11982537_951232178268254_2044650933_o_6279ef1f9936085598b9d315e047f566

Tanınmış rəqqasə Fatimə Fətəliyevanın lent.az-a müsahibəsini təqdim edirik.

– Fatimə, səni bir yerdə tutmaq olmur. Bu işgüzarlıq haradan qaynaqlanır?

– Bəzən işgüzar xanımlara “kişi kimi işləyir”, – deyirlər. Hərdən də öz-özümüzə deyirik ki, “biz kişi kimi qadınıq”. Amma əslində “kişi kimi qadın” yoxdur. Kişi xasiyyətli qadın ola bilər. Allah məni qadın kimi yaratdı. Amma hərdən öz-özümə deyirəm ki, gərək, mən kişi kimi dünyaya gələrdim. Çünki ata-anama oğul, qardaşıma qardaş olmuşam. Bir qardaşım var, illərdir başqa ölkədə yaşayır.

Zəng vuranda mənə deyir ki, “qardaşım, nətərsən?” Təbii ki, məndə də qadın zərifliyi və zəifliyi var. Tez inciyərəm, tez ağlayaram, tez küsərəm. Əsəbləşərəm, amma 5 dəqiqədən sonra hirsim soyuyar. Ancaq bu 5 dəqiqədə heç kim mənə heç nə deməsin, yoxsa əsəbim 5 il davam edə bilər.

– Heç yorulmursan?

– Əslində çox yoruluram. Bilirəm ki, elə bir gün olacaq, mən yerimdən tərpənə bilməyəcəm. Qəfil özümü çox pis hiss edə bilərəm… Uşaq vaxtı məktəbdə yaxşı oxumurdum deyə atam mənə zarafatla “quş beyin” deyirdi. Qardaşım çox ağıllı idi. Mənsə oğlan kimi böyüyürdüm, dalaşırdım, evi dağıdırdım, qolumu qırırdım. Atam deyirdi ki, “səndən gözüm su içmir”. Məktəbə ancaq geyimlərimi göstərməyə gedirdim. Məni uşaqlıqda yaxşı geyindiriblər. Çox ərköyün idim, təzə nə çıxdısa, birinci mən geyinməliydim. O vaxtlar az hallarda xarici ölkələrə gedirdilər.

Amma mənim valideynlərim o vaxtın biznesmenləri idi. Çox yaxşı, qayğısız böyüyürdüm. Nə zamansa əziyyət çəkəcəyimi, pul arxasınca düşəcəyimi, uşaqlarım, ailəm üçün çalışacağımı düşünmürdüm. Elə bilirdim ki, hər şey necə var elə də qalacaq. Amma bir də görürsən Allah insanı silkələyir və deyir ki, “ayıl!”. Bürclərə inanıram. At ili, qoç bürcündənəm. Bu cür insanlar heç vaxt yorulmurlar, əziyyətə dözən olurlar.

11938967_951232171601588_1414722757_n_1cb1ff376f5d23bdff307d364505820d

– Nə zaman silkələnib ayıldın?

– Öz-özümə çox suallar verirəm. İşim bitəndən sonra bədənim ağrıyır. Maşını sürürəm sakit bir yerə, mahnı dinləyə-dinləyə ağlayıram. Bununla təskinlik tapıram. Öz-özümlə, Allahla danışıram. Elə yoruluram ki… Sonra özümü söyürəm ki, Allaha üsyan etmə. Həyatda o qədər pis gündə yaşayan, nə edəcəklərini bilməyən, başlarını itirən qadınlar var ki… Uşaqları nəsə istəyəndə onu verə bilmirlər, əllərindən heç nə gəlmir. Artıq başqa yolları seçirlər, ya oğurluq, ya da bizim millətə yaraşmayan hərəkətlər etməyə məcbur olurlar.

