img1864052

Deputatlığa namizəd Elza Seyidcahanın hücum və təhqirlərə məruz qaldığını iddia etməsi ölkə mətbuatında geniş müzakirələrə səbəb olundu.

Xəbər verdiyimiz kimi, 54 saylı Şabran-Siyəzən dairəsindən namizəd olan əməkdar artist musavat.com-a açıqlamasında bildirmişdi ki, həmin dairənin hazırki deputatı, namizəd Tahir Süleymanov və YAP-ın Siyəzən rayon şöbəsinin sədri Etibar Həmidovun adamları ona qarşı təhqir və təzyiqlər edir, seçicilərinə və ona hədə-qorxu gəlir.

Məsələ ilə əlaqədar 54 saylı Şabran-Siyəzən seçki dairəsinin sədri Saleh Təhməzov AzNews.az-a açıqlamasında bildirib ki, E.Seyidcahan baş vermiş hadisə ilə bağlı sözügedən quruma hər hansı ərizə ilə müraciət etməyib: “Rəsmi qaydada heç bir şikayət olunmayıb”.

“Yeni Azərbaycan” Partiyasının rayon şöbəsinin sədri Etibar Heydərov isə Elza Seyidcahanın iddialarını təkzib edib. O, əməkdar artisti seçki qanunvericiliyini kobud surətdə pozmaqda günahlandırıb: “O, hər yerdə deyir ki, mən Prezidentin namizədiyəm, buna isə biz dillənmirik. Belə şey olmaz. “Yeni Azərbaycan” Partiyasının bir namizədi var, o da Tahir Süleymanovdur. Mən də onun rəsmi şəkildə səlahiyyətli nümayəndəsiyəm. Tahir müəllim bir kəlmə də olsun, bu barədə heç nə demir. Mənim vəzifəm Tahir Süleymanovun təbliğatını aparmaqdır. Elza Seyidcahan partiyanın namizədi deyil. Mən səviyyəsiz adamam bəyəm, ağzıma gələni deyəm? O, mətbuata çox şey deyə bilər, amma bunun heç bir əsası yoxdur.

Bizi dəhşətə gətirən bilirsiniz nədir? Biz həmişə müxalifətlə mübarizə aparmışıq. İndi isə “Yeni Azərbaycan” Partiyasının üzvü bizimlə mübarizə aparır. Bu, qəbul olunmaz hərəkətdir. Mən inanıram ki, partiya onun haqqında tədbir görəcək, onu cəzalandıracaq. Elza Seyidcahan birbaşa partiyanın qərarına qarşı çıxır. Mənim onunla nə işim var, qadındır”.

Qeyd edək ki, bu günlərdə YAP-ın icra katibinin müavini, deputat Siyavuş Novruzov da mətbuata açıqlamasında bildirmişdi ki, parlament seçkilərindən sonra əməkdar artistin partiyada qalıb-qalmaması məsələsinə baxılacaq: “Biz xəbərdarlığımızı etmişik və bildirmişik ki, YAP-ın rəsmi namizədlərinə alternativ olanlarla yollarımızı ayıracağıq”.

Verilən rəsmi açıqlamalara namizəd Elza Seyidcahanın münasibətini öyrənmək istədik. Əməkdar artist aktiv surətdə seçki təbliğat-təşviqat kampaniyası apardığını desə də, suallarımızı cavabsız qoyub.

Xatırladaq ki, E.Seyidcahan “Yeni Azərbaycan” Partiyasının üzvüdür. O, namizədliyini 54 saylı Şabran-Siyəzən seçki dairəsindən irəli sürüb.