İqbal Ağazadə: “Bizi narahat edən məqam yoxdur”; Mirmahmud Mirəlioğlu: “Bəlkə elə bir fəaliyyətlə məşğul olacaq ki, hamı ona əhsən deyəcək”
Sərdar Cəlaloğlu: “Bizim elektorata şərik çıxa bilməyəcək”
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun azadlığa çıxmasına 4 ay qalır. Həmin müddət yaxınlaşdıqca keçmiş nazirin ətrafında siyasi müzakirələr də qızışır. Əksəriyyət o, azadlığa çıxdıqdan sonra Azərbaycanda siyasətin rəngarəng olacağını düşünür.
İnsanov böyük ehtimalla, məhbəs həyatından sonra aktiv siyasətlə məşğul olacaq. Onu bu addımı atmağa həm də bəzi məqamlar vadar edir: 11 ildir həbsdə yatan sabiq nazirin hakimiyyətlə çəkməli olduğu hesablar var. Üstəlik, qərbi azərbaycanlılar arasında hazırda onun qədər nüfuzu olan ikinci siyasət adamı yoxdur. Bu baxımdan İnsanovun azadlığa çıxması ölkə iqtidarına ciddi başağrısı da ola bilər.
Maraqlıdır ki, müxalifətə də onun azadlığa çıxması əslində sərf etmir. Belə ki, on illərdir siyasətlə məşğul olanlar İnsanovun kölgəsində qalacaqlarından ehtiyatlanır. İnsanovun hazırda ölkənin ana müxalifət partiyalarından sayılan Müsavat və AXCP-yə üz tutmayacağı isə indidən bəllidir. Onun xarakteri buna imkan vermir, yəni kiminsə bayrağı altına keçməyəcəyi məlumdur. 11 il həbsdə qalan eks-nazirə müxalifət daxilində ciddi rəğbət də var. Bunu da müxalifət liderləri bilməmiş deyillər. Onlar fərqindədirlər ki, İnsanov müxalif qurumların daxilindən də ətrafına tərəfdarlar toplaya bilər. Bu isə onsuz da böhran yaşayan siyasi qurumların daha da zəifləmələrinə səbəb olar.
Ümid Partiyasının sədri İqbal Ağazadə bildirdi ki, arzularının reallaşması üçün kiminsə həbsdə qalmasına razı deyil: “Həbsdə olan hər kəsin Allah qapısını açsın. Məhbus olan bir kəs barəsində arzularım reallaşsın deyə, kimsə həbsdə qalsın kimi niyyətim yoxdur. Düşünürəm ki, hər siyasi liderin və partiyanın baxış və düşüncələrinə, proseslərə yanaşmalarına görə elektoratları var. Heç kim digərinin elektoratına sahib çıxmır. Bu məsələdə də Ümid Partiyası olaraq bizi narahat edən heç bir məqam yoxdur”.
KXCP sədri Mirmahmud Mirəlioğlu sabiq nazirin azadlığa çıxmaq haqlarının olduğunu söylədi: “Həbsdə olan birisinin azadlığa çıxmasını ağlı başında olan, insafı, vicdanı olan hər kəs arzulayar. Kimsənin ailəsindən, dostlarından ayrı düşməsi yalnız nadan, qərəzli insanların marağında ola bilər. O cümlədən Əli İnsanovun azadlığa çıxması onun doğal haqqıdır. Allahdan arzu edirik ki, hər kəs azad olunsun. O ki qaldı kiminsə başqalarının yerini dar etməyinə, bizim burada elə bir əndişəmiz, narahatçılığımız yoxdur. Yalnız ağıldan kəmlər bu cür düşünə bilərlər ki, filankəs azadlığa çıxacaq, meydanımı dar edəcək. Azərbaycanda siyasi fəaliyyət göstərməyə o qədər geniş meydan var ki, burada minlərlə adam yerləşə bilər. Sadəcə, cəsarət istəyir ki, bu şəxslər siyasi fəaliyyətlə məşğul olsunlar. Belə demək mümkündürsə, könlü dar olanların, naqis düşüncəli şəxslərin uydurması ola bilər. Allah onun qapısını açıq eləsin, hər kəs azadlığına qovuşsun, hər kəs də istək və arzularına çatsın. Burada, açığı, qeyri-adi heç nə gözləmirəm. Əli İnsanov da Azərbaycan vətəndaşıdır. Bəlkə kimsə narahatdır ki, o azadlığa çıxdıqdan sonra ümumiyyətlə, heç bir siyasi fəaliyyətlə məşğul olmayacaq. Yaxud elə bir siyasi fəaliyyətlə məşğul olacaq ki, hamı ona əhsən deyəcək”.
