ABS

Amerikanın ən populyar mətbuat orqanlarından olan “The Wall Street Journal” 2012-ci ildə İsrailin İrana zərbələr endirməyə hazırlaşdığını yazıb.

Modern.az xəbər verir ki, 2012-ci ildə ABŞ kəşfiyyatı İsrail Hərbi Hava Qüvvələrinin İranın nüvə obyektlərinə zərbələr endirməyə hazırlaşması barədə gizli yazışmalar əldə etmişdi.

Həmin vaxt İsrail aviasiyası bir neçə dəfə İslam respublikasının hava sərhədlərini də pozmuşdu. Rəsmi Vaşinqton yəhudilərin ərazidə xüsusi təyinatlıların iştirakı ilə desant əməliyyatına da hazırlaşdığını öyrənmişdi. Buna görə onlar bölgəyə əlavə aviadaşıyıcı və təyyarələr göndərərək ehtimal olunan müharibəyə ciddi hazırlaşırlar.

“The Wall Street Journal” ABŞ və İsrail kəşfiyyatının bir-birinə qarşı casusluq etdiyi üçün qarşlıqılı etibarın sıfıra düşdüyünü yazır. Məqalədə xatırlanır ki, əgər 2007-ci ildə prezident Obama və baş nazir Netanyahu arasında İran məsələsində vahid mövqe var idisə, 2008-ci ildə hər şey dəyişdi. Respublikaçılar Partiyasının siyasətçiləri İsrail rəhbərini Obamanın ərəbyönümlü siyasət yürütməsinə inandırdılar.

Bu ehtimalları puç etmək üçün Obama 2009-cu ildə Pentaqona İranın Fordo şəhərində yerləşən yeraltı nüvə kombinatını məhv etmək barədə göstəriş verir və Mərkəzi Kəşfiyyat İdarəsinə İsrail “Mossad”ı ilə daha sıx məlumat mübadiləsi aparmağı tapşırır.

Jurnalın məlumatına görə, İsrail kəşfiyyatı İranın maliyyə sisteminin çökdürülməsi və hətta molla rejiminin dəyişdirilməsi ilə bağlı təkliflərinin amerikalılar tərəfindən rədd olunmamasına qıcıqlanırlar.

Digər tərəfdən, Obama İranın nüvə obyektlərindəki kompüterləri iflic etmək üçün hazırlanan “Stuxnet” virusunun internetə sızdırılmasından sonra əməliyyatı ləğv etdirir. Prezident İranın kiber hücuma cavab verə biləcəyi və təhlükəli virusun nəzarətdən çıxaraq dünya iqtisadiyyatına mənfi təsir edə biləcəyi üçün bu addımı atır.

“The Wall Street Journal” gizli əməliyyatların perspektivinin tükəndiyi məqamda İsrailin baş nazirinin İrana qarşı birbaşa hərbi müdaxiləyə meylləndiyini yazır. Amma ABŞ administrasiyası İranın nüvə obyektlərinin İsrail aviasiyası tərəfindən bütünlüklə məhv ediləcəyinə inanmadığı üçün əməliyyat planını qarşısını alıb.

Yəhudi dövlətinin rəsmiləri buna cavab olaraq amerikalılara İran ərazisinə desant çıxararaq nüvə obyektlərini dəqiqliklə məhv edəcək yeni təklif versələr də, rəsmi Vaşinqton bu planı da ciddi qəbul etmir.

Məqalədə qeyd olunur ki, ABŞ Oman ərazisində İran diplomatları ilə gizli görüşlər keçirirdi və bu faktı İsraildən gizli saxlayırdı. Paralel olaraq İsrailin hərbi obyektləri üzərində kəşfiyyat nəzarətini gücləndirən Vaşinqton müttəfiqinin İslam respublikasına özbaşına zərbələr endirəcəyindən ehtiyatlanırdı.

Rəsmi Təl-Əvivin ABŞ-dan “Osprey” pilotsuz aparatı və bunkerləri məhv edən xüsusi bombalar almaq istəyi də cavabsız qaldı. İsrail kəşfiyyatı isə amerikalıların Omanda iranlılarla gizli görüşdüyünü öyrənir.

ABŞ İsrail kəşfiyyatının “altılıq” ölkələri və İran arasında Vyanada tarixi sazişlə başa çatan danışıqlarını da izlədiyini ehtimal edir. Obama İranla nüvə razılaşması imzaladıqdan sonra Netanyahuya rəsmi Tehranın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsinə birgə nəzarət etməyi təklif edir.

Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, nüvə razılaşmasında Qərb dövlətlərinin İranın nüvə obyektlərini istənilən sabotaj və diversiyadan qoruyacağı ilə bağlı öhdəlik də var.

Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Maykl Hayden isə İsrailin İrana hücum edəcəyi halda rəsmi Vaşinqtonun özünü necə aparacağını proqnozlaşdırmağın mümkün olmadığını deyib.