra iki ölkə arasında münasibətlər pozulmuşdu. Həmin hadisədən sonra ilk dəfədir ki, iki ölkənin liderləri görüşür.