ADP sədri Sərdar Cəlaloğlu da narahatçılığa heç bir əsasın olmadığını bildirdi: “İnsanov Azərbaycan müxalifətinin təmsilçisi deyil. O, iqtidarın təmsilçisi olub və iqtidardaxili intriqalara görə həbs olunub. Onun demokratik müxalifətçilik təcrübəsi yoxdur ki, bundan istifadə edib, digər demokratik qurumlardan önə çıxsın. Açığı, onun liderliyini qəbul edib, ətrafında birləşəcək qüvvələr də yoxdur. Bu baxımdan o ideyaların haradan çıxdığı bəlli deyil. O, azadlığa çıxıb müxalifyönlü şəxsləri ətrafına toplaya bilər. Bu zaman hansı nəticələr qazanacağını gələcək göstərər. Onun azadlığa çıxmasında nə müxalifətin narahatçılığını başa düşürəm, nə də belə bir fakt var. O çıxarsa, qorxarıq kimi düşüncələrimiz yoxdur. Qərbi azərbaycanlılar Etibar Məmmədovun simasında bir neçə dəfə AMİP və digər güclü qurumlar yaradıblar. Özlərinin siyasi güclərini, potensiallarını realizə ediblər. Bundan sonra onların simasında hansısa güclü bir siyasi qurumun yaranması mümkün deyil. Bundan sonra nə partiya yaranacaqsa, güclənəcəksə, o, ümumi Azərbaycan partiyası olacaq. Çünki son 30 ildə qərbi Azərbaycan dediyiniz elektorat mahiyyətini dəyişib. Belə ki, özlərini Qərbi azərbaycanlılar sayan böyük bir kəsim dünyasını dəyişib. Yerdə qalanlar isə Azərbaycanda doğulublar, buranın adət-ənənəsi ilə böyüyüblər. Qərbi Azərbaycanda doğulan ən kiçik şəxsin artıq 30 yaşı var. Bu baxımdan deyilən variantlar yoxdur. Sadəcə, İnsanov hansı siyasi şüarı verəcəksə, ona uyğun da ətrafında müxalif kəsim toplana bilər. İdeologiyamız ortadadır. Kim müdafiə edəcəksə, onlar artıq bizimlədir. Başqa xətt tutanlar başqa şəxsləri də cəlb edəcəklər. Bizim elektorata şərik çıxa bilməyəcəklər”.
“AĞ blok”un lideri Tural Abbaslı sabiq nazirin həbsdə göstərdiyi dirənişin və uzunmüddətli həbsdə qalmasının xalq arasında nüfuzuna ciddi təsir etdiyini qeyd etdi: “Onun həbsdə olduğu son 11 ildə müxalifət mövqelərini itirə-itirə gəlib, siyasi proseslərə təsir etmək gücündə deyil. Bunların fonunda hakimiyyətin içərisində olmuş, həbsdə kəskin mübarizə apararaq, sınmayan bir şəxs maraqla izlənilir. Onun bəlli bir regionun ağsaqqalı kimin qəbul olunması məsələsi də var. Bu amil avtomatik elektoratın olmasına səbəbdir. Onun hakimiyyət daxilində də nüfuzu var. İqtidarın ondan çəkinməsinin əsasları da var. Bu baxımdan anlamaq olur. Amma siyasi çevrəni dəyişəcək, bataqlıdan çıxaracaq gücdə olan birisinin meydana çıxmasında müxalifət maraqlı olmalıdır. Çünki xalqın istəklərini yerinə yetirə bilmirlər. İnsanov bunları edəcəksə, müxalifət buna sevinməlidir. Hakimiyyətin göstərdiyi münasibət haqqıdır. Şəxsən onun azadlığa çıxmasının və proseslərə qoşulmasının tərəfdarıyam. Rəqibə qarşı yeni cəbhənin açılmasının ziyanı yoxdur”.
Musavat.com