Şimali Koreya Xarici İşlər Nazirliyinin sözçüsü ölkəsinin İran kimi nüvə danışıqları masasına gətiriləcək bir oyuncaq olmadığını bildirib.
AzNews.az xəbər verir ki, bu haqda məlumatı Şimali Koreyanın rəsmi KCNA agentliyi yayıb.
XİN-in sözçüsü hazırda nüvə silahına sahib olan Şimali Koreyanın vəziyyətinin İranla müqayisədə oxşamadığını, ölkəsinin ABŞ-ın sarsılmaz hərbi və nüvə təhdidi ilə qarşı-qarşıya olduğunu bildirib: “Bizim ölkəmizi nüvə proqramının dondurulması və ya nüvə silahlarının tək tərəfli aradan qaldırılması məsələsini müzakirə etməyə yönəlik bir dialoq maraqlandırmır. ABŞ düşmənçilik siyasətini davam etdirdiyi müddətdə Şimali Koreya öz nüvə missiyasını dəyişməyəcək”.
Sözçünün açıqlaması, Şimali Koreyanın İranla 5+1 ölkələri arasında qəbul edilən anlaşmaya verdiyi ilk rəsmi cavab olub.
Qeyd edək ki, iyul ayının 14-də İranla BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü və Almaniya (5+1) arasında Vyanada keçirilən nüvə müzakirələrində razılığa gəlinib.
BMT Təhlükəsizlik Şurası da müqaviləni təsdiq edən və İrana qarşı BMT sanksiyalarının mərhələli olaraq götürülməsini təşkil edən qətnamə layihəsini yekdilliklə qəbul edib.