Rusiyanın baş nazirinin müavini Dmitri Roqozin gələn həftə mayın 17-də Bakıya səfər edəcək.
Virtualaz.org xəbər verir ki, bu haqda “İnterfaks-Azərbaycan” məlumatlı mənbəyə istinadən bildirir.
“Rusiya baş nazirinin müavini Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaq. Səfər çərçivəsində Rusiya prezidenti Vladimir Putinin may ayının sonlarında Bakıya gözlənilən səfərinə dair hazırlıq işləri müzakirə olunacaq”-mənbə bildirib.
Gözlənilir ki, Roqozin Bakıda Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti də müzakirə edəcək. Xatırladaq ki, onun səfəri Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında Minsk Qrupu həmsədri olan ölkələrin xarici işlər nazirlərinin vasitəçiliyi altında keçiriləcək danışıqların ertəsi gününə təsadüf edəcək.
Roqozin Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının həmsədridir, eyni zamanda Rusiya hökumətində hərbi sənaye kompleksini kurasiya edir. O, mart ayında Bakıya qəfil səfər edib və Rusiyanın Azərbaycana silah satışına dair müqavilələrin yerinə yetirilməsində yaranmış problemlə bağlı danışıqlar aparıb. Problem aradan qaldırılıb. Virtualaz.org-a məlumat verən mənbələr bildirir ki, Azərbaycan Rusiyadan növbəti iri partiya silah və hərbi texnika sifariş verməyə hazırlaşır. Çox güman ki, Roqozinin səfərində bu məsələ də müzakirə olunacaq.
Aprelin əvvəllərində Qarabağda gedən hərbi əməliyyatlar zamanı Ermənistanın Rusiyanın Azərbaycana silah satmasına etirazlarına cavab olaraq Roqozin erməni tərəfinə sərt reaksiya vermişdi. O, bildirmişdi ki, belə bəyanatlar demaqogiyadır. Əgər Rusiya Azərbaycana silah satmasa onun yerini dərhal NATO ölkələri tutacaq.