Min cür əziyyətlə olsa da, çoxları məni qınasa da, mən öz ayaqlarım üzərində durmağı bacardım. Bunu heç yerdə deməmişəm, amma sizə etiraf edəcəm: vaxt var idi cavan qız idim, ailə qurmamışdım. Ətrafımda çoxlu qohum-əqrəba var idi. Bu gün hamısı var, amma heç kim yoxdu. Bir vaxt oldu ki, mən qohumlar üçün qınaq obyektinə çevrildim. Dedilər ki, “Fatimə gərək rəqqasə olmazdı”. Amma illər keçdi, onlar məni tapmaq istəyəndə mən onlardan üz çevirdim. Bugünkü gün də bibim qızları məni axtarırlar, amma mən özüm onlardan uzaqlaşıram. Çünki mən övladım, anamla birlikdə əziyyət çəkəndə yanımızda heç kim yox idi. Şükür ki, qarşıma yaxşı insanlar çıxdı. Bu o demək deyil ki, bir kişi çıxıb mənə sponsorluq etdi. Xeyr! Yaxşı xanımlar çıxdı qarşıma, mənə restoran, şou-biznes mühitində kömək etdilər.

– Demək istəyirsən ki, məcburən rəqqasə oldun?

– Əslində rəqqasə olmaq istəməzdim. Qəşəng oynayardım, rəqs edərdim, amma rəqqasə olmazdım. Bir də dünyaya gəlsəm, rəqqasə olmaram. Tibb Universitetində oxuyurdum. 4-cü kursda təhsilimi yarımçıq qoydum. Təhsilim ödənişli idi, illik təhsil haqqını ödəyə bilmədik. Ailəmizin hər şeyi var idi, amma atam qəfil rəhmətə getdi, qardaşımın böyük problemləri yarandı. Müflis olduq. Öz əziyyətilə ev, maşın alan adamın əlindən hər şey getdi. Biz həyata sıfırdan başladıq. Vaxt var idi ki, qızım Aydan ət istədi, mən onu alıb ona verə bilmədim. Adam boğulur, uşağın yemək istəyir, amma sənin əlindən heç nə gəlmir. Kirayələrdə qaldıq. Pis insanlar da gördüm. İşləmək istəyirdim, amma mənə pis şeylər təklif edirdilər. Mən də istər-istəməz qapını çırpıb getməli olurdum. 20-21 yaşında gənc qız ikən bunları yaşadım.

– Dedin ki, bir də dünyaya gəlsəydin, rəqqasə olmazdın. Bəs hansı peşə sahibi olmaq istərdin?

– Təhsilimi davam etdirərdim. Başqa ölkədə yaşasaydım, hə, rəqqasə olmaq problem deyil. Amma burada, Azərbaycanda rəqqasəliyə yaxşı baxmırlar. İstisnalar da var. Dövlət Rəqs Ansamblı böyük kollektivdir. Orada rəqqas və rəqqasələr var. Onlar xarici ölkələrə gedirlər, böyük yerlərdə çıxışlar edirlər. Amma rəqqasə deyəndə Fatimənin adını çəkirlər. Çünki bütün nəzərlər Fatimədədir. 16 ildir səhnədəyəm. Çox sayda kliplər çəkdirmişəm. Heç bir rəqqasə “Ana Vətən” adlı kompozisiyaya klip çəkdirməyib. Bu klipi Avropa Oyunlarına həsr etdim. Əslində belə işlər görəndə rəqqasə olmağımla fəxr edirəm. Lakin hərdən elə şeylərə rast gəlirəm, qulağıma elə sözlər çatır ki, pis oluram. Rəqqasə olduğuma görə ən çox qızım əziyyət çəkir. Deyir “ana, gərək rəqqasə olmazdın”.

Bizim mentalitet buna imkan vermir. Mən dünya və müxtəlif xalq rəqsləri ifa edirəm. Şərq rəqsi oynamıram. Amma vaxt var idi çarəsizlikdən Şərq rəqsi oynayırdım. Bunlar ömrümün sonunadək məni incidəcək. Kimsə deyə bilər ki, “əcəb edib oynamışam”. Amma mən deyə bilmirəm… Gərək elə olmayaydı…

– Bunlar baş verəndə artıq ailəli idin?

