Bir neçə gün əvvəl Bakının Nəsimi rayonunda törədilmiş qətlin üstü açılıb.
Musavat.com-un məlumatına görə, aprelin 23-də Bülbül prospektində tüfeyli həyat keçirən 36 yaşlı Cavadov Ruslan Çingiz oğlunun meyiti tapılıb.
Hüquq-mühafizə orqanları əməkdaşlarının apardığı ilkin müayinə zamanı Ruslan Cavadovun meyitinin üzərində çoxsaylı xəsarətlər aşkarlanıb.
Araşdırmalar zamanı müəyyən edilib ki, onu öldürənlər küçələrdə səfil həyatı sürən şəxslər olub. Belə ki, binanın həyətində yaşayan Ruslan Cavadovla Astara rayon sakini Azad Mürsəlov və Babək rayon sakini Lətifə Zamanova arasında mübahisə yaranıb. Dava-dalaş zamanı Azad Mürsəlov və Lətifə Zamanova vintaçanla Ruslan Cavadovun boğaz nahiyəsinə bir neçə zərbə endirib. Xəsarətləri ağır olan 36 yaşlı kişi hadisə yerində dünyasını dəyişib.
Qeyd edək ki, qətlə yetirilən Ruslan Cavadov əvvəllər Cinayət Məcəlləsinin 181-ci (Quldurluq) maddəsi ilə məhkumluq həyatı yaşayıb.
Qətlin istintaqı Nəsimi rayon Prokurorluğunda aparılır.