Türkiyə və Rusiya arasında yaranan böhranda Moskvanın aqressiyası daha qabarıq şəkildə görünür. Halbuki, hava məkanı pozulan Türkiyədir və beynəlxalq təcrübəyə görə, vurulan Təyyarə Rusiyaya məxsus olsa belə, Moskva üzr istəməli idi. Yaxud ən azından məsələ bu səviyyəyə qalxmamalı, problemlər dialoq yolu ilə həll olunmalı idi. Lakin bu baş vermədi və Rusiya Türkiyəyə siyasi və iqtisadi savaşa başladı. Hansı ki, bu savaş ruslar üçün milyardlarla dollar ziyan deməkdir. Təkcə rusların Türkiyədə inşa etdiyi “Akkuyu” AES layihəsindən Moskva 39 milyard ABŞ dolları itirə bilər. Həmçinin Qərb koalisiyası ilə üz-üzə gələn Rusiya üçün NATO ölkəsi olan Türkiyə ilə siyasi münasibətlər də olduqca vacibdir. Əslində Moskva Qərbin sanksiyaları qarşısında indiyə qədər məhz Türkiyənin hesabına ayaq üstə dayana bilmişdi. Bu baxımdan, dünyada ilk dəfə olmayan bir təyyarə hadisəsinə görə Kremlin sərt mövqeyindən əl çəkməməsi diqqətçəkəndir.
Bəli, təyyarə böhranı geosiyasi oyunda Qərbin, konkret desək, ABŞ-ın əlinə işləyir. Amma Rusiyanın bunu bilə-bilə özünü Türkiyə alovuna atması suallar yaradır.
Rusiya “məbədinə girən yad insanı” cəzalandırır
Rusiyanın aqressiyası hər şeydən öncə Putin administrasiyasının rus ictimaiyyəti qarşısında hesabat verməsi deməkdir. Çünki onilliklər boyu Rusiya öz ətrafında “toxunulmazlıq” dekorasiyası yaratmışdı və Türkiyənin bu dekorasiyanı dağıtması Kremldə böyük qıcıq yaradıb. Belə demək mümkünsə, Rusiya “məbədinə girən yad insanı” cəzalandırır. Digər tərəfdən, bu, Kreml rəhbərliyinə ciddi iqtisadi çətinliklə üzləşən rus xalqı qarşısında xarici düşmənin qəddarlığı obrazını yaratmaq imkanı verdi. Bu obraz xalqın birləşməsi üçün tarix boyu sınaqdan keçirilib. Lakin aqressiyanın səbəbləri bununla bitmir. Əgər belə olsaydı, maksimum bir həftə ərzində yalnız sərt bəyanatlarla kifayətlənərdilər. Görünür, Rusiyanın aqressiyasının altında başqa amillər də yatır.
Beş strateji nöqtədə savaş
SSRİ dağılandan sonra vaxtilə çar və sultanın mübarizə apardığı strateji nöqtələr uğrunda savaş yenidən başladı. Xüsusilə Ərdoğan hakimiyyəti illərində Türkiyənin xarici açılımını təkcə İsrail deyil, Rusiya da təhlükə olaraq görməyə başladı. Bu baxımdan, Avrasiya qitəsinin bir çox bölgəsində ruslarla türklərin rəqabəti ciddi şəkil aldı.
Qafqaz:
Türkiyə ilə Rusiyanın Qafqaz uğrunda mübarizəsi hələ sultan və çarın dövründən var idi. Daha sonra bu mübarizədə çarın xələfləri önə çıxdı, SSRİ dönəmində də Türkiyə bölgəyə təsir edə bilmədi. Vaxtilə Turqut Özal türkdilli dövlətlərlə, o cümlədən Qafqaz xalqları ilə mədəni yaxınlaşma üçün addımlar atırdı. Təsdiqlənməmiş məlumatlara görə, Özalın öldürülməsində bu siyasətin də payı var. Lakin Ərdoğan hakimiyyəti illərində rəsmi Ankara Qafqaz siyasətində yeni dalğa başlatdı.
Azərbaycan
Hər şeydən öncə “Sürix” protokollarına görə Bakı ilə münasibətlər yoluna qoyuldu. İki ölkə arasında qarşılıqlı münasibətlər qardaşlıq səviyyəsinə yüksəldi. İki ölkə arasında strateji müqavilələr imzalandı, hərbi sahədə ciddi addımlar atıldı və Ankara Azərbaycanın təhlükəsizliyində ciddi faktorlardan birinə çevrildi. Azərbaycanın Türkiyə ilə qardaşlıq səviyyəsindəki yaxınlığı isə bu ərazini tarixi maraqları çərçivəsinə daxil edən Moskvanın Qafqaz siyasətinə uyğun gəlmir. Çünki bütövlükdə regionu təsir dairəsində görmək istəyən ruslara görə, bölgəni yalnız Bakının etibarını qazanmaq və onu Qərb yarımkürəsindən uzaqlaşdırmaqla “zəbt etmək” mümkündür. Türkiyə bu yolda maneə hesab olunur, həmçinin, rəsmi Bakının balans siyasətində manevr imkanlarını genişləndirir.
