Türkiyə cəmiyyəti 16 iyul gecəsindən narahatdı
Hazırda Türkiyədə olduğum üçün bu ölkənin ictimai rəyilə bir başa tanış olmaq imkanım var. Ən diqqət çəkən məqam odur ki, xalq soyuqqanlıdı, panika yoxdu.
İkincisi, qiyamı dəstəkləyən, ona haqq qazandıran bir adama rast gəlmədim. Əksər kateqoriyadan olan TC vətəndaşlarıyla təmas qurmağa çalışıram. Ərdoğandan razı olan da, narazı qalan da, onu sevən də, sevməyən də hərbi çevrilişə cəhdi pisləyir. Ümumi rəy belədi: “Dövlətin hərbi qiyam yoluyla ələ keçirilməsinə imkan vermərik”. Bircə bu gecədən narahatdı Türkiyə cəmiyyəti. Deyirlər 16 iyul gecəsini də atlatsaq, dövlətə zaval olmayacaq.
Bir yandan da öz ölkəmin insanlarının sosial mediadakı yorumlarına baxıb kədərlənirəm. Bizdə hər kəs mehmetcik sevən olub guya.
TC vətəndaşı isə deyir ki, Parlament binasını bombalayan, polisə atəş açan, vətəndaşı öldürən hərbçi mehmetçik deyil, canidi, dövlət düşməni, vətən xainidi. Belə çıxır ki, azərbaycanlılar Türkiyədə baş verənləri daha çox başa düşür və qardaş ölkəni TC vətəndaşından daha çox sevir?
Bir ölkə göstərin ki, orda qiyam baş versin və xalq xoşbəxt olsun. Belə bir nümunə yoxdu. İqtidarların seçki yoluyla dəyişməsindən yaxşı yol hələ kəşf edilməyib.