mu_var_4

Azərbaycanlı iş adamı, “Palmali” Şirkətlər Qrupunun sahibi Mübariz Mənsimov adının və şirkətinin İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması ilə yanaşı çəkilməsinə münasibət bildirib.

Modern.az saytı xəbər verir ki bu barədə özünün Facebook səhifəsində yazan milyarder belə xəbərlər yayan jurnalistlərin cavab verəcəyini qeyd edib:

“Ayıb, hansı əsasla belə xəbərlər, belə başlıqlı xəbərlər yazırsınız, sarı media üsulundan əl çəkin! Jurnalist dürüst olmalıdır. Belə xəbərlər yazan jurnalistlər isə məhkəmə qarşısında mütləq cavab verəcək!”

Mətbuatda azərbaycanlı oliqarxın bank hesablarına həbs qoyulması, Amerikanın Federal Təhqiqatlar Bürosu və Narkotiklərlə Mübarizə Agentliyinin “Palmali”nin şübhə doğuran yük daşınması ilə bağlı istintaq aparması, şirkətin ofislərindəki kompüterlərin bütün hard disklərinin götürülməsi, Mübariz Mənsimovun istintaqa cəlb edilməsi və ifadə verməsi üçün ABŞ-a dəvət olunacağı haqqında xəbərlər yayılıb.

İspaniya mənbələrində də İraq Kürdüstanından hazırda İŞİD-in nəzarətində olan Kərkük-Ceyhan neft kəməri vasitəsilə Türkiyənin Ceyhan limanına Bağdad hökumətinin razılığı olmadan nəql edilən neftin Mübariz Mənsimovun tankerləri ilə daşındığını bildirilib.