AK PARTI TBMM GRUP TOPLANTISI

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün yenidən Rusiya ilə yaşanan böhrana toxunub, Rusiyanın iddialarına cavab verib. Modern.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Ərdoğan bir daha ölkəsinin İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasından neft aldığı barədə Rusiya prezidenti Vladimir Putinin iddialarına toxunub:

“Rusiya Türkiyənin İŞİD-dən neft aldığı iddialarını sübut etməlidir. Əgər isbat edə bilməzsə, Putin də prezident postunda dayanmasın”.

Ərdoğan qeyd edib ki, Türkiyə olaraq necə Balkanlara, Aralıq dənizinə biganə qalmırlarsa, bu, Suriya üçün də keçərlidir: “Onun üçün də deyirəm: “Rusiya Suriyada nə axtarır?..”. Nəymiş, BMT-nin icazəsi varmış, Əsəd dəvət edincə giriblərmiş… 380 min insanın qatilinin dəvətinə razılıq verməyə məcbur deyilsiniz! Bunu hörmətli Putinin özünə də söylədim. Suriyanın ərazi bütövlüyünə hörmətliyik, amma Suriyada qanuni bir rəhbərlik yoxdur.

Əsəd rəhbərliyi ölkənin 14 faizinə hakimdir. Bizim üçün Suriyadakı qanuni hakimiyyət Suriya rejimi deyil, Suriya xalqıdır. Onları təmsil edən də müxaliflərdir”.

Ərdoğan deyib ki, Türkiyənin neft aldığı dövlətlər bəllidir: “Bu iddiaya ailəmi qarışdırmaq üçün əxlaqsız iddialar irəli sürürlər. Eyni şeyi İran da etdi. “Bu belə davam etsə, bunun əvəzini İran olaraq ağır ödəyərsiniz” dedim. Sonra saytlarından qaldırdılar.

Putin bu iddianı sənədlərlə isbat etsin, mən bu mövqedə dayanmam, amma tərsi də var, isbat edə bilməzsə, özü o mövqedə dayana biləcəkmi? O zaman Putin də hakimiyyətdən getməlidir.

Biz Suriyadakı xalqla eyni coğrafiyada yaşamağa davam edəcəyik. Sabah hər şey sona çatdığında oradakı qardaşlarımızın qarşısına alnımız ağ çıxacağıq”.