“Rusiya Ermənistan və Azərbaycan arasında hərbi balansı pozub. Rusiya bu addımları davam etdirir”.
ANS PRESS-in məlumatına görə, bu sözləri Ermənistan parlamentinin “İrs” partiyasından olan deputatı Zarui Postancyan İrəvanda keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Rusiyanın Azərbaycana satdığı hücum silahının cəmi məbləği 5 milyard dollardan çoxdur. “Bəyanatlar verilir ki, silah satışı davam edəcək. Rusiya Azərbaycan və Ermənistan arasında 2014-cü ilə qədər olan hərbi balansı pozub”.
Müxalif millət vəkili ötən il Rusiya və Ermənistan arasında silah alışı ilə bağlı razılaşmaya da toxunub. O, deyib ki, 200 milyon dollar məbləğində kredit Azərbaycan və Ermənistan arasında pozulan hərbi balansın bərpası üçün ayrılıb. “Ancaq silahların Ermənistana veriləcəyi məlum deyil. Mən əminəm ki, bu silahlar Ermənistana verilməyəcək. Biz anlamalıyıq ki, birtərəfli siyasət bizim maraqlarımıza əsaslanmır. Əksinə təqdirdə biz müstəqilliyimizi güzəşt etməməli olacağıq”, – Postancyan bildirib.