Gürcüstan
Ankara regionun əsas gücü olan Azərbaycanla qardaşlıq etməklə yanaşı, Gürcüstanı da öz təsir dairəsinə almaqda israrlıdır və bunun yolu da Bakıdan keçir. Faktiki olaraq, Gürcüstan Bakı-Ankara kölgəsi altında özünə yer etməkdədir və bu, rusları qıcıqlandırır. Moskva Azərbaycanı tamamilə təsir dairəsinə ala bilmədiyi üçün Gürcüstanı da itirməkdədir.
2008-ci il müharibəsində neytrallıq göstərən Türkiyə sonrakı illərdə Tiflislə münasibətlərdə ciddi dönüş etdi. Acarıstanla bağlı Ankara və Tiflisin mübahisəsi arxa plana keçdi.
Bu gün Gürcüstan ordusunun modenləşdirilməsində Türkiyə mühüm rol oynayır və Ankaranın apardığı hazırki siyasət bölgədə Türkiyə-Azərbaycan-Gürcüstan ittifaqını gücləndirir. 2012-ci ilin 26 sentyabr tarixində Ankara, Bakı və Tiflisin birgə qatıldığı “Sonsuzluq-2012” hərbi təlimi Cənubi Qafqazda yeni hərbi gücün yaranmasının işartıları idi. Həmin ildən başlayaraq, enerji kəmərlərinin təhlükəsizliyi üçün üçtərəfli hərbi tərəfdaşlıq ön plana çıxdı.
Çeçenlər
Lakin hər şey Qafqazın cənubu ilə yekunlaşmır. Türkiyənin bu gün Şimali Qafqaza da nüfuz etməkdə istəkləri açıq görünür. Xüsusilə Rusiyaya qarşı mübarizəyə başlayan çeçenlər Ankaraya ümid yeri olaraq baxırlar. 2000-ci ildə Moskva və Ankara arasında imzalanan müqaviləyə görə, Türkiyə çeçenlərə, Rusiya da PKK-ya dəstəyi dayandırdı. Bundan sonra Moskva Şimali Qafqazı tamamilə nəzarətinə almaq siyasətini yürütdü və müəyyən qədər uğurlu oldu. Lakin “Su-24” böhranından sonra Çeçen İçkerya Respublikası Qurtuluş Cəbhəsi adlı qurumun “Çeçen mücahidlər Türkiyə prezidenti və dünya müsəlman xalqlarının lideri Rəcəb Tayyib Ərdoğandan əmr gözləyirlər” deyə yaydığı bəyanat Moskvaya ciddi siqnal oldu və Ankaranın bölgədə hələ də təsir güclərinin qaldığını göstərdi. Rusiya məhz “Axilles dabanı” olan bu bölgədə Türkiyənin genişlənməsini qəbul etmir və buna aqressiya ilə reaksiya verir. Ümumilikdə Qafqaz uğrunda tarixi rus-türk mübarizəsində Türkiyə qazanan tərəf olaraq görünməkdədir.
Xəzər hövzəsi
Türkiyənin Rusiya ilə maraqları Xəzər hövzəsinin enerji resurslarının Avropa bazarlarına çıxarılmasında da toqquşur. Faktiki olaraq, bu gün Moskvanın enerji siyasətinə zidd olsa da, Avropanın enerji təchizatında Ankara-Bakı faktoru ön plana çıxıb.
Xəzər dənizinin enerji resurslarının Cənubi Qafqaz üzərindən Avropa bazarına çıxarılmasın uğrunda Türkiyə-Rusiya mübarizəsi 1990-cı illərdən başladı. Dünyanın ikinci ən uzun neft boru kəməri olan Bakı-Tbilisi-Ceyhan layihəsinin həyata keçirilməsi ilə Türkiyə bu mübarizədə ilk qələbəsini əldə etmişdi. İkinci üstünlük Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə gəldi. Daha sonra Azərbaycanın əsas müəlliflərindən olan Cənub Qaz Dəhlizi layihəsində Türkiyənin aktiv iştirakı Avropanı Rusiya “əsarətindən” xilasına imkan yaratdı. Ankara Moskvanın irəli sürdüyü “Türk axını” layihəsində tərəddüd etməsi Moskva üçün gözlənilməz zərbə oldu. Əvəzində Türkmənistan qazının Transxəzər layihəsi ilə Bakıya gətirilməsi və məlum kəmərlərlə Avropaya çıxarılması layihəsi irəli sürüldü. Ərdoğanın dekabrın 11-də Aşqabada edəcəyi səfərin əsas məqsədlərindən biri də bu layihənin həyata vəsiqə almasını təmin etməkdir. Rusiya bunun qarşısını almaq üçün əlindən gələni edir, lakin görünən odur ki, Xəzər uğrunda mübarizədə geridə qalan yenə ruslardır.