– Elə həmin vaxtlarda ailəm dağıldı. Onlarla bizim heç bir problemimiz yox idi. Amma ailəmin vəziyyətinin pisləşməsi ilə onların da iç üzü açıldı. Demə, onlar məni ata-anamın puluna görə istəyiblər. Mən birinci həyat yoldaşımı sevəndə onun heç nəyi yox idi, nə ali təhsil almışdı, nə də işləyirdi. Deyirdim, soğan-çörək yeyərəm, amma onunla yaşayaram. Mən onlara gedəndən sonra söhbətlər başladı ki, “sənin atan-anan etməlidir, bizə ev, maşın almalıdırlar. Niyə etmirlər?” Mən də gəlib evdə anamın üstünə düşürdüm ki, onlar belə deyirlər, sən etməlisən. Anam yoldaşımı dəri dükanında işə düzəltdi. Ancaq orda da özünü doğrultmadı. Malları satırdı, pullarını sağa-sola xərcləyirdi. Çox böyük sevgi ilə ailə qurmuşdum. Amma o sevgi söndü. O vaxtdan həyatımda ağ-qara zolaqlar bir-birini əvəz etdi.

11973927_951232244934914_2030507806_o_17efcca16bfa3dd167b0259d5f709d1c

– Özünü toparlamaq çətin oldu?

– 18-19 yaşımda mən öz ayaqlarım üzərində durmağa məcbur oldum. Amma gözləmədim kimsə gəlib bizi düşdüyümüz vəziyyətdən xilas etsin. Demədim görəsən, mənə hansı kişi baxacaq? Vaxt olub ki, borclara, faizlərə görə anam özünü asmaq istəyib. Çox əziyyətlər çəkdim. Ancaq Allah mənə yollar açdı. Heç vaxt fikirləşməzdim ki, gözəllik salonum, xınayaxdı mərasimlərinin təşkili ilə məşğul olan şirkətim və böyük komandam olacaq. Çoxları deyir ki, “buna bax, əlində neçə dənə qarpız tutub”. Bacarırsansa, sən də tut. Tutmağı da bacarmaq lazımdır. Bunların hamısını Allahın köməkliyi ilə etmişəm. Belə bir söz var: səndən hərəkət, məndən bərəkət. Amma bicliklə yox, düzgünlüklə.

– Birinci dəfə ailə quranda neçə yaşın var idi?

– 16 yaşımda ailə qurdum. 4-cü mikrorayonda 5 nömrəli məktəbdə Fatimə adlı balaca qız oxuyurdu. Həmin məktəbi bitirmiş oğlan məktəbə gəldi və o qızı, yəni məni gördü. Həmin gündən məni gözümçıxdıya saldı ki, “səni alacam”. Nişanlandıq. Amma bir müddət sonra valideynlərim nişanı qaytardı. Çünki heç yerdə təhsil almırdı, işləmirdi. Nişanlı olan zaman valideynlərim onun və ailəsinin iç üzünü görmüşdü, başa düşmüşdülər ki, onlar bizə uyğun ailə deyil. Mən uşaq idim, anlamırdım. Amma oğlan məni yoldan çıxarıb qaçırtdı. Qaçırtdı deyəndə ki, öz istəyimlə qaçdım. 1995-ci il yanvarın 27-də toyumuz oldu. Noyabrın 20-də Aydan dünyaya gəldi. 1996-cı ilin avqustunda mübahisələr başladı. Sentyabrda atam rəhmətə gedəndə ayrıldım, noyabrda isə rəsmən boşandıq.

– Problem təkcə maddi çətinlik idi?

– Bəli. Ən çox da özünü kobud aparırdı, bizi borclu çıxarırdı, atam rəhmətə gedəndən sonra anamın üstünə qışqırırdı. Hakimiyyəti ələ almaq istəyirdi. Belə şeylər məni ayıltdı. Həm də onun mənə qarşı rəftarları da səbəb oldu. Gözü-qaşı oynayan insan idi. Ayrılandan sonra Bakıdan getdi. Neçə il sonra qayıtdı, barışmağımızı və Türkiyəyə köçməyimizi istədi. Amma anamın burda qalması şərtilə. Mənsə anamı qoyub heç yerə gedə bilməzdim. Mən Şərq rəqsləri ifa etməyə başlayanda o, üzünü bizdən birdəfəlik çevirdi. Mən bunu demişəm, deyirəm də – o insan ən axırıncı adamdır. Artıq Aydanın 20 yaşı olacaq. O, insan öz uşağını saymır. Nə yaxşı ki, mən belə insandan ayrılmışam.

