Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovun adı son günlər KİV-də davamlı olaraq keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudova görə hallanır.
Həmin məlumatlarda bildirilir ki, Əli Əsədovla Eldar Mahmudov çox yaxın olublar. Onların arasında az qala hər gün təmas olub.
Ehtimal olunur ki, Eldar Mahmudovun hakimiyyətdəki qruplaşmasının təmizlənməsi çərçivəsində mövqelərini onsuz da itirmiş Əli Əsədov da işdən çıxarılacaq. Hətta onun həbsi də istisna edilmir.
Əli Əsədov Dövlət Bayrağı Meydanının keçmiş rəhbəri Rəşad Məmmədova görə hakimiyyətdəki mövqelərini itirib. Onun Eldar Mahmudova kifayət qədər yaxın fiqur olduğu çoxdan bəlli idi.
Əli Əsədov mətbuatın onun barəsində yazdıqlarını musavat.com-a verdiyi qısa açıqlamada şərh edib. Və maraqlıdır ki, keçmiş milli təhlükəsizlik nazirinin əleyhinə heç nə deməyib.
Ə.Əsədov bildirib ki, haqqında deyilənlərin heç bir əsası yoxdur: “Bircə onu deyə bilərəm ki, Eldar Mahmudov dövlətin naziri olub, uzun müddət milli təhlükəsizlik naziri postunu tutub. Artıq o, sabiq nazirdir”.
Həbs olunacağı barədə mətbuatda yazılanlara cavab olaraq Ə.Əsədov “mənim həbs olunacağım barədə deyilənlərin əsası yoxdur, cinayət etməmişəm ki, tutulam” cavabını verib.
Qeyd edək ki, prezident İlham Əliyev iki gün əvvəl Şəkidə çıxış edərək keçmiş milli təhlükəsizlik nazirinin və onun qruplaşmasının əməllərinə qiymət verib. Prezident deyib ki, bu adamlar dövlətin adından sahibkarları soyub, talayıb, reketlik edib, əsassız həbslər aparıb, işgəncələr verib.
İlham Əliyev sahibkarlara qarşı törədilən əməllərlə bağlı “dəhşətli faktların üzə çıxdığını” bildirib.
Ancaq göründüyü kimi, prezidentin iqtsadi məsələlər üzrə köməkçisi E.Mahmudovun əleyhinə heç nə deməyib, onun “uzun müddət dövlətin naziri olduğunu” vurğulamaqla kifayətlənib.
Prezidentin köməkçisinin bu bəyanatı təəccüblü deyil. Çünki o, uzun müddət Eldar Mahmudovla yaxın dost olub və onunla bir qruplaşmada yer alıb. Biznesmenlərin boğulmasına yönəlmiş təşəbbüsləri dəstəkləyib. Hətta E.Mahmudovun milli təhlükəsizlik naziri təyin olunmasında da onun xidmətlərinin olduğu bildirilir.
Ona görə də Ə.Əsədovun E.Mahmudovdan açıq imtina etməməsi təəccüblü deyil, onları çox şey bağlayır, o cümlədən ümumi biznes və korporativ maraqlar.
Digər tərəfdən, Əli Əsədov özü də gözdən düşüb, onun irimiqyaslı mənimsəmələrdə və korrupsiyalardakı rolu üzə çıxıb. Hazırda o, formal olaraq prezidentin köməkçisi vəzifəsini yerinə yetirir.
Deyilənlərə görə, hakimiyyətdə çoxları Əli Əsədovun ifşa olunandan sonra könüllü istefa verəcəyini gözləyirdi. Ancaq o, yeni alçaldıcı oyun qaydalarını qəbul edərək faktiki olaraq başqa güc mərkəzinin tabeçiliyinə keçib. Bir vaxtlar qüdrətli köməkçi olan Əsədov indi adi referentə çevrilib…