“Qualcomm” şirkətinin prosessorları ilə təchiz edilmiş “Android” sistemli qurğular yeni təhlükə ilə üzləşib.
Axşam.az ICTnews-a istinadən xəbər verir ki, “Check Point” şirkətinin ekspertləri tərəfindən aşkar edilmiş boşluqlar seriyası “Quadrooter” adlandırılıb və sözügedən boşluq kibercinayətkara qurbanın smartfonu və planşeti üzərində tam nəzarəti ələ keçirməyə imkan verir.
Haker qurğuda istənilən əməliyyatı yerinə yetirə bilər.
Araşdırmaya əsasən, cihaz “Qualcomm” çipi ilə təchiz edilibsə, “Android” mobil əməliyyat sisteminin istənilən versiyası boşluqlar qarşısında dayanıqsızdır. Hətta iyunda dünyada ən təhlükəsiz smartfon kimi elan edilmiş “BlackBerry DTEK50” cihazı da haker hücumuna qarşı dayanıqsızdır.
“Qualcomm” şirkəti artıq boşluqları aradan qaldıran lazımi proqram təminatını çıxarıb. Amma “Google” şirkətinin nümayəndələri xəbərdarlıq ediblər ki, “Android” sistemindəki boşluqlar yalnız sentyabrda tam aradan qaldırılacaq.