Çünki onun qəlbi yoxdur. İndi imkanlıdır, hər şeyi var, özü üçün bütün şəraiti yaradıb. Amma qızını görmür, görəndə üzünü çevirir. Aydan atasızlıqdan çox əziyyət çəkib. İmkanı olmayan vaxtı gəlib-gedirdi, qızı ilə görüşürdü. İndi yox. Artıq Aydan da başqa cür düşünür. Qızım hər şeyi bilir, başa düşür. Heç vaxt məni qınamır, qınamayıb da. Aydan əslində atasını qınayır. Özü başa düşməsəydi, ürəyində kin qala bilərdi. Amma o, atası ilə görüşdü. 2 il əvvəl özü atasının iş yerinə getdi. Dedi ki, “mənə səndən heç nə lazım deyil. Elə bilərsən gəlmişəm səndən nəsə istəyim. Sadəcə ata qayğısına, nəvazişinə ehtiyacım var”. Atası da söz verdi ki, görüşərlər, danışarlar. Amma sonra telefon nömrələrini dəyişdi, sms-lərə cavab vermədi. Çox soyuqqanlı insandır. Ona görə də qızım onu birdəfəlik sildi.

11973734_951232248268247_419377685_o_239c5fd3d00413bb7e9a9af92e3e5ddb

– Sevgi də bu ailəni xilas etmədi?

– Onu dəhşətli dərəcədə çox sevirdim. Məni ona vermirdilər deyə damarlarımı kəsirdim, dərman içirdim. Amma sevgidən nifrətə bir addımdır. Belə bir məsəl var – tez alışan, tez sönür. Ona görə də qızları tez ərə vermək lazım deyil. 15-16 yaşında qıza “ərə get, qızım”, – demək olmaz. Qızı ərə verməyin ən yaxşı vaxtı 20 yaşdan sonradır. Oğlan da 25 yaşdan sonra evlənə bilər. 19 yaşında oğlan nə başa düşür, nə anlayır ki, ailə nədir? Biz ailə quranda mənim 16, onun 19 yaşı vardı. O yaşda cavan uşaq ailə saxlaya bilər?! Anladım ki, sevgi mənim üçün bir yuxudur. Sevgi deyəndə gözüm önündə həm kədər, həm acı, həm sevinc, ürək açan və açmayan şeylər canlanır.

– Subay olduğun müddətdə evlilik təklifi almışdın?

– Məktəb vaxtından o qədər sevənlərim var idi ki. Çox adam məni istəyib. Uşaq vaxtından mənə “Göyçək Fatimə” deyirdilər. Məndə çox adamın gözü var idi. Başqa ölkədə ailə qurmaq təklifi də oldu. Amma anamı qoyub getmədim. Bunu edə bilməzdim.

– Bəs sonra heç sevmədin?

– Yenidən sevməyim üçün çox uzun zaman keçdi. Sevgi əslində gözəl şeydir. İndi sevirəm, sevilirəm, hörmət edirəm. Artıq dəlisov sevgi deyil. O vaxt sevgi o idi ki, ay Allah, bircə dəfə görərdim onu. İndi məndə belə şeylər yoxdur. Artıq mənim sevgimin içərisində hörmət var. Sevgi mənim üçün tam başqa hisslərdir. Hərdən mən Aydanı sıxıram, suallara tuturam ki, birdən kiminləsə danışar. Heç yerə tək getməyə icazə vermirəm, qoymuram rəfiqələri ilə birlikdə olsun. Əslində bu da pis şeydir. Qızımın həyatına qarışmıram, sadəcə başa salıram, məsləhət verirəm. O, məndən heç nəyi gizlətmir. Ola bilər ki, kimisə sevər. Ona deyirəm ki, suyu da üfür-üfürə iç, sən başı uca olmalısan.

