Rusiya ilə Türkiyə arasında ötən il noyabrın 24-də, “Su 24″ hərbi təyyarəsinin vurulması ilə qırılan ikitərəfli münasibətlər qaydaya düşmüş sayıla bilər. Gözlənildiyi kimi, dünən Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana telefon açıb.
Bununla da böhranlı mərhələdə olan münasibətlərdə rəsmən yeni bir səhifə açılmış olub. Necə deyərlər, 7 aylıq əsəb müharibəsi, çəkişmə, informasiya və psixoloji savaş dönəmi arxada qalmış sayıla bilər…
Türkiyə və Rusiyanın regional supergüc olaraq proseslərə təsir imkanları səbəbindən bu telefon zənginə bölgədə, həmçinin dünyada maraq və diqqət böyük idi. Əslində “Su 24″ insidentindən sonra tərəflər arasında diplomatik əlaqələr kəsilməmişdi. Hər iki ölkədə səfirlər öz fəaliyyətlərini davam etdirirdi. Bu da ümid yaradırdı ki, “mehriban düşmənlər” uzun müddət küsülü qalmayacaq. Elə də oldu.
***
Türkiyə telekanallarının məlumatına görə, Putinlə Ərdoğan arasında Bakı vaxtilə saat 13:00-da başlayan telefon danışığı 45 dəqiqə çəkib. “Reuters” isə Türkiyə prezidentinin yaxın ətrafına istinadən bildirib ki, danışıq “çox məhsuldar və pozitiv” keçib.
Danışıqların detalları ilə bağlı ilk rəsmi açıqlama Türkiyənin Prezident Administrasiyasından gəlib. Qurumdan bildirildiyinə görə, prezidentlər ikitərəfli əlaqələrin normallaşmasının vacibliyi üzərində dayanıb, bu əlaqələri yenidən canlandırmaq üçün zəruri addımları atmaqla bərabər, bölgədəki siyasi, iqtisadi və humanitar böhranlara qarşı əməkdaşlıq içində olmağın vacibliyini vurğulayıblar.
Putinin telefon zəngi həm də İstanbul Beynəlxalq Hava Limanında törədilmiş və onlarla insanın ölümünə səbəb olan qanlı terror aktından bir gün sonraya təsadüf edirdi. Təbii ki, prezidentlər bu mövzuya da toxunub.
“Cənab Putin İstanbuldakı mənfur terror aktını qınayaraq, prezidentimizin timsalında bütün türk xalqına başsağlığı verib. İkitərəfli münasibətlərin canlanması və terrorla ortaq mübarizə mövzusunda anlaşan prezidentlər təkbətək görüş barədə razılığa gəliblər” – Türkiyə Prezident Administrasiyasının yaydığı açıqlamada qeyd edilir.
Kremlin mətbuat xidmətinin yaydığı açıqlamada isə telefon danışığında V.Putinin ilk olaraq Ərdoğanın məktubu məsələsinə toxunduğu bildirilir. Qurumdan verilən məlumatda deyilir ki, Rusiya prezidenti məktubu iki ölkə arasında gərginliyə son qoyulması və ikitərəfli münasibətlərin inkişafı üçün “vacib addım” kimi dəyərləndirib.
Bəzi məlumatlara görə, prezidentlər “Böyük 20″lərin noyabrda Çində keçirilən sammitində bir araya gələ bilərlər. Lakin Kremlin mətbuat katibi Dmitri Peskov görüşün yerinin və vaxtının hələlik bilinmədiyini, bunun ”diplomatik kanallarla dəqiqləşdiriləcəyini”söyləyib.
***
İki lider arasında telefon danışığı gözlənildiyi kimi, iqtisadi, turizm və başqa sahələrdə əməkdaşlığın canlanması üçün stimul rolu oynayıb. Belə ki, Türkiyə prezidenti ilə telefon söhbətindən sonra V.Putin hökumət üzvləri ilə görüşündə Türkiyəyə rusiyalı turistlərin gedişinə qoyulmuş inzibati məhdudiyyətin aradan qaldırılması barədə göstəriş verib.
“Rusiya lideri bəyan edib ki, hökumətə tapşıracaq ki, ticari-iqtisadi və başqa sahələrdə ikitərəfli və qarşılıqlı faydalı əməkdaşlığın bərpası üçün müvafiq Türkiyə idarələri və qurumları ilə danışıqlara girsin. Bu, ikitərəfli iqtisadi və digər sahələrdə əməkdaşlıq üçün yaxşı imkanlar yaradacaq. Türkiyəli tərəfdaşlarımızın da oxşar addımlar atacağına ümid edirik”.
Bu barədə telefon danışığı ilə bağlı Kremlin mətbuat xidmətinin yaydığı növbəti açıqlamada bildirilir.
“Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla rusiyalı turistlərin Türkiyəyə getməsinə qoyulmuş məhdudiyyətlərin götürülməsini də müzakirə ediblər” – məlumatda ardınca qeyd olunur. Lakin rəsmi açıqlama ardınca vurğulanır ki, “Türkiyə hökuməti Rusiya vətəndaşlarının təhlükəsizliyini təmin eləmək üçün əlavə tədbirlər görməlidir”.
***
Bu arada isə Türkiyə-Rusiya barışına reaksiya və şərhlər davam edir. Maraqlıdır ki, bu arada Kremlin danışan dillərindən sayılan LDPR sədri, Dövlət Duması sədrinin müavini, qatı antitürkçü kimi tanınan Vladimir Jirinovski ənənəvi leksikonundan fərqli olaraq Türkiyənin ünvanına növbəti dəfə isti sözlər deyib.
“Türkiyə bizə qardaş Belarus, Qırğızıstan və hətta Ermənistandan da yaxın olacaq. Gələcəkdə bu ölkə NATO-dan çıxaraq, Şanxay Əməkdaşlıq Təşkilatının üzvü olacaq. Bizə Türkiyə ilə əlaqələr çox sərfəlidir. Türkiyə üçün də Rusiya ilə əlaqə vacibdir. Moskva və Ankara arasında münasibətlər tam həcmdə bərpa olunmalıdır” – deyə, Jirinovksi prezidentlərin telefonla danışdığı gün söyləyib.
Görünür, Kreml yeni situasiya səbəbindən Türkiyə ilə bağlı təlimatı dəyişib. O üzdən təbliğat da, leksikon da artıq müsbətə doğru dəyişib. Təki belə olsun.