İndiki anda Ərdoğanı qınamaq, onu baiskar kimi göstərmək terrora dəstək verməyə bərabər əməldi. 70-80-ci illərdə ASALA terror əyləmləri ilə Türkiyəni sarsıdanda, 78-ci ildən 2002-ci ilə kimi PKK terroru qardaş ölkəni cənginə alanda, Türkiyə əsgərini, sivil vətəndaşları öldürəndə iqtidarda AK Partiyaydı? 100 illər boyu Osmanlını, 10 illərdir Atatürkün qurduğu Türkiyəni zəiflətmək, parçalamaq, imkan olarsa, hətta xəritədən silmək uğrunda iş gedir. Bu, Ərdoğanın, AK Partiyanın məsələsi deyil, bu, Türkiyə Cümhuriyyəti Dövlətinə qarşı xain plandı – iqtidarda kim olur-olsun, bu xain plan dayanmır, əksinə, daha da şiddətlənir.
R.T.Ərdoğanın bir siyasi lider, ölkə rəhbəri kimi yanlışları, səhvləri var, bunu kimsə danmır.
Zatən siyasətçilər – prezidentlər, baş nazirlər yanlış yapar. Bəzən də inandıqları proses sonda özünü doğrultmaz. Tarixdə, bu günümüzdə bu cür nümunələr çoxdu. ABŞ prezidentlərinin yanlış qərarlarını azmı gördük bu günə kimi? Avropa ölkələrinin liderləri də siyasi yanlışlara yol verirlər. “Ərəb baharı” kimi avantürist qərarlar alan dünya liderləri sonda bu yanlışa görə bataqlıqda çabalamadılarmı? Orta Doğunu qan gölündə boğdular, Avropa indi həmin ölkələrdən qaçqın düşən ərəblərin tapdağı altında qalıb. Avropa Avropa olmaqdan çıxıb az qala. Amma kimsə Fransa, Almaniya, İngiltərə dövlətlərinin və hökumətlərini başçılarını Ərdoğanı qınayacaq qədər qınamır.
Türkiyədə terror aktları həyata keçirilən kimi İslam və Ərdoğan qınanır, tənqid olunur. Niyə? Hansı dövlət başçısı istəyər ki, ölkəsində qan axsın, vətəndaşı ölsün, məmləkətində xaos yaşansın?! Bu cür yanaşmalar savadsızlıq və qərəzlilikdi. Ərdoğan bu gün istefa verib çəkilsə, iqtidardan və hətta siyasətdən getsə, Türkiyə həmən abadmı olacaq? Terror dayanacaqmı? PKK-nın, İŞİD-ın arxasındakı güclər qanlı əllərini Türkiyəmizin yaxasından çəkəcəklərmi? Əsla. Məsələ Ərdoğan və onun komandası deyil. Məsələ Türkiyə Cümhuriyyətinə, Türkiyə vətəndaşlarına göz dağı verməkdi. Savaş Türkiyə və onun xalqı ilə gedir, Ərdoğanla yox. Bu sadə həqiqəti görməzdən gəlmək terrorçuların dəyirmanına su tökməkdən başqa bir işə yaramır.
Avropada son illər bir-birinin ardınca terror aksiyaları oldu. Parisdə, Brüsseldə ard-arda terror olayları yaşandı.
Onlarla dinc insan öldürüldü. Dərhal müsəlmanlar lənətləndi, İslam pisləndi. Qərb dövlətləri illərlə terror təşkilatlarını bəsləməklə məşğul olub – bu, danılmaz faktdı. ABŞ Əfqanıstanda Sovet İttifaqı ilə döyüşmək üçün əl Qaida terror təşkilatını yaratdı. Üsamə bin Ladeni əfsanəvi qəhrəmana çevirdi. Sonra bu hörgüt ABŞ-ın baş ağrısına çevrildi. 2001-ci ilin 11 sentyabrında eyni gündə, az zaman fərqi ilə Nyu-Yorkda, Vaşinqtonda dəhşətli terror aksiyalarından bütün dünya sarsıldı. Qərb mediası, ideolojisi, siyasəti ABŞ-ın əl Qaidaya qarşı savaşını anti-terror aksiyaları kimi qələmə verdi. İraqda Səddam Hüseynə qarşı başladılan mənasız savaş isə demokratiya və azadlıq mücadiləsi kimi düşüncələrə yeridildi. Nə Əfqanıstan terrorçulardan təmizləndi, nə İraqa demokratiya, sülh gəldi. Vəziyyət daha da pisləşdi. İndi hər gün İraqda insanlar terrorun qurbanı olur. Amerika əsgərinin çəkməsinin dəydiyi hansı torpaqda indiyədək əmin-amanlıq yaranıb?
Bəziləri Ərdoğanı PKK-nı gücləndirməkdə suçlayır. Türkiyə prezidenti “çözüm sürəci”nə görə tənqid olunur. Türkiyə hökuməti bu prosesi məhz Qərbin israrlı tələbləri fonunda başlatdı. Dövləti qorumaq üçün Ərdoğan manevr etmək zorundaydı. Qərb PKK-ya nəfəs alması, dağdan Türkiyənin böyük şəhərlərinə enib təşkilatlanması üçün vaxt qazandırdı. Həmin vaxt Ərdoğan bunun tərsini etsəydi, bu, Türkiyəyə baha başa gələrdi. Bəlkə də bugünkü terror əyləmləri o zaman olacaqdı.
Demirik Rəcəb Tayyib Ərdoğan və iqtidarı 14 ildə yanlış yapmayıb, səhvlər buraxmayıb. Olub.
Türkiyəni özbəöz vətəni kimi sevən bizlər bu yanlışları illərcə ələşdirdik, yanlış hesab etdiyimiz siyasəti kəskin tənqid etdik. Fəqət bu gün dünyanın dörd bir yanından Türkiyəyə basqı varsa, onun zəiflədilməsi istiqamətində alçaqca iş aparılırsa, bunun faturasını Ərdoğana kəsmək ədalətli yanaşma deyil. Türkiyədə ona görə terror olmur ki, Ərdoğan iqtidardan getsin. Türkiyə canlı bombaların hədəfinə ona görə gətirilir ki, bu ölkə zəifləsin, İraqın, Əfqanıstanın gününə düşsün. Türkiyə kimi qüdrətli, azman bir dövlətin varlığı dünyaya ağalıq etmək iddiasında olanları rahatsız edir. Türkiyə zəiflədilsə, parçalansa, bölünsə, Azərbaycanın da varolma şansları minimuma enəcək. Tək dəstəkçimiz, gerçək müttəfiqimiz, əsl dostumuz Türkiyə Cümhuriyyətidi. Onu iqtidarlara görə yox, məhz Türkiyə olduğuna görə sevdik, sevirik.
Sevgimizi və dualarımızı Türkiyəmizdən əsirgəməyək.