Qoy, sənin uğuruna baxıb dəli olsunlar. Onun kimi xanım-xatın, ağıllı, tərbiyəli qıza onu başa düşən, sevən, hörmət edən, ailəcanlı insan arzu edirəm. İstərdim ki, qızımın çoxlu qohum-əqrəbası və övladları olsun. Hərdən də özümü söyürəm ki, axı o, artıq böyük qızdır, ona müstəqillik vermək lazımdır. Amma nə qədər qoymasan da və ya qoysan da, insanın özündə varsa edəcək, yoxdursa etməyəcək. Qapını bağlayırdılar mən pəncərədən qaçırdım görüşə. Amma o, sevgi deyildi. Anormal bir hiss idi. Kaş, onda valideynlərimin sözünə qulaq asaydım.

– Belə çıxır ki, gələcək kürəkənin qarşısında şərtlər qoyacaqsan?

– Qızı ərə verdiyin oğlanın əlində sənəti, işi olmalıdır. Ana bilməlidir ki, qızına ərə verəndən sonra da ona baxmayacaq, bazarlığı, geyiminə kimi alıb verməyəcək. Ondansa elə qalıb da evdə. Qızın da ali savadı, əlində diplomu olmalıdır. Qoy adi oğlan olsun, amma ailəsinin qədrini bilsin. Qadınla kişi arasında mütləq hörmət olmalıdır. Yaş baxımından da oğlan qızdan yaşlı, başa düşən, qazanan olmalıdır. Onda ailəsinin qədrini biləcək. Amma qadın da qazanmalıdır. Onda bir-birini başa düşəcəklər. Qadın evdə oturub kişi qazananda da problem olur, qadın qazanıb, kişi qazanmayanda da problem olur. Kişi ilə qadının öz cüzdanı olmalıdır. Amma onlar cüzdanlarını bir-birindən gizlətməməlidirlər. Büdcə eyni olmalıdır.

– Özünlə tək qalanda səni nə ağladır?

– 9 ildir tənha deyiləm. İndi mənim arxamda uşağımın atası – həyat yoldaşım dayanıb. Problemlərimi çözməsə də, hər zaman arxamdadır. O, tam başqa sahənin adamıdır. Şou-biznesdən çox uzaqdır. Tək əldən səs çıxmaz. Bu işin də öhdəsindən tək gələ bilməzdim. Qadının da hər hansı işi idarə etməsi üçün hər zaman yanında kişi olmalıdır. Amma hərdən yoruluram. Öz-özümə deyirəm ki, bəlkə bu sahədən uzaqlaşım? Sonra da cavab verirəm ki, yox, olmaz! Nə vaxt yorulduğumu deyirəmsə, onda işim azalır. İşim də azalanda depressiyaya düşürəm, bədənim, sümüklərim ağrımağa başlayır. Rəqs etməyəndə havam çatmır. Sudan çıxmış balıq kimi oluram.

11986140_951232201601585_450353055_o_eb49e01f4c84b15cd604fe8448cff8a0

– İkinci həyat yoldaşın səni sevgiyə necə inandırdı?

– Bunu illərlə görürsən. Tərbiyədən də çox şey asılıdır. O, mənim yanımda düzgünlüyü, yalan danışmamağı, sevgisi ilə inam qazandı. Hər zaman mənə dayaq oldu, pis insanlardan qorudu. Məni sanki çərçivəyə alıb, heç kim mənə toxuna bilməz. O barədə çox xoşbəxtəm. Amma tək olsaydım, məni yeyərdilər. O, məni olduğum kimi qəbul etdi. Məhz o, məni Şərq rəqslərindən uzaqlaşdırdı. Ona görə də ona minnətdaram. Əlbəttə ki, tam xoşbəxtlik heç zaman olmur. İnsanın həyatında hər zaman problemlər olur. Heç zaman heç kimə deyə bilməz ki, “məndən xoşbəxti yoxdur”. Ancaq mən indi ailə baxımından özümü yaxşı hiss edirəm.

– Oğlunu bir müddət gizli saxladın. Buna səbəb nə idi?