Orta Asiya
Qafqaz Türkiyənin Orta Asiyaya açılan qapısı hesab olunur. Bu bölgədə rəqabətdə önə çıxan Türkiyə Orta Asiya üzərində təsir imkanlarını artırıb. Söhbət uzaq perspektiv üçün nəzərdə tutulan “Türk Birliyi”ndən gedir. Hazırda türkdilli ölkələr arasında mədəni və siyasi yaxınlaşma ciddi şəkildə artır. Xüsusilə Orta Asiyanın əsas gücü hesab olunan Qazaxıstanla isti münasibətlər Türkiyənin bölgəyə nüfuz etməsinə imkan yaradır.
Hazırda Orta Asiyanın türkdilli ölkələri ilə Türkiyənin siyasi və iqtisadi münasibətləri qənaətbəxş hesab oluna bilər. Bölgə ölkələri üçün Türkiyə iri ticarət tərəfdaşıdır. Digər tərəfdən, SSRİ dağılandan sonra bölgə ölkələrindən tələblərin Türkiyəyə böyük axını var və bu, Ankaran Orta Asiya üzərində “yumşaq güc”ünü təmin edir. Qazaxıstan, Özbəkistan və Qırğızıstan vətəndaşları Türkiyəyə vizasız gedə bilirlər. Türk şirkətləri bölgənin dörd türkdilli ölkəsinə böyük investisiya yatırıb, həmçinin, tikinti kimi bir çox sektorlarda işləri də əsasən Türkiyə şirkətləri həyata keçirir. Ümumi fonda Rusiya Orta Asiyada Türkiyədən daha güclü görünür. Burada sərhəd amili və bölgədə yerləşən Rusiya hərbi bazasının təsiri böyükdür. Lakin Rusiya yaxşı anlayır ki, Orta Asiyaya açılan qapı olan Qafqaz, xüsusilə Azərbaycanda Türkiyənin güclənməsi perspektivdə Ankaranın Orta Asiya üzərində hakim mövqeyə sahib olmasının təməlini yaradır.
Krım tatarları
Rusiya həmçinin, Ukraynadan qopararaq özünə birləşdirdiyi Krımda Türkiyənin maraqlarını təhlükə olaraq görür. Yarımadada rus idarəçiliyini qəbul etməyən Krım tatarları da Türkiyə ümid yeri olaraq baxırlar. Ankara dəfələrlə Moskvanın qarşısında Krımın azadlığı məsələsini qaldırıb və mövzunu beynəlxalq platformalara qədər daşıyıb. Lakin rusların qorxusu təkcə türklərin Krım tatarlarına dəstəyi ilə bitmir.
1783-cü ildə Çar Rusiyası ilə Osmanlı İmperiyası arasında imzalanan Kiçik Qaynarca müqaviləsinə görə, Türkiyə indiki şərtlərdə də yarımadanı öz nəzarəti altına ala bilər. Rusiya II Yelizavetin bu “mirasını” qəbul etmək istəməsə də, bunun bir gün gerçəkləşəcəyindən çəkinir.
Balkanlar
Balkanlarda da Türkiyə-Rusiya qarşıdurması diqqət çəkir. Vaxtilə Osmanlı İmperiyasının tərkibində olan bu bölgədə türklərin təsiri həmişə olub. Osmanlı dağılandan sonra isə bölgəyə Rusiyanın təsiri gücləndi və Moskva Balkanlara həmişə post-sovet məkanı olaraq yanaşır. Lakin Yuqoslaviyadan sonra bölgədə bir neçə müstəqil dövlətin yaranması Türkiyənin bura yenidən qayıdışına imkan yaratdı. “Türk axını” layihəsinin qarşısını almaq üçün ABŞ-ın bölgəyə təzyiq etməsindən sonra isə Makedoniya, Serbiya, Bolqarıstan kimi region ölkələrində Türkiyənin təsir imkanlarının gücləndirməsi perspektivi artdı. Son geosiyasi proseslərin ardından Balkanlar Rusiyanın əlindən çıxmaqdadır. Onun əvəzinə isə Türkiyə bölgəyə girir.
Bu bölgə Türkiyənin Avropaya gedən yeganə quru yoludur. Həmçinin, Balkanlarda hələ də Osmanlı nostaljisi var, eyni zamanda, bölgə əhalisi arasında müsəlmanlıq geniş yayılıb. Rusiya üçün isə Balkanlar Avropaya doğru genişlənmə, yaxud NATO-nun Şərqə doğru genişlənməsinin qarşısındakı baryerdir.
Hər iki ölkə bu bölgəyə böyük önəm verir, lakin son 20 ildə Türkiyənin Balkanlar üzərində təsiri artıb və bu, təbii olaraq Rusiyanın qəbul etmədiyi məqamdır.
Nəhayət, Suriyada Türkiyə-Rusiya toqquşması yaşandı və hazırki gərginliyə qədər davam etdi. Suriya Türkiyənin səssiz şəkildə genişlənməsində Rusiyanın səbir kasasının son damlası hesab oluna bilər. Məhz buna görə də təyyarə böhranı Rusiyanın Türkiyəyə “yerini göstərmək” üçün şans oldu. Belə görünür ki, Rusiya Türkiyəni ən azı 5 strateji nöqtədə “düşmən” gözündə görür və Moskvanın Ankaraya qarşı bu qədər sərt aqressiyasının arxasında da bu dayana bilər.
Asif Nərimanlı