Снимок

“Türkiyə hava məkanını pozan rus təyyarəsinin vurulmasıyla əlaqədar əmri şəxsən mən verdim”.

BAKU.WS-in məlumatına görə, bunu Türkiyə baş naziri Əhməd Davudoğlu söyləyib. O bildirib ki, bütün xəbərdarlıqlara məhəl qoymayan hərbi təyyarə Türkiyə Hərbi Hava Qüvvələri tərəfindən vurulub:

“Bizim iqtidarımızda heç kim özünü arxa planda hiss etməyəcək. Şəffaf və aydın bir rəhbərliklə insanlığa xidmət edəcəyik. Hər zəmində uzlaşma və dialoq yolunu açacağıq. Bizim kimi düşünməyənlərlə razılığa gəlməyə çalışacağıq. Bir tək vatandaşımızın belə ürəyinin qırılmasının qarşısını alacağıq. Bu, birliyin və bütünlüyün davasıdır. Bütün regionun gözü üzərimizdədir. Heç bir insanın haqqı, həyat əlindən alınmasın, heç bir ölkənin sərhədlərinin pozulmasını istəmirik”.

Baş nazir bildirib ki, bütün dünya insanlara edilən zülmlərə səssiz qalsa da, bu ölkə, bu Məclis insanoğlunun yanında olacaq: “Biz hər kəsə könlümüzü açacağıq, onları bağrımıza basacağıq. Allah birliyimizi qorusun. Birliyimizi pozmağa çalışanlar həmişə var, amma onlar hər zaman uğursuzluğa düçar oldu. Silahlı qüvvələrə təlimatları mən vermişəm. Türkiyənin quru və hava məkanının pozulması sahəsində qərarlılığımızı bir dəfə daha açıqca ifadə etdik.

Davudoğlu Rusiya ilə iqtisadi-siyasi əlaqələrdən də danışıb. O bildirib ki, Türkiyənin Rusiya ilə iqtisadi, siyasi, ticari əlaqələri son dərəcə güclüdür: “Bu cür hadisələrə fürsət verilməməsi bütün danışıqlarda ortaya qoyulub. Rusiya ilə bir gərginlik yaşamaq dərdimiz yoxdur, ola da bilməz. Rusiya bizim qonşumuz və dostumuzdur. Qarşılıqlı əlaqəyə böyük əhəmiyyət veririk.

Hər dost ölkə ilə münasibətimiz zamanı beynəlxalq hüququ da qorumaq məcburiyyətindəyik. Bütün tərəflər bu gərginliyin səviyyəsini artırmamaq üçün əlindən gələni etməlidir. Türkiyənin heç bir ölkənin torpağında gözü yoxdur. Türkiyə bölgədə hər cür gərginliyə qarşıdır. Rusiyanın hədəf alınması doğru deyil. Ancaq Türkiyənin təhlükəsizliyi üçün hər cür tədbiri almalıyıq”, – deyə baş nazir əlavə edib.