– Ailə üzvlərim övladlarımın şəkillərini, onlar haqda məlumatların yayılmasını istəmirdi. Gizlətməyimin səbəbi bunun yalnız özümə aid olmasıdır. Oğlum, qızım mənim şəxsi həyatımdır, bu, heç kimə aid deyil. Əlbəttə ki, mənim övladım dünyaya elə-belə gəlməyib. Mən o cür qadın deyiləm. Bu gün mənim yanımda bir insan var, o da uşağımın atasıdır. Həm də qızım böyüyüb, söz-söhbətdən uzaq olmaq istəyirik. Bir ilə yaxın atası oğlum haqqında danışmağa icazə vermədi. Amma sonra bir az böyüdü, özüm də onu gizlətmədim. Hamı bilir ki, mənim Hüseynim artıq 4 yaşındadır. Ona gözəl kiçik toy etdik. Qızımla ana-bala münasibətimiz də çox yaxşıdır. Onunla rəfiqə kimiyik. Hara getsəm, yanımda olur. O, olmayanda özümü tək hiss edirəm. Baxmayaraq ki, mənə heç bir köməyi dəymir, amma yanımda olmalıdır. Qərb Universitetində Beynəlxalq əlaqələr fakültəsinin 3-cü kursunda oxuyur. Qızım mənim üçün hər şeydir. Ancaq onun xoşbəxtliyini istəyirəm. Allah onun bəxtini gözəl etsin.

11944785_951232298268242_1866679701_n_805141402fcfb532460c6fd53f9b9f43

– Sənətinlə kiminsə qarşısında seçim etməli olmusan?

– Aliyə Ramazanovanın “Çiçəklər” rəqs ansamblının solisti idim. Azərbaycan Dövlət Televiziyasında çıxışlar edirdik. Ailə quranda rəqsi atdım. Birinci həyat yoldaşım rəqsdən uzaqlaşmağımı istədi, mən də uzaqlaşdım. Aliyə xanım məndən incidi, neçə illər danışmadı. Amma sonra rəqsi atdığıma görə peşman oldum və geri döndüm. Yenidən Aliyə xanım mənə kömək oldu. Muğam Teatrında çalışmağa başladım. Dəfələrlə dövlət konsertlərində çıxışlar etdim. Hazırda Daxili Qoşunların Rəqs Ansamblının solistiyəm. İndi mənə deyirlər ki, rəqsi at, amma atmıram. Çünki hələ vaxtı deyil. Rəqssiz yaşaya bilmərəm. Sənətimi sevirəm. Baxmayaraq ki, insanların bəzi sözləri, neqativləri hərdən məni vurur. Amma sənətim olmasaydı, qocalardım. Mənə deyirlər ki, yaşımı vermək olmur. 37 yaşım var, 20 yaşında qız anasına oxşamıram. İnsanın gərək qəlbi gözəl ola, qocalmaya. Qəlb qocalmayanda üz də qocalmır.

– Ümumiyyətlə, ailə sənin üçün nədir?

– Ailə deyəndə gözümün qarşısında gözəl xanım, həyat yoldaşı, övladlar, bir-birini başa düşən kişi və qadın tablosu canlanır. Ola bilər ailədə pul var, hamı qazanır, amma hörmət yoxdur. Bir-birinə hörmət qoyulmayan ailə ailə deyil. Ailə böyük anlamdır, onun qədrini bilmək lazımdır. Mən hazırda övladlarımı daha çox sevirəm, onlara görə canımı verərəm. Gecə-gündüz çalışıram ki, onlar üçün nəsə edim, mən olmayanda bəhrəsini görsünlər. Xanımlar var ki, uşaqlarını düşünmürlər, bütün günü fikirləri həyat yoldaşlarının yanındadır. Məhəbbət onlar üçün birinci yerdədir. Mən o cür qadınlardan deyiləm. Heç vaxt sevgiyə görə başımı itirmərəm. Vaxtında itirmişəm, amma indi itirmərəm. Bir də heç vaxt o səhvi təkrar etmərəm.

11994293_951232271601578_193688731_n_22c25672c928e3d9f3913d8aabb4cfb5