Aysel-Elizade-photo

“Bu hadisə Xristianiyada – insanda həmişəlik möhür qoyan şəhərdə ac – yalavac dolaşdığım günlərdə baş verib” 

Knut Hamsunun “Aclıq” romanı belə başlayır. 

Hamsunun qəhrəmanı aldığı xırda-para qonorarla günlərini ötüşdürən, hər sabah “bu günə ümid varmı” sualını özünə verən bir yazardı. Pulsuzluqdan ağac qabığı yeyir, ancaq vaz keçmir,

redaktorlardan təklif gözləyir, tanınacağına, varlanacağına ümid edir. Gözləyir və bir gün uzaqlara yol alan gəmidə iş tapıb şəhəri tərk edir.

Bakı – bizim tək ümidimiz.

Bizim uzaqlara aparan gəmilərimiz yoxdu.

Xəzərimiz var… nə dəniz kimi dəniz, nə də göl kimi göl.

Sonunda əllərimizi yelləyəcək olsaq da burdan gedə biləcəyimizi sanmıram.

Hər addımda stress, qıcıq yaşayırıq. Səbəbi də var.

Nevropotoloqa da getmirəm daha. Adamı çilədən çıxarırlar. Bir faydaları da yox. Kimə gedirsən antidepressant yazıb yola salır.

Birinə getmişdim, “nə işləyirsiz” soruşdu, rejimimə uyğun diaqnoz qoyacaqmış. “Yazıçıyam” dedim.  “Yazıçı ştatı olurmu?” – xəbər aldı.

“Tusi”dən (klinika) aldğım MRT cavabını təpəsinə keçirmək istədim. Özümü saxladım.

Bu da həkimimiz. Sağaltsın deyə gəlmişdim, əsəbləşib getdim.

“Jurnalist Rasim Əliyevi xilas edə bilmədik, heç olmasa indi ləngiməyək. Dövlət baba, bu ölkədə sənin ögey balan yoxdu axı, hamısının qanı qanındandı. Kənan Hacıya kömək lazımdı, vacibdi, şərtdi”

 

İki gün öncə kolleqamız xəstəxanada keçindi. Detalları hamı bilir. Ancaq bir əminliyimiz var –  Rasimi qurtarmaq olardı. Ağır durumda müsahibə verməli deyildi, yaxşıca yoxlanmalı və dərhal əməliyyat olunmalıydı.

Niyə həkim sözü cəllad sözüylə assosiasiya olunur ölkəmizdə? 

Yazmıram çoxdandı. Eyni şeyləri nə qədər yazmaq olar.

Dünən yazar dostum Kənan Hacıya baş çəkməyə getdim. Kənan bəy səkkiz ildi Hepatit C-dən əziyyət çəkir. Ünvanını xəbər alanda “gəlmə, narahat olma” dedi. Durumunun ağırlşadığını öyrəndim, necə gəlmə?!

Manqurtlaşdıqmı, bir insan gözümüzün qabağında əriyib gedir, sakitcə izləyəkmi? Buna nə zaman öyrəşdik, necə bu qədər pis adam olduq.

Xəstəlik, ölüm, haqsızlıq haçandan adiləşdi. Kənan bəyin vəziyyəti ağırdı, ancaq onu xilas etmək mümkündü.

Jurnalist Rasim Əliyevi xilas edə bilmədik, heç olmasa indi ləngiməyək. Dövlət baba, bu ölkədə sənin ögey balan yoxdu axı, hamısının qanı qanındandı. Kənan Hacıya kömək lazımdı, vacibdi, şərtdi.

Nə qədər absurd olsa da adamların bu ölkədə sağlamlıq sığortası yoxdu. Ancaq dövlət hesabına müalicə haqqı var axı.  

Hə, getdim evinə. İkisi yaşayır xanımıyla – iki ziyalı. Xanımı elmi işçidi, dissertasiyasını yazıb hazır qoyub, həvəsi, marağı yoxdu müdafiəyə. Xəstəliyə görə uşaqları da olmur. Evə gəlincə, bu sözləri yazıb dostumuzu incitmək istəmirəm, yalnız  gizlədəcək durum da deyil. Evdə iki adam ayaq üstə dayansa bir-birinə yapışar. Orda yalnız oturmalısan, tərpənməyə yer yox. Belə bir evdə divar büsbütün kitabxanadı. Sarayları olan adamlar gördüm, evində bir kitab tapmazsan. Komasında kitablarının arasında can verən ziyalı gördüm, çox gördüm. Daha görmək istəmirəm.

İnsan nə zaman özünü xoşbəxt hiss edə bilər?

Bir vətəndaş özünü nə zaman xoşbəxt sayar? 

Nə sevgili ilə baş-başa şamda, nə balasını qucaqlayanda, nə sevimli işlə məşğul olanda. Ehtiyac içində çarəsizsənsə balanın üzünə baxmaq özü bir dərddi, sevgilinlə yoxsulluqdan əzab çəkmək özü bir utancdı, zəhmətinin əvəzini görməmək, işinə qiymət almamaq özü bir qubardı. İnsan – vətəndaş yalnız arxasında dövlətini hiss edəndə xoşbəxt olur – bunu bütün məsuliyyətimlə deyirəm. Almaniyadakı dostum Bakıya gəlmək istəyəndə ona “sənədlərin, vizan filan qaydasında olsun, birdən səni hava limanında saxlayarlar” dedim. Cavabında “kim saxlaya bilər, dərhal səfirliyimizə zəng vuraram” söylədi, necə güvənlə həm də. Ona paxıllığım tutdu. Heç vaxt nə havalı kabrioletini qısqandım kiminsə, nə dünyanın bir nömrəli markasından aldığı geyimini. Ancaq ona, o Almaniya vətəndaşı olan dostuma paxıllığım tutdu.

