Aysel-Elizade-photo

Başımıza nəsə bəd bir iş gələndə “həyatdı…” deyirik, gör a. Bir də yaxşı şeylərə, gözəl, xoş, zövqlü şeylərə “həyatdı!” deyirik…

Xoşbəxtlik deyirik adına o şeyin…amma “xoşbəxtəm” deyən yox…

Elə ola bilər ki, bir nəsnənin adı olsun, özü yox?

Bir anlayışın adı olsun özü olmasın?

O zaman fəlsəfədə adın birinci, predmetin ikinci yarandığını deyənlər haqlı çıxdı.

“Xoşbəxtlik” məsələn. Söz kimi var, fakt kimi yox.

Mən qızıma baxıb “xoşbəxtəmi” tez – tez düşünürəm. Neyniyək? Hərəmiz bir uşaq doğaq? Yox, bu da deyil. Nədisə başqa şeydi. Xoşbəxtəm üçün uşaq doğmaq çox asandı.

Doğaq – hərfi mənada dedim. Məncə uşaqları olanda kişilər də doğmuş sayılır.

Sən gəl bu gün inan mənə, oxucum. Nə var ki? Nə desəm bu dəfə inan.

Bədbəxtlik sözü, məsələn. Bədbəxtəm də demirik axı.

“Kədərliyəm” deyirik, “pisəm, narahatam, gərginəm, üzgünəm” deyirik.

Belə çıxır ki, bədbəxtlik də yoxdu?…

Bəs nə var?

Kədər var, pislik var, narahatlıq ?

Yəqin ömürlük kədər bədbəxtlik deməkdi. Ömürlük kədər olurmu?

Ömürlük kədər olursa ömürlük sevinc də olmalıdı ideya etibarıyla.

Nəsə bu da alınmır. İndi belə çıxacaq ki, “xoşbəxtlik an məsələsidi” deyənlər düz deyirlər.

Yox əşşi, ətim tökülür bu söhbətə. Yeni bir kəşf kimi ağızlarına mikrofon tutan kimi xoşbəxtliklə bağlı suala “ an məsələsidi” deyirlər hamısı, gic söhbətdi! Kütləvi olan hər şey gicdi.

Bir xanımla müsahibə edirdim, soruşdum: “bədbəxtsən?” Mat qaldı. Dedi, hamı soruşur xoşbəxtsən, sən soruşursan bədbəxtsən? Dedi, bir nəfər xoşbəxtlik haqda nəsə yazmağımı istəmişdi. Ha çalışdım, ha düşündüm, ha gücəndim heç nə alınmadı. Başa düşdüm ki, mənim xoşbəxtlik haqda heç təsəvvürüm yoxdu. Amma “bədbəxtsən” sualına da “hə” deyə bilmərəm.

Xoşbəxt deyilsənsə mütləq bədbəxtsən kimi bir hökm yoxdu.

Bəs nə var axı, nə var? O yoxdu, bu yoxdu, elə deyil, belə deyil…Bəs necədi, nədi, kimdi?

Mənə qalsa, sözdü. Sussan da, çeynəsən də, udsan da – sözdü.

Söz özü qüdrətdi. Söz özü sevgidi. Söz özü nifrətdi.

Sən mənim oxucumsan, anlayarsan, nə vaxtsa gözəl olmuşam, çox gözəl…

Bax, təkcə söz deyil mənaların, anlayışların toplusu.

Mən nə vaxtsa gözəl olmuşam, – bu sözdü. İndiki formam isə sözə gəlmir. İndi üç nöqtəyə çevrilmişəm – çoxqatlı, çoxruhlu, çoxmənalı olmuşam…

Söz həm yazıdı, həm oxu, həm səs. Üç nöqtə – yazıdı. Oxu deyil, səs deyil, sükutdu, düşüncədi. Heç bu da deyil. Üç nöqtə sadəcə anlayışdı.

Üç nöqtə yazıdan insana keçəndə, dilə, həyata, maddi, fiziki dünyaya gələndə dilə gəlmir. Səssizlikdi üç nöqtə, səssizdi.

Üç nöqtənin insanın ağzıyla heç bir əlaqəsi yoxdu. Üç nöqtə – baxışdı-gözdü. Üç nöqtə-yağışdı. Düşüncə, duyğu yağışı. Yaşantılar qaynayır, kənardan içinə axır , buxarlanır , buludlanır, dolursan və bir gün üç nöqtəyə çevrilir…göz yaşıdı üç nöqtə.

Üç nöqtə sözdən sonrakı mərhələdi. Söz deyiləndən sonra nə gəlirsə odu.
Məncə insanın yazıda, qrammatikada ən uğurlu icadımı, ixtirasımı, bax odu.

Elə bilirəm
nə vaxtsa özünü öldürən
Cülyetta
mən olmuşam.
Elə bilirəm
Bütün sevgilərdə yaşadığım halsızlıq
Haqsızlıq
Ondandı.
elə bil hər dəfə
diktə edir üç nöqtə
unutma o andı…
“Bu adam deyil o”,
– hər dəfə diktə edir
qədim üç nöqtə
qop – getsin
qov – getsin…

Biz dünən gedənlərdən, qopanlardan danışdıq.

Bu gün getməyimizdən, qopmağımızdan danışaq.

Nala-mıxa vurmayaq. Bu gün tərk etməyimizdən danışaq.

Necə oldu getdik, necə oldu qopduq, necə oldu tərk etdik – bu qalsın reallığın o biri tərəfində. Bu qalsın gələcək mövzuya. Qalsın bu günün arxasında. Sabahın sonrasında.
Sözüm odu ki, tərk etmə, oxucum, heç vaxt heç kimi tərk etmə. Tərk etmək insana yaraşmaz.

Bütün hallarını anlamaq mümkündü adamın…

İnan mənə, oxucum, inan, ömründə bir dəfə mənə inan. Qoy o, özünü getmiş bilsin.

Qoy o hər şeyi itmiş bilsin.

Sən qal, qoy o getsin.

Nə qədər çətin şeylər var, bir bilsən, iraq olsun səndən. İraq səndən.

İnsan sevdiklərindən uzaqda hər şeyin doğrusunu bilir, düzünü danışır.

Bir şərab şüşəsiylə üz-üzə oturub sənə yazan yazarın indi hamıdan uzaqdadı.

O qədər hamıdan ki, Tanrı indicə dözməyib göydən endi…Buranın adı səhra deyil, buranın adı ölkədi.

Qəribədi…