ABŞ-ın Kaliforniya ştatının sakini Ceremi Miks bir anda dünyaca məşhur şəxsə çevrilib. O, ötən həftə həbsxanadan azad olunub.
Milli.az “BuzFeed”ə istinadən bildirir ki, Ceremi Miks 2014-cü ildə Stokton şəhərində oğurluq və quldurluqda suçlanaraq həbs olunmuşdu. Şəhərin polis departamenti facebook-dakı səhifəsində həbs edilmiş digər məhbuslarla yanaşı, Miksin də fotosunu yerləşdirmişdi. Miksin fotosu sosial şəbəkədə peyda olan kimi sürətlə yayılmış, məşhurlaşmışdı.
İş o yerə çatmışdı ki, onunla dünyanın ən məşhur brendləri və model agentlikləri maraqlanmağa başlamışdı. Nevada ştatındakı həbsxanada cəza çəkmiş Ceremi indi azadlıqdadır, onun agenti və İnstagramda profili də var. Cereminin agenti Cim Cordanın dediyinə görə, moda brendləri və model agentliklərindən onlarla təklif alıblar.
“Həmin təklifləri saf-çürük edir, dəyərləndiririk. Ceremini kinofilmlərə də çəkmək istəyirlər. Əminəm ki, Ceremi çox qısa müddətdə milyonlarla dollar pul qazanacaq”, – Cim Cordan deyib.