AzNews.az xəbər verir ki, polkovnikin gözlənilmədən vəzifəsindən kənarlaşdırılmasına səbəb onun rüşvət alması barədə səhih informasiyaların verilməsi olub. Guya, o, kursantlara uçuşlarda, hərbi təlimlərdə iştirak etmək üçün lazım olan tibbi müayinə kağızlarını müəyyən maraqları qarşılığında verirmiş. Bunla bağlı Kadrlar İdarəsinin rəisi Elşad Niyazov Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirovun qarşısında məsələ qaldırıb. İnformasiya təsdiqini tapandan sonra isə onun vəzifədən azad olunması barədə nazirə təqdimat yazılıb.
Maraqlıdır ki, polkovnikin əməllərində aşkarlanan nöqsanlarda cinayət tərkibi olsa da, bununla bağlı prokurorluğa məlumat verilməyib. Sadəcə “Yoldaşlıq Məhkəməsi” çağırılaraq, onun nöqsanları sadalanıb və aşağı vəzifəyə təyin olunması barədə yuxarı instansiyaya müraciət ünvanlanıb.
Qeyd edək ki, H.Əsgərov komandan Ramiz Tahirovla yaxın dostdur. R.Tahirov Hərbi Hava Qüvvələrinin komandanı təyin olunan kimi Naxçıvan hərbi birləşmələrində xidmət aparan Hörmət Əsgərovu öz yanına gətizdirib, onun rütbəsini artıraraq, rəis vəzifəyə təyin etdirib. Lakin görünür, Hörmət Əsgərov nə ƏSGƏRƏ, nə də göstərilən diqqətə HÖRMƏT qoymağı bacarmayıb.