Biz nə istəyirik? İstəyirik adamlar əzab çəkməsinlər bu ölkədə.

“Sarayları olan adamlar gördüm, evində bir kitab tapmazsan. Komasında kitablarının arasında can verən ziyalı gördüm, çox gördüm. Daha görmək istəmirəm”

Mən boy-buxunlu həkimin cibinə pul basanda onun yerinə tər tökürəm. Həm də bilirəm ki, o bu pulu götürməyə məcburdu. Deyə bilirəm? Məcburdu. 

Adam ona görə əziyyət çəkib illərlə təhsil alır ki, gələcəyini təmin edə bilsin. Bizim uşaqlarımız əksini görür. Görür ki, oxumaq, təhsilli olmaq gələcəkdən məhrum olmaq, ac qalmaqdı. Ona görə də oxumur, oxumayacaq da. Cəmiyyətdə oxumuş adam özünü tapana qədər belə olacaq. Sən təhsil sistemində nə quraşdırırsan quraşdır, uşaq oxumağın bir anlamı olduğunu görməsə oxumayacaq.

Yazıçı rəfiqəmlə söhbət edirdik. Dedi, kasıblıq ayıb bir şey deyil filan söyləmək insanları aldatmaqdı. Kitablar, filmlər yoxsulluğa şarm qata bilər, əzabkeş insan obrazı canlandırıb bütün çətinliklərə baxmayaraq qürurlu duruşu ilə bizi təsirləndirən  Məsih xarizmasını, Sizif səbrini, nə bilim, sonradan dünyanın ən varlı “ölü” sünə çevrilən dahi Vinsenti xatırlada bilər. Ancaq ölkəndə sayılmaq üçün mütləq tanışın, arxan, pulun, imtiyazın olmalıdısa, bunlarsız adam yerinə qoyulmursansa, kasıblıq ayıbdı. Çünki hər yerdə aşağılanmış hiss edəcəksən özünü, hər yerdə bir heçlik olacaqsan, utanacaqsan.

Əziz və hörmətli insanlar, üstünüzə kömək üçün gələn, sizdən əl uzatmanızı uman kəsləri geri çevirməyin. Hörmətli səhiyyə naziri, cəmiyyətdə nazir olmaq önəmli məsələdi, ancaq ondan da önəmlisi yaxşı nazir olmaqdı. Sizin insanların yaddaşında qalmaq, gerçəkdən ad, sevgi və uzuuun illər bu yerlərdə rəhmət qazanmaq üçün tarixi şansınız var.

Bu şansı əldən vermək böyük yanlışlıq olar. Lütfən, adamlara kömək edin. Bunu sevə-sevə, böyük ürəklə edin. İnsanların həyatı əlinizdədi. Bu xalqı sağaltmaq sizə tapşırılıb. Biz bu işin çətinliyinin miqyasını bilirik. Ancaq bir məsələ var, siz də bunu bildiyiniz və öhdəsindən gələcəyinə inandığınız üçün o postdasız. Heç kimi zorla vəzifəyə qoymurlar, əksinə olur, hamı özü çalışır bunun üçün. Bu xalqa əl uzadın.

Kənan Hacı keçən il “Vəsiyyətnamə” adlı yazı yazıb. Yazıçı obrazı əlyazmalarını vəsiyyət edir cəmiyyətinə. Kirədə qaldığı otağın sahibi onu çıxarır. O da küçədə gecələməli olur: “Həyətin hasarı yox idi, hasar əvəzi dövrələmə çaylaq daşı düzülmüşdü. Həyətin küncündə hamam üçün nəzərdə tutulmuş, üstü şiferlə örtülü bir tikili vardı, qapısı da yox idi. Həmin gün qapısı belə olmayan o tikilidə gecələyəsi oldum, kitabları döşək əvəzi yerə düzdüm ki, soyuq canıma işləməsin. Elə bil öz əlimlə özümü kəfənləyib qəbrə qoyurdum”.

Bu yerdə Platonovun tabuta girib nəfəsini saxlayaraq ölməkdən başqa çarəsi olmayan obrazlarını xatırladım; Hamsunun aclığını da.

Hamsun aclığı amansız reallıqdı. Hamsun aclığı ziyalı faciəsidi,  insan ümidsizliyidi.  

İnsanlar hələ də aclıq çəkirlərsə, ehtiyac içindədilərsə, sağlamlıqlarına qovuşa bilmirlərsə sivilizasiya kimə gərəkdi? Saysız hesabsız siyasi xadim, məmur, dövlət adamı nə üçündü?

Adamlar bir ömrü adam kimi yaşamayacaqsa, dünya bazarı, iqtisadi anlaşmalar, elmi labaratoriyalar nəyə xidmət edir?