Avstriyanın paytaxtı Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarqsyan arasında Dağlıq Qarabağ münaqişəsi zonasında 1990-cı illərin ortalarından bu yana ən qanlı döyüşlərin getdiyi aprel hadisələrindən sonra keçirilən ilk görüş başa çatıb.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, danışıqlarda ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrləri, həmçinin Rusiya və Fransanın xarici işlər nazirləri Sergey Lavrov və Jan-Mark Eyro və ABŞ-ın dövlət katibi Con Kerri iştirak edib.
****
Musavat.com xəbər verir ki, Rusiya xarici işlər naziri S. Lavrov görüşdən sonra Rossiya 24 kanalına verdiyi açıqlamada deyib ki, prezidentlərin iyunda yeni görüşünün vaxtı müəyyənləşdiriləcək. Tərəflər atəşkəsin davam etməsində razılaşıblar.
****
Axar.az saytı isə xəbər verir ki, Lavrov görüşün nəticəsi olaraq ATƏT-in Qarabağdakı insidentin araşdırılması ilə bağlı konkret addımlar atacağını bildirib: “Düşünməyə əsas var ki, Azərbaycan və Ermənistan Qarabağ münaqişəsində kompromisə meyillidirlər. Biz bundan istifadə edəcəyik”.
****
APA xəbər agentliyinin verdiyi məlumata görə, görüşdə iştirak edən Rusiya XİN rəhbəri Sergey Lavrov bəyan edib ki, Vyanada Dağlıq Qarabağ üzrə danışıqların iştirakçıları regionda 1994-95-ci il sazişi formatında atəşkəsə əməl olunacağına dair razılığa gəliblər.
“Tərəflər güzəştlərin axtarılmasının lehinədirlər və bu güzəştlərin ifadə edilməsinə kökləniblər Biz isə öz növbəmizdə, buna imkan yaradacağıq. Razılığa gəlinib ki, iyun ayında Azərbaycan və Ermənistan prezidentləri növbəti danışıqların yerini və vaxtını təyin etsin və Qarabağ probleminin nizamlanmasının son parametrləri üzrə işlər davam etdirilsin”, -deyə S.Lavrov bildirib.
****
Azərbaycan və Ermənistan prezidentləri münaqişə zonasında vəziyyətin gərginləşməsindən sonra Vyanada keçirilən ilk görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər.
“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun məlumatında bildirilir.