Azərbaycanda icra hakimiyyəti başçısı postuna qadın təyin olunub. Axar.az xəbər verir ki, medianın və ictimaiyyətin diqqətində olan bu hadisə heç də ilk təyinat deyil.
Əslən lənkəranlı olan Dilruba Camalova 1993-2000-ci illərdə Lənkəran şəhər İcra Hakimiyyəti başçısı vəzifəsini daşıyıb. 2000-2006-cı illərdə isə Qadın Problemləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. O, 2009-cu ildə Cəlilabad rayon ərazisində baş verən yol qəzasında dünyasını dəyişib.
1999-2000-ci illərdə Sabirabad rayon İcra Hakimiyyətinə Səmayə Piriyeva rəhbərlik edib.
Sədaqət Qəhrəmanova 1995-2005-ci illərdə Əli Bayramlı (indiki Şirvan) Şəhər İcra hakimiyyətinin başçısı işləyib.
Fidumə Hüseynova 2003-cü ildən 2005-ci ilədək Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini daşıyıb.
İradə Gülməmmədova isə ötən gün Abşeron rayon icra başçısının müavini vəzifəsindən birinci posta yüksəlib. İ.Gülməmmədova Şuşada anadan olub. Tibb Universitetini bitirən yeni xanım başçı Abşeron Rayon Uşaq Poliklinikasında pediatr, daha sonra isə baş həkim işləyib. Bir müddətdən sonra Abşeron Rayon Səhiyyə Şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 10 ilə yaxındır ki, Abşeron Rayon İcra Hakimiyyətində çalışır. Qeyd edək ki, 2012-ci ilə qədər 85 rayon üzrə icra hakimiyyəti başçısının cəmi 35 qadın müavini olub. 2014-cü ildə bu göstərici 78-ə yüksəlib.