1436302334_i

Kremlin Ermənistanın silahlanması üçün bu ölkəyə ayırdığı 200 milyon dollarlıq kredit hələ də müzakirə mövzusudur.

Xatırladaq ki, bu kredit çərçivəsində Ermənistanın “İsgəndər-M” operativ-taktiki raketləri ilə təchiz edilməsinə dair danışıqlar aparıldığı bildirilir.

Rusiyanın hərbi eksperti Aleksandr Qols isə hesab edir ki, Rusiya Ermənistana “İsgəndər -M” raketlərini verməyəcək.

Modern.az saytı xəbər verir ki, hərbi ekspert Ermənistanın 1in.am analitik portalına müsahibəsində bu barədə danışıb.

Ermənistanın “İsgəndər -M”lə təchiz olunacağı haqqında rəsmi informasiyanın yoxluğunu bildirən Aleksandr Qols qeyd edib ki, bütün bunlar yalnız mətbuatın fərziyyələridir.

“Bunlar KİV-lərin ehtimallarıdır. Amma qeyd etmək lazımdır ki, 200 milyon yaxşı məbləğdir. Bu pula belə hərbi texnika almaq olar. Ermənistan buna güclü ehtiyac duyur”.

Ekspert söyləyib ki, Rusiya Ermənistan və Azərbaycanla əlaqələrini balanslaşdırır. “Rusiya kommersiya şərtləri ilə Azərbaycana silah satır. Eyni zamanda, Ermənistanın silah alması üçün ona kredit verir. “İsgəndər-M”ə gəlincə, etiraf edirəm ki, onun Ermənistana satışını şübhə altına alıram. Bu elə növ slahdır ki, bu günə qədər heç kəsə verilməyib. Rusiyanın siyasi və ya başqa məqsədlər üçün bu raketləri Ermənistana verəcəyinə inanmıram. Hesab edirəm ki, söhbət “İsgəndər-E”dən gedir. Bu variant isə ixrac üçün nəzərdə tutulub”,-deyə hərbi ekspert bildirib.

Aleksandr Qols əlavə edib ki, Ermənistan Moskva üçün mühüm müttəfiqdir və Rusiya regionda güc balansını dəstəkləyir. “Həm də Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) çərçivəsində öz öhdəliklərini yerinə yetirir”.

O, Rusiyanın Azərbaycanla Ermənistana fərqli meyarlarla silah satdığını da diqqətə çatdırıb:

“Rusiya Ermənistan kredit verir ki, o Rusiya pulu ilə rus silahına yiyələnsin. Bu kreditin geri qaytarılması isə uzaq perspektivə hesablanıb. Azərbaycanla isə silah satışı təmiz işgüzar əlaqələrə, biznes maraqlarına söykənir”.